Ədliyyə Nazirliyi tərəfindən növbəti brifinq keçirilib

10-04-2019 / 18:20

Ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılması məqsədilə Ədliyyə Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birgə nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ardıcıl tədbirlər davam etdirilir.

Xeberler.az  bildirir ki, aprel 10-da Bakı Biznes Mərkəzində nazirliyinin qeydiyyat və notariat fəaliyyəti, tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları, elektron sistemlər və müxtəlif reyestrlər barədə növbəti brifinq keçirilib. Tədbirdə nazirliyin aidiyyəti struktur qurumlarının, Mətbuat Şurasının rəhbərliyi, millət vəkilləri, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri və digər vətəndaş cəmiyyəti, eləcə də çoxsaylı KİV nümayəndələri iştirak ediblər.

Brifinqi açan nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova və Mətbuat Şurasının sədri Əflatun Amaşov açıq hökumətin təşviqi prinsipindən irəli gələrək əhalinin mütəmadi maarifləndirilməsi işində vətəndaş cəmiyyəti institutları və kütləvi informasiya vasitələrinin mühüm rolunu qeyd edib, tədbirin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, fəaliyyətini hər zaman şəffaflıq və aşkarlıq prinsipləri əsasında quran Ədliyyə Nazirliyi media orqanarı ilə əməkdaşlığa daim xüsusi önəm verir və nazirliyin bütün fəaliyyət istiqamətləri barədə brifinqlərin keçirilməsi mütəmadi xarakter daşıyır.

Sonra nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov, İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səməd-zadə və Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfov bu sahələrdə fəaliyyətin təşkili, həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat veriblər.

Brifinqdə ədliyyə və məhkəmə sahəsində tətbiq olunan innovasiyalarla tanış olan media nümayəndələri notariat hərəkətlərinin rəsmiləşdirilməsində tətbiq olunan rəqəmsal texnologiyalar, o cümlədən notariat ofislərini vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sistemi barədə məlumat verilib. Ölkə Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə ötən ilin noyabrında qəbul edilmiş "Notariat haqqında" Qanuna edilən əsaslı dəyişikliklərin daha müasir texnologiyaların və innovasiyaların tətbiqinə geniş imkan yaratdığı qeyd olunub.       
Daha sonra məsafədən xidmətlərə tələbatın artması ilə əlaqədar və əhalinin məmnunluğunun təmin edilməsi üçün müasir avadanlıqla təchiz olunan "Elektron notariat" informasiya sisteminə birbaşa çıxışı olan noariusların xüsusi səyyat çantaları, habelə bu yaxınlarda istifadəyə verilmiş elektron ədliyyə köşkü barədə məlumat verilib.

Bununla yanaşı, ölkə başçısının rəhbərliyi ilə sahibkarlıq sahəsində həyata keçirilən islahatlar, onların səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, bu sahədə yoxlamaların dayandırılması ilə bağlı qəbul etdiyi fərman və sərəncamlar, qanunvericiliyə edilmiş mütərəqqi dəyişiklikliklərə əsasən iştirakçısı olduqları müqavilələr üzrə öhdəliklərin notariusun icra qeydi əsasında sadələşdirilmiş elektron qaydada həyata keçirilməsi imkanları xüsusilə vurğulanıb.

Həmçinin vətəndaşların ailə və mülki hüquq münasibətlərindən yaranan sənədlərin toplanmasını və mühafizəsini həyata keçirən Dövlət notariat arxivinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin fəaliyyəti işıqlandırılıb. Bildirilib ki, hazırda vətəndaşlıq vəziyyəti haqqında akt qeydlərinin avtomatlaşdırılmış qaydada aparılması 15 milyona yaxın arxiv sənədlərinin rəqəmsallaşdırılması nəticəsində mümkün olub.

Görülən tədbirlər sırasında ailə nikah münasibətlərinin qorunub saxlanmasına xidmət edən, vətəndaş cəmiyyəti institutları ilə birgə layihə çərçivəsində qeydiyyat şöbələrində təşkil olunan psixoloqların mediasiya xidmətlərinin sosial əhəmiyyəti barədə danışılıb.

Qeyd olunub ki, ötən ilin sentyabr ayından verilməsinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron daşıyıcısındakı məlumatlar “Əhalinin Dövlət Reyestri” informasiya sistemindən əldə edilir, keçən əsrdə müxtəlif əlifba ilə tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktları barədə milyonlarla məlumatların eyniləşdirilməsi həyata keçirilməklə mötəbərliyi təmin edilir.
Brifinqdə həmçinin, ədliyyə orqanları tərəfindən əhaliyə 30-dan çox elektron xidmətlərin göstərilməsi, onların səmərəliliyinin artırılması və tətbiqinin genişləndirilməsi vurğulanıb.

İnnovativ həllərin tətbiqinin məhkəmələrin fəaliyyətində də geniş vüsət aldığı, “Elektron məhkəmə” informasiya sisteminin vətəndaşların məhkəmələrə elektron müraciət imkanlarını yaratdığı, ədalət mühakiməsinin əlçatanlığını asanlaşdırdığı qeyd olunub.

Çıxış edən millət vəkilləri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin rəhbərləri bildiriblər ki, bu cür tədbirlər dövlət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Ədliyyə Nazirliyi ilə Mətbuat Şurasının təşkil etdiyi görüş KİV-lə nazirlik arasında əməkdaşlığın genişləndirilməsi, habelə bu sahədə görülmüş işlər barədə ictimaiyyətin dolğun məlumatlandırılması baxımından vacib əhəmiyyət kəsb edir.

Brifinqdə sual-cavab sessiyası keçirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, media ilə əlaqələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub, jurnalistlərin sualları cavablandırılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə