Dünya Bankı Azərbaycanın İT sektorunu təhlil edib

26-05-2016 / 10:50

Dünya Bankı və Azərbaycan hökuməti Bankın ekspertləri tərəfindən həyata keçirilmiş "Azərbaycanda İT sektoru və İT bacarıqları: çağırışlar və fürsətlər" adlı tədqiqatın nəticələrini təqdim edib.

Bankdan Xeberler.az-a  verilən məlumata görə, tədqiqatda ölkənin İT sektorunun güclü və zəif cəhətləri və təhsil sistemi ilə təmin olunan bacarıqlarla İT sənayesini təmsil edən işəgötürənlərin tələbatı arasındakı fərqlər qiymətləndirilib.

Bu təhlil hökumətlə müzakirələr, dövlət və özəl sektorlardan maraqlı tərəflərlə müsahibələr və İT sənayesinin əsas subyektləri və texnologiya universitetləri arasında aparılan sorğulara əsaslanır.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko deyib ki, Azərbaycan iqtisadi artım və keyfiyyətli məşğulluq imkanları üçün yeni mənbələr yaratmaq məqsədilə enerji resurslarından sonrakı dövr üçün öz iqtisadiyyatını şaxələndirmə çağırışları ilə qarşılaşır:

"Ölkə informasiya və kommunikasiya texnologiyaları sahəsi də daxil olmaqla prioritet sektorları əhatə edən milli yol xəritəsini hazırlayıb. Azərbaycan informasiya texnologiyaları sənayesinin inkişafı ilə iqtisadiyyatını gücləndirmə və şaxələndirmə potensialına malikdir. İT sahəsinin güclü iqtisadi artım potensialı mövcuddur və bu sektor gənc ixtisaslı məzunlar üçün əlavə dəyərə malik iş yerləri yaratma imkanlarına malikdir".

Azərbaycanın yerli İKT sektorunun inkişafını stimullaşdırma sahəsində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək hesabat son bir neçə ildə sürətli iqtisadi artım və iri dövlət investisiyaları ilə ölkə iqtisadiyyatının yüksək keyfiyyətli texnologiyalar sahəsində bacarıqlara daha da artan tələbatının təmin olunması ilə bağlı ölkənin üzləşdiyi çağırışları təhlil edir.

İKT üzrə aparıcı mütəxəssis və hesabatı hazırlayan qrupun rəhbəri Karlo Maria Rossotto vurğulayıb:

"Azərbaycan İKT-nin inkişafı üçün əlverişli mühit yaratmışdır. Yüksək sürətli internet, kvalifikasiyalı insan resursları və innovativ ekosistemlərə dəstək sahələrində tərəqqinin davam etdirilməsi Azərbaycanın regionda İT mərkəzinə çevrilməsinə gətirib çıxara bilər".

Bu tədqiqat Dünya Bankının ölkədə dəstəklədiyi əsas sahələrdən biri olan rabitə bağlantıları proqramının dəstəklənməsi məqsədilə Azərbaycan hökuməti və Dünya Bankı arasında aparılan dialoqun tərkib hissəsidir. Burada Azərbaycanda İKT sektorunun daha da inkişafı üçün müxtəlif tövsiyələr təqdim olunur. Təhlillər göstərir ki, sürətli kommunikasiya, innovativ biliklər və biznes informasiyalarının təklif olunması ilə bazara çıxarıla bilən İT bacarıqları Azərbaycanın iqtisadiyyatında digər sektorların məhsuldarlığını artırmaq üçün yüksək potensiala malikdir. Bu məqsədə nail olmaq üçün ölkə təhsil sisteminin işəgötürənlərin tələblərinə cavab verməsini təmin etməlidir.

Tədqiqatın qənaətinə görə, ölkənin İT sənayesinin xidmətlər sektorunda iş yerlərinin payı, eləcə də sənayenin ÜDM-ə töhfəsi kiçikdir. Nəticə etibarilə, yerli İT bacarıqlarını inkişaf etdirməklə yanaşı, prioritet olaraq ölkənin İT bazarı və yerli məhsul və xidmətlər sektoru inkişaf etdirilməlidir.

Bu da yerli İT sənayesinə regional və qlobal bazarlarda rəqabət aparmağa yardım edəcək. Nəhayət, Azərbaycanda ümumi vergi administrasiyası və gömrük xidmətləri sahəsində həyata keçirilən islahatların tərkib hissəsi olaraq, İKT məhsul və xidmətlərinə tariflərin təkmilləşdirilməsi və İT sektoruna yatırılan özəl investisiyaların dəstəklənməsi məqsədilə tənzimləyici bazada islahatlara təşəbbüs məhsuldarlığın artırılması və İT sənayesində özəl sektorun aparıcı rol oynadığı inkişafı gücləndirmək məqsədilə tövsiyə olunur.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.