Ekspert mənzillərin onlayn satış prosesiylə bağlı açıqlama verdi

06-09-2018 / 14:11

"MİDA dünənki onlayn satış prosesinin bütün log fayllarını əlaqəli qurumların, müstəqil ekspertlərin və sistemin auditini qabaqcadan testdən keçirən beynəlxalq qurumun da iştirakı ilə analiz etməli və nəticələri mütləq açıqlamalıdır. Güzəştli mənzillərə iddiaçı olan 9 min vətəndaş, elə biz və bütövlükdə cəmiyyət bu sualların cavabını gözləyir"

Bu sözləri məsələylə bağlı Xeberler.az -a açıqlamasında Azərbaycan İnternet Forumunun  prezidenti Osman Gündüz bildirib. Ekspert eyni zamanda aşağıdakı suallar cavablandırıldıqdan sonra prosesin nə qədər etibarlı, dayanıqlı, şəffaf və ədalətli olmasını deməyin mümkün olacağını qeyd edib:

"1. Ümumiyyətlə qabaqcadan müəyyən olunan qaydalara tam uyğun olaraq onlayn satış baş tutubmu ?
2. Satış elan olunan kimi sistemdə hər hansı problemlər, yükləmələr, kənar müdaxilələr olubmu ? Və hansı səbəbdən bu baş verib ?
3. Ümumiyyətlə satış elan olunandan etibarən neçə nəfər sistemə daxil ola bilib ? Neçəsinin daxil olması mümkünsüz olub və hansı səbəblərdən ?
4. Sistemə daxil olanlardan neçə nəfər ev seçimi edə bilib ?
5. Bir nəfər ev seçimi üçün ortalama nə qədər vaxt sərf edib ?
6. Satış prosesi dəqiq olaraq neçə dəqiqə çəkib ? Yəni, neçə dəqiqədən sonra evlərin seçimi başa çatıb və heç bir seçim qalmayıb ?
7. Ev seçimi edə bilənlərin siyahısı açıqlanacaqmı ?
8. Qabaqcadan nəzərdə tutulan resurslardan necə istifadə olunub ?
9. Və təbii ki, saat 11.00-da başlamalı olan satış hansı səbəbdən təxirə salınıb ?"

Osman Gündüz həmçinin " Dünənki onlayn satışın bir neçə dövlət qurumu nümayəndələrinin iştirakı ilə real vaxtda vahid monitordan izləndiyini nəzərə alsaq mənzillərin qabaqcadan bilərəkdən kiməsə satılması, kimin üçünsə üstün şərait yaradılması ilə bağlı iddialar mənə inandırıcı gəlmir və bunları istisna edirəm. Eyni zamanda bu prosesdə eGov Portalına girişlə bağlı, elektron imzalardan istifadə ilə bağlı hər hansı problem yaranmayıb.Elektron hökumət quruculuğuna cavabdeh qurum olan VXSİ Dövlət Agentliyinin və digər əlaqəli qurumların da öz səlahiyyətləri çərçivəsində dünənki onlayn satışın yekunları ilə bağlı rəsmi açıqlama verməsi doğru olardı."- deyə vurğulayıb.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə