“Çox istərdim ki, qadınlarımız İKT sahəsində yüksək vəzifələr tutsun”

29-07-2015 / 14:24

İKT həyatımıza elə daxil olub ki, balaca uşaqdan, qocaya kimi hər kəs yeniliklərlə tanış olmağa can atır.

Xeberler.az  “İKT Qadınlar” rubrikası çərçivəsində “Caspian Telecom” MMC-nin direktor müavini Mahizər Tağıyeva ilə müsahibəni təqdim edir:

-Mahizər xanım, necə oldu ki, İKT sahəsinə marağınız yarandı? Adətən kişilər bu sahəyə maraq göstərirlər.

 -Bu sahəyə gəlməyimin səbəbkarı atamdır. Jurnalist olmaq istəyirdim və çox həvəsli idim. Atam hər zaman deyərdi ki, jurnalistika azad peşədir. İstedadı olan hər kəs axır-əvvəl özünü orada tapır. Atam Fizika sahəsində nailiyyətlər əldə etmiş alimlərdəndir. Texniki sahəyə daha meyilli idi. Mənə də bu sahənin perspektivlərini, necə dinamik inkişaf etdiyini göstərirdi. Gələcəkdə baş verəcək yeniliklər, innovativ proseslərlə yaxından tanış olmaq məni həyəcanlandırırdı. Məktəbi bitirdikdən sonra atamın da məsləhətilə Azərbaycan  Texniki Universitetinin  Radiotexnika fakültəsinə daxil oldum. 
 
-İKT sahəsində iş yeri və vəzifələriniz nə olub?
- Bakı Mərkəzi Teleqrafında  mühəndis vəzifəsindən texniki şöbənin rəisi vəzifəsinə kimi çalışmışam. 2005-ci ildə Caspian Telecom-da Müştəri xidmətləri departmentinin rəhbəri vəzifəsinə dəvət olundum və 2 il burada çalışdım. 5 illik fasilədən sonra isə yenidən həmin şirkətdə indiyə qədər direktor müavini vəzifəsində fəaliyyət göstərirəm.

-Karyeranızın ilk illərində hansı çətinliklərlə qarşılaşırdınız?

-Demək olar ki, bütün işlərim bitirdiyim ixtisas üzrə olub. Bu səbəbdən nəzəri baxımdan heç bir problem yaşanmayıb. Sadəcə əvvəllər texniki sahələrə aid olan kitablar rus dilində olduğu üçün bəzi problemlər yaşayırdım. Və qərara aldım ki, həmin dili öyrənim. Müəllim yanına getmədən, təkbaşına qısa müddətdə rus dilini öyrəndim. Bəzən tədbir, seminarlarda çıxış edəndən sonra məndən soruşurlar ki, məktəbi, universiteti rus dilindəmi bitirmisən? Əzmkarlıq, başladığın işi layiqincə bitirmək məni daha da ruhlandırır və işimə adaptasiya olmağa həvəsləndirir. 
  
-İşinizdə ən sevmədiyiniz xüsusiyyət nədir?

- İşimi çox sevirəm, aludəçisi olmuşam. Özümü başqa sahədə təsəvvür edə bilmirəm. Hər bir peşədə işini sevmək uğur qazanmaq üçün bir amildir. Təhsilim, çalışdığım sahə bir- biri ilə çox bağlı olduğu üçün mərhələ-mərhələ bu yerə gəlib çatmışam. Belə demək mümkünsə, işimlə böyümüşəm.

- İKT sahəsindən əlavə hansısa bacarıqlarınız, yaxud biznesiniz varmı?

- Üzərində çalışdığım layihələrə məsuliyyətlə yanaşıram və bütün diqqətimi işə cəlb edirəm. Hər şeyin mükəmməl olması mənim üçün çox vacibdir. Boş vaxtlarımda gördüyüm işdən də mükəmməlini həyata keçirmək hissi yaranır məndə. Açıq desək, biznesdə uğur qazanacağıma inanmıram, çünki daim işim haqqında fikirləşirəm.

-Tələbəlik illəri. Deyirlər ki, İKT üzrə təhsil alan tələbələr ünsiyyətcil olmurlar. Siz necə, tələbəlik illərində qrup yoldaşlarınızla münasibət qura bilirdiniz?

-Ümumilikdə, mənim insanlarla ünsiyyətdə hec bir problemim olmadığı üçün tələbəlik illərində də qrup yoldaşlarımla münasibətim olduqca səmimi və mehriban idi.

-Səfərlərdə tez-tez olursunuz? Xarici İT tədbirlərdə kişilər yoxsa qadınlar çoxluq təşkil edir?

- Müşahidələrimə əsasən deyə bilərəm ki, İT sahəsində baş tutan tədbirlərdə hələ kişilər üstünlük təşkil edir. Lakin günü-gündən qadınların bu sektora gəlişi artır. Çox istərdim ki, qadınlarımız bu sahədə yüksək vəzifələrdə yer alsınlar. Təəssüf ki, bu iş ləng gedir. Xanımlarımız bu sahənin vacibliyini dərk edirlər, bundan qaçmaq mümkün deyil. İKT həyatımıza elə daxil olub ki, balaca uşaqdan, qocaya kimi hər kəs yeniliklərlə tanış olmağa can atır.

-İKT-nin inkişafında qadınların rolunu necə dəyərləndirirsiniz?

-Bu sahədə çalışan qadınların sayı günü-gündən artmaqdadır. Ancaq məni qane etməyən bir məsələ də var. Təəssüf ki,  İKT-nin belə sürətlə inkişaf etdiyi dövrdə bəzi xanımlarımızın bu sahəyə biganəliyi var və hesab edirəm ki, bu arzu olunmazdır. Aşağı səviyyəli mütəxəssislər kifayət qədərdir. Yuxarı vəzifələrdə isə kişilər aparıcı qüvvə olaraq qalır. İT sahəsində keçirilən ciddi tədbirlərdə qadınlar yox dərəcəsindədir. Bunun səbəbini tənbəllikdə görürəm. Qadınlarımız öz üzərlərində yüksək templə işləmirlər. Doğrudur, İKT sahəsi bir qədər qəlizdir, hər gün yeni məlumatlarla zəngin olur.
 Ona görə, bu sahədə olan insan daima öz üzərində işləməli, hər gün yeni bir şey öyrənməlidir.

-Sosial şəbəkələrdən hansından daha çox  istifadə edirsiniz və səbəbi ?

- Rəhbərlik etdiyim şirkətin İnternet xidməti göstərməsinə baxmayaraq, heç bir sosial şəbəkədə yoxam. İşdə və evdə aktiv şəkildə İnternetdən istifadə etməyimə baxmayaraq, sosial şəbəkələrdə vaxt keçirməyi sevmirəm. Elə düşünürəm ki, vaxt itkisindən qorunmaq üçün beynim belə bir müdafiə mexanizmi yaradıb. (gülür) Virtual yox real ünsiyyətə üstünlük verirəm. Üzbəüz olmasa da telefonla əlaqə saxlamaq fikrimcə daha uğurlu metoddur. Telefonla danışanda emosiyalar, hisslər daha aydın hiss olunur.

- Şirkətin rəsmi Facebook səhifəsində xoşagəlməz şərhlərə rast gəlirsinizmi? Belə olduqda hansı tədbirlər görülür?

- Bəzən belə hallar olur, işçilərimiz şirkətin rəsmi İnternet səhifəsində  müştərilərin xoşagəlməz mesajları ilə qarşılaşır. Əksər hallarda müştərinin haqlı olaraq bildirdiyi irad şirkət üçün faydalıdır.  Bizim vəzifəmiz tənqidi qəbul edib məsələni öz yoluna qoymaqdır. Əgər müştəri hansısa məqamda şirkətin fəaliyyətini tənqid edirsə, deməli problemin həllini gözləyir və buna ümid edir. Nəticədə, problem öz həllini tapır və səhvimizdən nəticə çıxardığımız üçün müştəri bizi tərif edir.

-Mahizər xanım, şəxsi məlumatlarınızın təhlükəsizliyini necə təmin edirsiz?  Elektron məlumatlarınızın oğurlanması və arzuolunmaz müdaxilə halları ilə rastlaşmısınızmı?

- Şirkət olaraq İT təhlükəsizliyimiz şirkətin aidiyyatı əməkdaşları tərəfindən qorunur. Şirkətə məxsus olan rəsmi elektron poçt ünvanından istifadə edirəm və hesab edirəm ki, təhlükəsizliyimiz tam təmin olunub. Bu günə kimi xoşagəlməz hallarla rastlaşmamağımın səbəbi ehtiyatlı davranmağımdır.

 -Sizə kişilərlə yoxsa qadınlarla işləmək daha rahatdır?

- İkt sahəsində kişilər üstünlük təşkil etdiyi üçün, bizim kollektivdə də kişilərin sayı çoxdur. Münasibət qurmaq üçün yaş, cins fərqi yoxdur. İnsanlarla ünsiyyət qurmaq kimi bir problemim yoxdur. Amma deyərdim ki, kişilərlə işləmək daha rahatdır. Təbii ki, qadınların da özlərinə görə üstünlükləri var.

-Qərar qəbul edərkən kiminlə məsləhətləşirsiniz?

- Gənc yaşlarımda bəzi qərarlarımı valideynlərimlə məsləhətləşib verirdim. Müəyyən yaşa çatdıqdan sonra isə qərarlarımı sərbəst şəkildə verməyə başladım. İndi isə əksər qərarlarımı həyat yoldaşımla məsləhətləşib verirəm.

-Necə düşünürsünüz, qadına öz sahəsində uğur qazanmaq üçün nə lazımdır?

- Hər şeyə sıfırdan başlamışam. Uğur qazanmaq üçün sağa-sola baxmaq, diqqəti yayındıran işlərlə məşğul olmaq addımladığınız yolda vaxt itkisinə səbəb ola bilər. Çalışmadan heç bir uğur  əldə etmək mümkün deyil. Bəzən hansısa bir iş alınmayanda bunu bəxtin olmaması, qismətlə əlaqələndirirlər. Mənə görə bu bəhanədir, acizlikdən başqa bir şey deyil. İş həyatında uğur qazanmaq üçün sadəcə çalışmaq lazımdır. Öz uğurumu çalışmaqla əldə etmişəm. 

-İnternetdə hər gün neçə saat vaxt keçirirsiniz?

- Evdə olduğum vaxtlarda belə iş yoldaşlarım zəng edir, mail yazır, iş barəsində məsləhət alırlar. İşimi həmişə diqqətdə saxlayıram. İnternetdən asılı biri deyiləm, lakin kifayət qədər də istifadə edirəm.

-Özünüzün, ya da çalışdığınız şirkətin hansı uğurları, mükafatları olub ?

- Telekommunikasiya sahəsində uğurlu fəaliyyətinə görə  "Uğur 2013" mükafatının qalibi olmuşuq. Bundan əlavə, hər il keçirilən Bakutel sərgisində uğurla iştirak edirik.


 
-Texnologiyanın  müsbət və mənfi tərəflərini nədə görürsünüz ?

-Texnologiyanın müsbət tərəfi çoxdur. Texnoloji vasitələr ünsiyyəti asanlaşdırır, insanların bir-biri ilə qısa müddət ərzində əlaqə yaratmasında böyük rol oynayır. Mənfi tərəfi isə vaxt itkisinə səbəb olmasıdır. Bu da insanın özündən asılıdır.

-İlk mobil telefonunuz və istifadə etdiyiniz nömrə nə olub?
- İlk mobil operatorum Azercell olub. İlk telefonum "Azsensan" markasına məxsus olub. Təxminən 2000-ci illər idi. Azercell mobil operatoru yeni-yeni istifadəyə verilirdi. İlk Telefonum yadıma gəlir, çox ağır idi. Bildiyim qədər, “Aselsan" markası hərbi sənaye məhsulları istehsal edirdi. Telefonum həddindən artıq iri və möhkəm idi. Döyüş sursatına bənzəyirdi (gülür ).

-Mahizər xanım, mobil operatorların keyfiyyəti sizi qane edirmi?

-Mobil operatorların fəaliyyətində əvvəllər bir sıra problemlər var idi. Amma demək olar ki, bu problemlər zaman-zaman öz həllini tapdı. Hazırda istifadə etdiyimiz Bakcell operatorunun keyfiyyətindən çox razıyıq. Müştərilərlə münasibəti daha da peşəkar səviyyəyə çatdırıblar. Ən əsası operativ fəaliyyət göstərirlər.

- Həyatda ən böyük uğurunuz ?

-Nəyinsə olacağına söz verirəmsə onu çalışıram ki mütləq edim. Təvazökarlıqdan uzaq olsa belə, verdiyim söz yazılı sənəddən daha etibarlıdır. Bəziləri  bu xüsusiyyətimə görə mənə “dəmir qadın” deyirlər. (gülür) Həqiqətən də həyatda uğur qazanmağın yolu özünü düzgün dərk etməkdir. Nəyi bacaracağını əvvəlcədən bilməlisən. Qarşına məqsəd qoyub, ona doğru addımlamalı, lakin həyatdan zövq almağı da unutmamalısan. Həyatda qazandığım ən böyük uğurlarımdan biri işimdir. Hər yeni nailiyyət əldə etdiyim zaman məni bu sahəyə istiqamətləndirdiyi üçün atama təşəkkür edirəm. 

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə