Dövlət qurumları məlumat bazalarını harada saxlamalıdırlar ?

19-01-2019 / 15:41

Prezidentin 17 yanvar 2019-cu il tarixli fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırıq verilib ki, bütün mərkəzi icra orqanlarının informasiya sistemlərinin inventarizasiyası və ekspertizası aparılsın. Və bu sistemlərin gələcəkdə NRYTN DATA Mərkəzində yerləşdirilməsi üçün təkliflər hazırlasın.
Əsas məqsəd yenə də bu sahədə idarəetmənin təkmilləşdirilməsi , xərclərə qənaət və optimallaşdırmadır.

Hazırda vəziyyət elədir ki, bu sahədə də paralelçilik var və büdcə vəsaitlərindən də səmərəli istifadə olunmur.

Belə ki , bir tərəfdən dövlət iki il öncə milyonlarla vəsait sərf edərək NRYTN nəzdində nəhəng, yüksək standartlara cavab verən bir DATA Mərkəz yaradıb. Birini də Yevlaxda yaratmaq üzrədir. NRYTN-nin AzİnTelecom qurumuna tabe olan bu DATA Mərkəzdə çox az sayda dövlət qurumları öz resurslarını saxlayırlar. Necə deyərlər, onun rəfləri bomboşdur.
Digər tərəfdən, əksər dövlət qurumalrı öz informasiya sistemlərini, məlumat bazalarını özlərində yaratdıqları özəl DATA mərkzələrdə , öz serverlərində saxlayırlar. Bəzi Nazilriklərdə bu hədsiz dərəcə böyük , bəzilərində isə adi bir server otağından ibarətdir.

Təbii ki, dövlət qurumları bu resursları özlərində saxlamaq və inkişaf etdirmək üçün, yeni serverlər və proqram təminatları almaq üçün, xüsusilə də onların təhlükəsizliyini təmin etmək üçün hər il xeyli vəsait xərcləyirlər. Bu, kifayət qədər məsuliyyətli və dövlət qurumları üçün həm də necə deyərlər “baş ağrıdan” bir məsələdir.

Yəni, dövlət qurumları üçün onun məlumat bazalarının başqa bir yerdə saxlanılması və məsuliyyətdən azad olunması bəlkə də sərfəlidir.
Belə olan halda sual yaranır ki, əgər dövlətin vahid bir DATA Mərkəzi varsa onda yüzlərlə belə DATA Mərkəzlərə ehtiyac varmı ?

Məhz adı çəkilən Fərmanın 11.1-ci bəndi ilə NRYTN-ə tapşırıq verilib ki, 6 ay müddətində bu məsələ ilə bağlı mövcud vəziyyət araşdırılmalı və təkliflər hazırlanıb hökumətə təqdim edilməlidir.

Düşünürəm ki, doğru yanaşmadır. Həm təhlükəsizlik cəhətdən, həmdə xərclərin optimallaşdırılması və dövlət qurumlarının əlavə yükünün azaldılması baxımından daha doğru olardı ki, bütün resurslar vahid bir mərkəzdə saxlanılsın. Əlbəttə onda gərək alternativlik mütləq təmin olunsun, Yevlaxda tikilən alternaiv DATA mərkəz mütləq fəaliyyətə başlasın. Alternativ olmadan bütün dövlət resurslarının bir yerə cəmlənməsi də böyük risk olardı.

Amma burada maraqlı sual ondan ibarətdir ki dövlər qurumalrı NRYTN-nin Data Mərkəzində öz resurlsarını yerləşdirdikdən sonra onun xərclərini kim ödəyəcək ? Artıq NRYTN DATA Mərkəzi burada resursların saxlanılması və servis göstərilməsi ilə bağlı bəlli tariflər tətbiq edirlər.

Yəni, problem odur ki , xərclər mərkəzləşdirilmiş formada büdcədə nəzərdə tutulacaq, yoxsa bu xərclər elə hər bir resurs sahibinin, yəni dövlət qurumlarının üzərinə qoyulacaq ?
Əgər xərclər dövlət qurumlarının öz üzərinə qoyulacaqsa , düşünürəm ki müəyyən problemlər də qaçılmaz ola bilər.

Bildiyim qədər bəzi dövlət qurumlarının məlumat bazalarının, serverlərinin saxlanılmasında ümumiyyətlə xərclər nəzərdə tutulmur. Hansı ki onlar serverlərin alınması və saxlanması və digər bu tip xərcləri, necə deyərlər digər imkan olan yerlərdən qənaət edib bu istiqamətə yönəldirlər.
Odur ki, əgər bazalar mərkəzləşmiş olacaqsa bəzi dövlət qurumları üçün NRYTN Data Mərkəzinə vəsaitlər ödəmək problemlər yarada bilər.

Bəzi dövlət qurumlarının bu imkanları, resursları olsa da onlar məlumat bazasının NRYTN Data Mərkəzində saxlanılmasına üstünlük veriblər. Məsələn, eGov sahəsində Prezidentin məlum Fərmanından sonra VXSİ Dövlət Agentliyi e-gov.az Portalının, doğru olaraq da elə NRYTN Data Mərkəzində saxlanılmasına üstünlük verib.

Düşünürəm ki, mərkəzi icra orqanlarının məlumat bazalarının vahid bir dövlət resursunda saxlanılması və bununla əlaqəli digər xərclərin büdcədə nəzərdə tutulamsı və NRYTN vasitəsilə reallaşdırılması daha effektiv ola bilərdi.
Bununla da xeyli büdcə vəsailərinə qənaət oluna bilərdi. Əlbəttə, bu istiqamətdə araşdırmalar aparıb , yekun hesablamalardan sonra daha dəqiq rəqəmlər ortaya çıxarmaq olardı.
Və ya hər bir dövlət qurumunun saxlanılması ilə bağlı xərclərdə bu tip xərclər ayrıca istiqamət olaraq nəzərdə tutulmalıdır. Yəni, heç bir halda paralelçiliyin olması doğru olmazdı.
Qabaqcadan bu tip xərclər ayrıca bir bənd olaraq büdcədə nəzərdə tutulmalıdır.

Həmçinin də, NRYTN –nin hər iki DATA Mərkəzində keyfiyyətli, dayanıqlı və gecə-gündüz əlçatan olan servis məsələsi də öz həllini tapmalıdır. Peşəkar mütəxəssislər işə götürülməlidir. Beynəlxalq təcrübə öyrənilməli və Mərkəzdə indiki zamanda zəruri olan bütün servislər təqdim olunmalıdır .

Osman Gündüz
19.01.2019


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə