Ekspert : "Bütün bunlar eGov sahəsində aparılan işlərə kölgə salır"

20-10-2018 / 13:04

"Bir müddət öncə Prezident Administrasiyasında elektron hökumət məsələləri ilə əlaqəli bir şöbə yaranıb. Eyni zamanda Vətəndaşlara Xidmət və Sosial İnnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyində eGov sahəsində kordinasiya səlahiyyətləri verilib. Rəqəmsal hökumətə keçidlə bağlı Prezidentin məlum fərmanında da eGov-la bağlı xeyli yeni və faydalı məsələlər öz əksini tapıb. Bununla belə baş verənlər göstərir ki, əslində işlər köhnə qaydada davam edir. 

Bu sözləri Xeberler.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Ekspert 16 oktyabr tarixində Dövlət Gömrük Komitəsində Estoniyanın hazırladığı "Nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçməsini tənzimləyən elektron növbə sistemi" layihəsinin təqdimatı haqqında da fikirlərini qeyd edib:

"Bütün gömrük generallarının da iştirak etdiyi təqdimatda  Estoniya-Azərbaycan Ticarət Palatasının sədri, xanım Jana Krimpe və digərləri məhsullarını təqdim ediblər. Komitənin sədri də bu kimi layihələrin tətbiq edilməsinin vacibliyini vurğulayıb. İlk öncə xatırladıram ki, təqdim olunan kifayət qədər sadə bir proqram təminatıdır, bu tip sistemləri hazırlamaq üçün həm elə DGK-nın özündə, həm də digər dövlət və özəl sektor qurumlarında yetərincə mütəxəssislər var və çox qısa müddətdə bunu etmək mümkündür.Eyni zamanda xatırladıram ki strateji sahələrdə, əgər imkan varsa yerli məhsulların olması informasiya sahəsində Azərbaycanın milli maraqlarına daha çox uyğundur. Nəhayət, adı çəkilən xanım 10 il bundan öncə Azərbaycanda eGov layihəsinin icrası ilə bağlı 15 milyon manat büdcədən pul alıb və bu sektorda hamının da bildiyi kimi layihə uğursuz olub. Onu sonradan keçmiş RYTN və dövlət qurumları yenidən öz vəsaitləri ilə gerçəkləşdirmək məcburiyyətində qalıb. Dövlət qurumlarına da bu vəsaitdən heç nə verilməyib və onlar öz daxili imkanları hesabına e-xidmətləri yaradıblar. Dövlət qurumları arasında inteqrasiya yaradılmayıb. Hazırda isə VXSİ Dövlət Agentliyinin EHİM qurumu bu layihənin alt sistemlərini də yeniləmək məcburiyyətində qalıb."

Osman Gündüz son olaraq bu cür halların eGov sahəsində aparılan işlərə kölgə saldığını vurğulayıb:

"Məlum olduğu kimi hazırda Yana xanımın təklif etdiyi daha bir sistem, ASAN-a dəxli olmayan ASAN imza ilə bağlı da ciddi rəqabətsizlik mühiti formalaşıb, ondan istifadə ilə bağlı hər an yeni qiymət diqtə olunur, ciddi narazılıqlar var . Bütün bunlar isə ölkədə eGov sahəsində aparılan işlərə də kölgə salır. Belə olan halda mən eGov sahəsinə cavabdeh şəxslərdən soruşmaq istərdim ki, öz imkanlarımızın yetərli olduğu bir şəraitdə, adi bir problemin həlli üçün, adi bir informasiya sistemi üçün xarici resursdan istifadə nə dərəcədə məqbuldur ?"

Aida İSAQ


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.