ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015 / 11:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "İş yerinə dair arayış” elektron xidmətindən istifadə edən vətəndaşların sayı artıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xəbərlər-ə verilən məlumata görə, ƏƏSMN tərəfindən ötən ilin dekabr ayında Elektron Hökumət portalı üzərindən əhalinin istifadəsinə verilən “İş yerinə dair arayış” elektron xidmətindən cari il iyulun 1-dək 88 395 dəfə istifadə edilib.

İş yerinə dair elektron arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və digər məlumatlar əksini tapır. Arayış əmək haqqı göstərilməklə və ya əmək haqqı göstərilmədən də əldə edilə bilər.

Arayışın təqdim olunduğu təşkilatlar isə e-arayışda göstərilən ştrix-kod vasitəsilə E-hökumət portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə etməklə həmin məlumatların, eləcə də əmək haqqı barədə göstəricilərin dürüst olub-olmadığını yoxlamaq imkanına malikdirlər.

Bu e-xidmət istifadəyə verildikdən sonra müvafiq arayışların alınması üçün vətəndaşlar tərəfindən işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət etmələrinə, bundan ötrü vaxt və əziyyət sərf etmələrinə ehtiyac qalmayıb.

Qeyd edilən amillər kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesinin sürətlənməsi və bununla əlaqədar “İş yerinə dair arayış” e-xidmətindən faydalanan şəxslərin də sayının artması ilə müşahidə olunur. Belə ki, cari ilin yanvar ayı ilə müqayisədə iyun ayında “İş yerinə dair arayış” e-xidmətindən istifadə edənlərin sayı 34,5 faiz artaraq 13430 nəfərə çatıb.

Nazirliyin daha bir e-xidməti olan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən istifadə sayı isə 151020 ədəd təşkil edib.

Həmçinin ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 44581 dəfə, “İş yerinə dair arayış” e-xidmətindən 14018 dəfə istifadə olunub. Hər üç e-xidmət son bir ayda da əhalinin Elektron hökumət portalı üzərindən ən çox faydalandığı e-xidmətlər sırasında ilk yerləri tutub.

“Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti ötən ilin ortalarından ƏƏSMN tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ilə əlaqədar əmək münasibətlərinin elektron qaydada rəsmiləşdirilməsi üçün əhalinin istifadəsinə verilib. Bu sistem “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətlərinin də yaranmasını şərtləndirib.

Ümumiyyətlə, vətəndaşlar aprel ayında ƏƏSMN-nin bütün elektron xidmətlərindən 212512 dəfə yararlanıb.

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə