Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yeni elektron xidmət

13-01-2017 / 11:02

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və əmlakla bağlı xidmətlər sahəsində daha bir yenilik edilib.

Belə ki, indi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya biləcək.

Xeberler.az-ın məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində (emdk.gov.az) ilk dəfə olaraq "Əmlakın qeydiyyatı Kalkulyatoru" yaradılaraq əhalinin istifadəsinə verilib.

Bununla bağlı Komitə tərəfindən dünən media, qeyri hökumət və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən ictimai təşkilatların iştirakı ilə təqdimat keçirilib.

Tədbirdə çıxış edən komitənin sədr müavini Rafiq Cəlilov bu addımın qeydiyyat xidmətlərində şəffaflığın və maarifləndirmənin daha da artırılması və rahatlığın maksimum təmin edilməsi məqsədini daşıdığı nəzərə çatdırılıb.

Qeyd edilib ki, “Əmlakın qeydiyyatı kalkulyatoru” sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala biləcəklər.

Bildirilib ki, məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərə özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir.

Məlumata göə, bu yenilik vətəndaşa rahat və operativ qaydada əmlakına çıxarış almağa, habelə əmlakla bağlı digər hüquqi əməliyyatları aparmağa daha rasional imkanlar yaradır.

Qeyd edilib ki, indiyədək aparılan islahatlar və tətbiq edilən yeniliklər sayəsində əmlakın qeydiyyatı qat-qat sadələşib. Hazırda tətbiq olunan «bir pəncərə» prinsipi sayəsində fiziki və hüquqi şəxslər öz əmlaklarını yalnız bir ünvana – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməklə rahatlıqla sənədləşdirirlər. Digər sosial tədbirlər sırasında komitənin “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri xüsusilə vurğulanıb. Qeyd olunub ki, bu xidmətlər sayəsində hətta ən ucqar kəndlərdə, qəsəbələrdə belə qeydiyyat xidmətləri vətəndaşlara əlçatan olub. Vətəndaşlara məxsus çoxsaylı mənzillər, fərdi yaşayış evləri, torpaq sahələri respublika üzrə müntəzəm keçirilən belə kampaniyalar çərçivəsində sənədləşdirilir.

Tədbirdə “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan istifadə qaydaları, üstünlükləri və faydaları barədə təqdimat olub və əyani nümayiş etdirilib.

Qeyd edilib ki, yeni funksiya komitənin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərdiyi bütün xidmətlərini əhatə edir. “Əmlakın qeydiyyatı kalkulyatoru” sadə və məntiqi tərtib edildiyindən ondan istifadə qaydaları çox sadə və anlaşılandır. Bura mənzilin, fərdi evin, torpaq sahələrinin qeydiyyatı ilə bağlı çıxarışın alınması, texniki pasportun  əldə edilməsi, əmlakla bağlı sadə və məhdudlaşdırıcı arayışlar, əmlakın qabaqcadan qeydiyyatı, yüklülükdən azad etmə, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi xidmətləri aiddir.

Belə ki, daşınmaz əmlakların ilkin qeydiyyatı, alqı-satqısı, bağışlanma, dublikatın verilməsi, texniki pasportların və plan ölçülərin alınması zamanı tələb olunan dövlət rüsumu və xidmət haqqı elektron qaydada hesablanır.

Hesablanmadan əvvəl istifadəçi əmlakın yerləşməsi və sahəsini də qeyd edir və bu xüsusiyyətlər də nəzərə alınmaqla yekun rəqəm göstərilir. Eyni zamanda, bütün əməliyyatların vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydasıyla aparılması və sənədlərin hazırlanması ilə bağlı da hesablama imkanları var.  İstifadəçilər kalkulyatordan maraqlandıqları xidməti, əmlaklarının olduğu şəhər-rayonu, eləcə də xidmətin hansı müddətə göstərilməsini seçərək ödəyəcəkləri dövlət rüsumu və xidmət haqqını dəqiq bilmiş olur.

 Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.