Ekspert : ASAN imzanın inhisarçılığına son qoyulmalıdır

07-03-2019 / 13:00

"ASAN imza lazımdırmı? ASAN Finans-dan istifadə edərək Paşa Bank-da onlayn formada bank hesabını açandan sonra bu haqda bir daha qənaətim formalaşdı.  İndiki halda ASAN imza elektron hökumət quruculuğu üçün məhdudlaşdırıcı, vətəndaşlardan və biznesdən pul qopartmaqdan başqa bir şey deyil. Əgər onlayn bank hesabı açandan sonra, mənim elektron imzam olduğu halda imzamı təsdiq etmək üçün yenidən banka getmək məcburiyyətindəyəmsə ASAN imza nəyə gərəkdir? Tam əminəm ki, elektron xidmətləri, eGov-u populyarlaşdırmağa imkan verməyən əsas faktor məhz ASAN imza və elektron imza ilə bağlıdır. Əgər söhbət autenfikasiyadan gedirsə, yəni vətəndaşı tanımaq problemidirsə bunun daha sadə və pulsuz üsulları var."

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert eyni zamanda sözü gedən prosesin çoxdan tətbiq olunduğunu qeyd edərək portalı və onun xidmətlərini xeyli populyarlaşdırmaq formalarından da danışıb :

"Bu, artıq bizdə çoxdan tətbiq olunur. eGov-da əvvəllər giriş üçün tətbiq olunan “E-gov identity”, e-sosial.az və digər bizim daxili sistemlərimizdə tətbiq olunan üsullar yetərlidir. Elə ASAN imza da identifikasiya üçün mobil telefondan istifadə edir. Amma illik 30 manat ödəməlisiz, ayrıca SIM kart əldə etmək , operatorlara pul ödəmək, sertifikat əldə etmək lazımdır. İstifadəsi də adi istifadəçi üçün xeyli qəlizdir. Hansı ki, bunu pulsuz olaraq da gerçəkləşdirmək mümkündür. Və artıq, qeyd etdiyim kimi bizdə tətbiq də olunur. Vətəndaşın heç bir yerə fiziki olaraq müraciət etməsinə, hansısa sertifikat almasına, ödəniş etməsinə ehtiyac yoxdur. Sadəcə şəxsiyyət vəsiqəsi və mobil telefon yetərlidir. SMS vasitəsilə sizə gələn koddan istiafdə etməklə xidmətdən yararlanmaq mümkündür. Bunu elə eGov-un məsul şəxsləri də bir anda Portala girişdə həll edə bilirlər. Əvvəllər Portala girişdə bundan istifadə olunurdu. Düşünürəm ki, bu formanı tətbiq etməklə indiki zamanda Portalı və onun xidmətlərini də xeyli populyarlaşdırmaq olar. Beləliklə :

1. Elektron xidmətlərə və Portala girişdə, autentifikasiya (eyniləşdirmə) məsələsində elektron imza və ASAN imzanın inhisarçılığına son qoyulmalıdır;

2. Kütləvi xidmətlər üçün və Portala giriş üçün mobil telefon və şəxsiyyət vəsiqəsi ilə sadə eyniləşdirmə üsulları təbiq olunmalıdır;

3. Elektron imza və ASAN imza –dan istifadə yalnız xüsusi hallarda tətbiq oluna bilər;

4. Ya da gərək ya ASAN Xidmət ya da NRYTN alternativ, pulsuz mobil (ASAN) imza hazırlasınlar."

Osman Gündüz son olaraq məsələylə bağlı Prezidentə rəsmi müraciət edildiyini də vurğuladı :

"Düzü, mən hələ də bilmirəm ASAN imzanın arxasında kim dayanıb. Biz, məlum olduğu kimi ötən ilin yayında ASAN xidmətə aidiyyatı olmayan ASAN imzanın inhisarçılığı və qiymət artımı ilə bağlı Prezidentə rəsmi müraciət etmişdik. Görünür həmin naməlum güclər müraciətin Prezidentə çatmasına imkan verməyiblər. İndiyədək rəsmi cavab yoxdur  Bu isə qeydi-adi bir haldır. Çünki adətən cavab verilirdi."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.