Ekspert: Regionların bəzi poçtlarında vəziyyət buradan qat-qat yaxşıdır

28-03-2019 / 15:52

"Bu gün Azərpoçt-un 142 saylı Poçt Şöbəsində (Xalqlar Dostluğu Metrosu yaxınlığında) oldum. Aliexpress-dən sifariş etdiyim bağlamanı almalıydım. Gərək getməyəydim, peşman oldum."

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz deyib. Ekspert Poçt şöbəsindəki qarşılaşdığı mənzərəni şərh edərək "Heç bir avtomatlaşdırmadan, rəqəmsallaşmadan söhbət gedə bilməz"- deyə bildirib:

"Mən elə bilirdim, rəqəmsallaşmada yalnız regionlarla Bakı arasında ciddi informasiya bərabərsizliyi var. 142 saylı Poçt şöbəsindəki vəziyyəti görəndə səhv düşündüyümü anladım. Regionların bəzi poçtlarında vəziyyət buradan qat-qat yaxşıdır. Bilmirəm orada NRYTN-dən, Azərpoçt rəhbərliyindən kimsə olubmu? Lap 30-40 il əvvəl poçtu necə görmüşdümsə buradakı vəziyyət eynidir.  Heç bir avtomatlaşdırmadan, rəqəmsallaşmadan, müasir standartlardan söhbət gedə bilməz. Nəinki rəqəmsallaşma, ümumiyyətlə bağlama şöbəsində mən heç bir dənə də olsa kompüter görə bilmədim. Yalnız meşoklar, əllə doldurulan formalar, şəraitsizlik və s. Oflayn bir mühit. Ötən il Azərbaycanda poçt rabitəsinin yaradılmasının 200 ili tamam olub. Baxdim ki, bu keçən zaman ərzində bu şöbədə elə də ciddi dəyişiklik olmayıb. Mənim bağlamam tapılmadı. Hansı ki, Aliexpress –in kodu ilə izləyəndə göstərirdi ki, çoxdan ölkədədir. Özüm birtəhər Azərpoçta zəng edib dəqiqləşdirdim ki, sən demə mənə verilən kodla olan bağlama səhvən Masazır poçt şöbəsinə gedib. Poçtun işçisi onlardan xahiş etdi ki, 142-yə yönəltsinlər. Maraqlandım ki, bu necə baş verə bilər? Məlum oldu ki, Poçt Daşıma Mərkəzinə daxil olan bağlamalar Gömrükdən təhvil alınandan sonra necə gəldi meşoklara doldurulur, üstünə də hansısa poçt şöbəsinin ünvanı yazılır və həmin şöbələrə də yola salınır. Hər hansı rəqəmsallaşmadan, avtomatlaşmadan söhbət gedə bilməz. Baxdım ki, elə getdiyim 142 saylı Poçt şöbəsində səhvən gələn, başqa poçt şöbələrinin ərazilərinə göndərilməli olan bir meşok bağlama var və sahiblərini gözləyir. Elə bunu ictimailəşdirməyimin də əsas səbəbi məhz bu fakt oldu."

Osman Gündüz son olaraq sözü gedən məsələnin tez bir zamanda  həllini tapacağına ümid etdiyini vurğulayıb :

"İki il bundan öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Şəbəkə Mərkəzi yaradıb. Nazirliyin bir sıra qurumlarının göstərdiyi xidmətlər, həmçinin də bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri bir məkanda təqdim olunur. Yetərincə də müasir və faydalı bir strukturdur. Belə görürəm ki, informasiya, rəqəmsal bərabərsizlik elə Nazirliyin öz strukturları daxilində də qalmaqdadır. Ümid edirəm tez bir zamanda dəyişiklik yarada biləcəklər."

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.