Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018 / 11:07

Məlumat verdiyimiz kimi, ötən gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) AzInTelecom Azərbaycanın telekommunikasiya operatoru Azercell Telecom-un səhmlərini almaqla bağlı müqavilə imzalayıb. Beləliklə, Nazirlik 222 AVRO olan Azercell səhmlərin 51.3%-ni əldə edib.

Dünəndən məsələ ciddi müzakirə edilir.

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz Xeberler.az-a məsələni şərh edərkən deyib ki, əgər hökumətin ciddi antiinhisar tədbirləri olmasa Azercell-in Nazirlik tərəfindən alınması telekommunikasiya sektorunda vəziyyəti xeyli pisləşdirə bilər:

“Azercell-in səhmlərinin nəzarət paketini alan NRYTN əslində mobil rabitə və mobil internet bazarında dövlətin xüsusi payını artıqrmaqla rəqabət üçün ciddi narahatlıqlar yaratmış oldu. Uzun illər təbii inhisar subyekti olan, sektorda bütün funksiyaları ( tənzimləmə, kommersiya və s.) əldə cəmləşdirən NRYTN indi də mobil bazarın böyük bir hissəsinə nəzarət edən qurumu alıb.  Yəni, təbbi inhisarla, necə deyərlər süni inhisar birləşib. Və nəticədə mobil bazarda, həmçinin də elə internet bazarında tam olaraq nəzarət dövlət sektorunun əlində cəmləşib”.

Ekspert hesab edir ki, bu satınalma Azərbaycanın telekommunikasiya sektorunda gələcək inkişafı baxımından çox riskli addımdır:

"NRYTN -nin Azercell –i almaq qərarının iqtisadi, innovativ tərəfləri yuxarı dairələrlə müzakirə olunubmu, razılaşdırılıbmı?. Bu alqı-satqı Strateji Yol Xəritəsinin müddəları ilə, sektorun gələcək inkişafı ilə bağlı Prezidentin çıxışlarında səslənən mesajlarla nə dərəcədə uzlaşır?. Düşünürəm ki, bu,  strateji baxımdan Azərbaycanın telekommunikasiya sektorunda gələcək inkişafı baxımından çox riskli addımdır.  İndiyədək internet bazarında dövlət sektorunun xüsusi çəkisi ( dövlət povaydreləri ) təxminən 50 % həcmindəydi,  bu alqı-satqıdan sonra internet sektorda dövlətin çəkisi artıq təxminən 65% -dək yüksəlib”.

Onun sözlərinə görə, bununla da mobil bazarda, internet bazarında və mobil internet bazarında tənzimləməni həyata keçirməli olan qurum həm də bazarın böyük bir hissəsinə nəzarət etməklə kommesiya ilə məşğul olacaq:

“Yəni, Nazirlik həm qayda yaradacaq və həmdə bu qaydalarla özü kommersiya ilə məşğul olacaq. Belə olanda isə kiçik və orta sahibkarlar, rəqabət mühiti, rəqəmsal mühitdə istehlakçıların hüquqlarının qorunması üçün ciddi təhlükələr yarana bilər”.

Osman Gündüz beynəlxalq təcrübədə bu kimi hallara yol verilmədiyini xatırladıb:

“Yeraltı kabel-kanal sisteminə nəzarət edən , o cümlədən də Bakinternet və Aztelekom kimi dövlət provayderləri olan NRYTN-nin digər özəl provayderlər üçün yaratdığı rəqabətsiz bir mühit artıq tanışdır. Nazirlik tərəfindən bir sıra işlər görülsə də bu sahədə hələ də normal bir qayda-qanun yaratmaq mümkün olmayıb. Fikrimcə, hökumət ən azı 2020-ci ilədək rəqəmsal sektorda rəqabəti qorumaq rəqəmsal istehlakçıların hüquqlarını qorumaq, innovasiyalara yol açmaq üçün çox ciddi addımlar atmalıdır. Beynəlxalq təcrübədə adətən bazarda xüsusi çəkisi yüksək olan bir qurumun bu bazarda inhisar yarad biləcək, rəqabəti dayandıra biləcək alqı-satqı etməsinə imkan verilmir. Ümid yeri var ki, Prezident tərəfidnən təsdiq olunan Strateji Yol Xəritəsində bu cür mühitin yalnız 2020-ci ilədək davam edəcəyi nəzərdə tutulub. Belə ki, 2020-də NRYTN-nin ləğvi və Müstəqil Tənzimləyici Qurumun yaradılması nəzərdə tutulub”.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə