Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019 / 14:32

"Baktelecom dövlət qurumunun (keçmiş BTRİB) 14 milyon verdiyi DG Telecom şirkətini axtarıram. Bilmirəm NRYTN-nin xəbəri var, yoxsa yox, Baktelecom-da qəribə işlər baş verir.  Bildiyim qədər ötən il NRYTN bu qurumda baş verənlərlə bağlı yoxlama da aparırdı. NRYTN rəhbərliyində bu quruma münasibətdə fikir ayrılıqlarının olduğu da hamıya məlumdur. Ümumiyyətlə, keçmiş BTRİB son 2 ildə iki dəfə yenidən təşkil olunub.  Hər dəfə də tabeliyində olan qurumların bir neçəsi “yoxa çıxıb” və ya Baktelecom-a birləşdirilib. Bu qurumun tabeliyində olan dövlət təşkilatlarının siyahısını NK müəyyən edir.  Sonuncu dəfə siyahı Nazirlər Kabinetinin 2018-ci il 12 iyul tarixli 292 nömrəli qərarı ilə təsdiqlənib. Bu siyahıda uzun illər optik xətlərin çəkilişi ilə məşğul olan Rabitə Qurğularının Tikintisi və Təmiri İdarəsi də vardı. Ötən il məlumat çıxdı ki, bu qurumlar da Baktelecom-a birləşdirilir. İndi baxıram ki, həmin qurumun adı Baktelecom-da yoxdur.  Necə ola bilər ki dövlət qurumun adı NK siyahısında olsun, amma aşağı dövlət qurumu onu ləğv etsin və ya özünə birləşdirsin ? NK qərarı olmadan bu necə baş verə bilər, anlamıram. Baktelecom-a məxsus nəhəng kabel-kanal sistemində iş aparan yeganə dövlət qurumu necə yoxa çıxa bilərdi ?"

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert  eyni zamanda mövcud proseslə bağlı NRYTN-nin açıqlama verəcəyinə ümid etdiyini də vurğulayıb:

"Yeri gəlmişkən, özəl sektor hələ də dövlətə məxsus olan bu kabel-kanal sistemindən istifadə edə bilmir. Baktelecom dayanmadan özəl provayderlərə rədd cavabları yazır ki, kabel–kanalda yer yoxdur. NRYTN indiyədək də dövlətə məxsus olan bu sistemdən dövlət və özəl sektorun bərabər əsaslarla istifadəsi üçün qaydalar müəyyən etməyib. Amma Baktelecom dövlət qurumu bu sistemdən istifadə üçün özəl şirkəti, DG Telecom-u tapa bilib və onunla 14 milyonluq da müqavilə bağlayıb. Necə tapıb bu şirkəti? İndiyədək İKT sektorunda olmayan bir şirkətə bir anda necə 14 milyon vermək olardı ? Heç bir resursu ,kadrları və təcrübəsi olmayan yeni yaranan bir şirkətin görəcəyi işlər, quracağı infrastruktur necə keyfiyyətli ola bilər ?  Bu layihə əsasında yeni formalaşacaq nəhəng dövlət şəbəkəsi telekommunikasiya və internet sektorunda sərbəst və azad rəqabət üçün təhlükə yaratmırmı ? Özəlləşdirilməli olan dövlət qurumu üçün bu qədər dövlət vəsaitinin qoyulması nə dərəcədə məntiqlidir ? Bəlkə də DG Telecom məhz ləğv olunan dövlət qurumunun işlərini görmək üçün təsis edilib ? Nəsə, anlaşılmaz proseslər gedir Baktelecom-da.  Ümid edirəm NRYTN bununla bağlı bir açıqlama verər."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.