CityNet Delta Telecom-dan imtina edir ?

19-02-2016 / 11:52

 Çoxfunksiyalı rabitə strategiyası çərçivəsində Nar ölkənin ən iri sabit internet provayderindən biri olan CityNet-i satın alıb.

Nar-dan Xeberler.az-a verilən məlumata görə, Narıın çoxfunksiyalı rabitə strategiyası, ev və biznes üçün yüksək sürətli və keyfiyyətli sabit internet xidmətlərindən rəqabətədavamlı qiymətlərlə təqdim edilməsini nəzərdə tutan uzunmüddətli proqramdır.Hazırda CityNet Abşeron ərazisində FTTx (fiber optik) və ADSL (Assimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyaları əsasında yüksəksürətli sabit internet və IPTV xidmətlərini təklif edir. 

Bu birləşmə nəticəsində Nar operatorunun mobil həllərinin dəstəyi ilə CityNet inkişaf dinamikasını artırmaq və yeni cəlbedici xidmətlər təqdim etmək imkanı qazanacaq.

Nar genişləndirilmiş, yenilənmiş və rəqabətədavamlı mobil şəbəkəsi sayəsində bütün ölkə boyunca 4G və 3G texnologiyalarına əsaslanan yüksəksürətli mobil internet xidməti göstərir. Mobil operatorun strateji hədəfi etibarlı və yüksəksürətli internet imkanını təkcə mobil telefonlara deyil, eləcə də evlərə və iş yerlərinə çatdırmaqdır. Artıq mobil və sabit şəbəkələrin təkmilləşdirilməsi üçün ciddi sərmayə yatırılıb və gələcəkdə bu sahəyə daha böyük məbləğdə investisiya ayrılması planlaşdırılır.

Nar, sərfəli qiymət və ən üstün xidmət keyfiyyətini təmin etdikdən sonra, “Nar-CityNet” brendi altında CityNet tərəfindən təklif edilən məhsulların siyahısını innovativ telekommunakasiya və əyləncə xidmətləri ilə genişləndirməyi nəzərdə tutur. Bununla da, şirkətlər gələcəkdə müştərilər üçün daha əlverişli və sərfəli şərtlərlə mobil və sabit internet xidmətlərinin birgə təqdim olunduğu paketlər təklif edəcəklər.

Azerfon şirkətinin (Nar ticarət nişanı) baş icraçı direktoru Kent Maknili məsələ ilə bağlı  açıqlama verib:

 “Bu, Nar üçün çox böyük və əhəmiyyətli addımdır. Belə ki, biz xidmətlərimizi sabit internet və pullu televiziya sahəsinə doğru genişləndiririk. Yaranmış yeni vəziyyət müştərilərimizə imkan verəcək ki, onlar bizim üstün keyfiyyətimiz və sərfəli təkliflərimizdən təkcə mobil xidmətlər üçün deyil, eləcə də evlərə təqdim olunan sabit xidmətlər üçün də yararlana bilsinlər. Azərbaycanda ilk dəfə mobil operator müştərilərinə həm mobil, həm də sabit xidmətləri bir brend adı altında təqdim edəcək. Bu, müştərilərimizə innovativ xidmətlərdən maksimum rahatlıqla və ən sərfəli şərtlərlə istifadə etmək təminatı verəcək”.

Öz növbəsində, Uninet şirkətinin (CityNet ticarət nişanı) icraçı direktoru Rasim Kərimov isə bu yeniliyi çox mühüm addım adlandırıb:

“Müştərilərimiz üçün yeni imkanlar yaradırıq. Biz öz xidmətlərimizi genişləndirərək, müştərilərimizi yeni məhsullar və xidmətlərlə sevindirəcəyik”, – deyə o bildirib.

 “Nar-CityNet” Abşeronun böyük hissəsini əhatə edir. Xidmətin istədiyiniz ünvanda mövcudluğunu www.citynet.az saytında yoxlamaq mümkündür. Xidmətə indi qoşulanlar 1 aylıq pulsuz internet və IPTV xidmətindən istifadə etmək fürsəti qazanırlar. Hər bir istifadəçi özünə uyğun tarifi seçərək, yüksəksürətli və keyfiyyətli limitsiz internetdən, həmçinin IPTV xidmətindən ev üçün aylıq 18 AZN, iş yerləri üçün isə aylıq 29 AZN ödəməklə yararlana bilər və beləliklə, çox sərfəli qiymətə əldə etdiyi xidmətdən istifadənin rahatlığını ilk gündəcə hiss edər.

Məlumat verdiyimiz kimi, bir müddət öncə, RYTN və BTRİB ətrafında baş verən hadisələrdən sonra,  CityNet provayderi Uninet-in tərkibinə keçdi. Belə ki, CityNet-in İP TV xidmətlərindən istifadə edənlər də artıq öz televizorlarında  Citynet-in yox, Uninet-in adını görürlər.

Bildiyimiz kimi, Azərbayacana interneti əsasən iki şirkət, Delta Telecom və Azərtelekom şirkətləri gətirir. Qonşu ölkələri də internetlə təmin edən Delta Telecom şirkəti ölkə internetinin 90%-ni təmin edir.  

Nar isə az sayda olan qurumlardandır ki, interneti Delta Telecom-dan deyil, məhz  Azərtelekom-dan alırdı. Uninet və CityNet şirkəti isə indiyədək Delta Telecom -un ölkə üzrə trafikinin 9%-ni, təxminən 20 Gb/s internet alırdı.

 Görəsən bu birləşmədən sonra Uninet və CityNet interneti kimdən alacaq?

CityNet və Uninet Nar-ın tərkibinə daxil olandan sonra, güman ki, interneti də artıq Delta Telecom-dan deyil , elə öz daimi müştərisi olduğu Azərtelekom-dan alacaq. Belə olan halda isə Azərtelekom-un ölkənin internet bazarında xüsusi çəkisi xeyli yüksələcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə