ClimateLaunchpad 2017-nin qalibləri açıqlanacaq

11-07-2017 / 19:16

AMEA Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçirilən dünyanın ən böyük "Yaşıl" biznes ideya müsabiqəsi  "ClimateLaunchpad 2017"-nin iştirakçıları ölkə finalına hazırlaşırlar.

Xeberler.az-ın məlumatına görə, bu məqsədlə həftənin bazar günləri komandalar üçün təlimlər keçirilir. Startapların inkişafı üçün təşkil edilən intensiv təlimlər 5 avqustda baş tutacaq ölkə finalına qədər davam edəcək. Hazırlıqlar zamanı komandalar yerli ekspertlər tərəfindən "ClimateLaunchpad" - in müəyyən etdiyi vacib biznes konseptləri üzərində təcrübə keçirlər.

Bu il ilk dəfə "ClimateLaunchpad" proqramının iştirakçı ölkələri sırasına daxil olan Azərbaycanı müsabiqədə 14 komanda öz təşəbbüskar layihəsi ilə təmsil edir. Dünyada artıq 4-cü dəfədir həyata keçirilən "Climate Launchpad 2017"-nin ölkəmizdəki  rəsmi tərəfdaşı “Social Innovation Lab”dır. Proqramın ölkəmizdə həyata keçirilməsində ən böyük dəstəyi AMEA Yüksək Texnologiylar Parkı (YTP) göstərir.

Proqramın əsas tərəfdaşı - qızıl sponsoru olan AMEA YTP yarandığı dövrdən dünyada mövcud innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, innovativ təşəbbüslərin kommersiyalaşdırılması layihələrinə dəstək verir.  Azərbaycanda "startup" ekosistemini təkmilləşdirmək məqsədilə həyata keçirilən "ClimateLaunchpad" müsabiqəsi ətraf mühitin qorunması və inkişafı ideyasına xidmət edir. Müsabiqədə iştirak edən komandalar  təşəbbüskar ideyalarını məhsula çevirmək, həmin məhsulu kommersiyalaşdırmaq, qlobal bazara çıxarmaq yollarını araşdırırlar. Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Avropa Birliyi İnnovasiya və Texnologiya İnstitutu tərəfindən təşkil edilən yarışmada bu il dünyanın 37 ölkəsi iştirak edir.

Ölkə finalında komandalar "ClimateLaunchpad 2017"-nin də təmsilçisinin iştirak edəcəyi münsiflər qarşısında ilk 3 yeri qazanmaq uğrunda mübarizə aparacaqlar. Ölkə finalında ilk 3 yeri qazanan komandalar 17-18 oktyabr  2017-ci ildə Kiprın Limasol şəhərində keçiriləcək dünya finalında iştirak etmək  hüququ qazanacaqlar.  Dünya finalında hər iştirakçı ölkədən 3 komanda Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. Azərbaycanı 14 startap komandasından finala vəsiqə qazanan 3 startap layihəsi təmsil edəcək. 

Dünya finalında 1-ci yer 10000, 2-ci yer 5000 və 3-cü yer sahibləri 2500 avro pul mükafatı ilə təltif olunacaqlar. Bundan başqa, dünya finalında ilk 10 yeri tutan startap layihəsi kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaqlar. Akselerator proqramında hər bir layihəyə üç mərhələdə  95,000 avro maliyyə dəstəyi verilir.

İntensiv biznes məktəbi olan və təşəbbüskar insanların bir araya gəldiyi beynəlxalq  platforma “Climate-KIC” proqramı 2010-cu ildə Avropa Birliyi İnnovasiya və Texnologiya İnstitutu tərəfindən yaradılıb. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə