Ekspertlər beynəlxalq təcrübələrini komandalarla bölüşür-Fotolar

07-11-2015 / 15:35

Məlumat verdiyimiz kimi, hazırda  Yüksək Texnologiyalar Parkında Startap Günləri davam edir.

Bu gün tədbirin  ikinci günüdür.

Qeyd etdiyimiz kimi, dünən təqdim edilən 25  ideyanı münsiflər təhlil edib və onlardan 6-sı qalib gələrək bu ideya ətrafında komanda formalaşdırmaq və layihə hazırlamaq şansı qazanıb. Seçilən  innovativ biznes ideyaları Günlərdə iştirak edən digər gənclərdən  layihələri üçün 4-6 nəfərlik komanda formalaşdırıblar.

Bu gün yerli və xarici mütəxəssislərin iştirakı ilə komandalar üçün müxtəlif təlimlər  təşkil edilib.

Xeberler.az-ın məlumatına görə,  təlimlərdən sonra komandalar layihələri üzrə fəaliyyətlərini davam etdiriblər. Günlər çərçivəsində yerli  ekspert və mentorların komandalara birbaşa dəstəyi və məsləhətləri təşkil edilib.

Ekspertlər gənclərə layihələrini formalaşdırmaq üçün biznes yönümlü istiqamətlər veriblər.

Komanda üzvləri isə yaratdıqları startap layihələri ilə bağlı mentor-ekspertlərə suallar verərək, fikir mübadiləsi aparıblar. 

Bu məsləhətlərdən sonra  komandalar layihələrinin ilkin versiyasını hazırlamağa  başlayıb.

Hazırda startapçı  Toğrul Səmədlinin moderatorluğu ilə  komandaların beynəlxalq tədbirlərdə iştirak edən yerli startap sahibləri və ekspertlərə görüşü  keçirilir.

Belə ki, tədbirin bu hissəsində Xəzər Vençur şirkətinin rəhbəri Məmməd Kərimov, İT mütəxəssis  Vaqif Abbasov, Fərid Kazımov, Shopera.az   şirkətinin rəhbəri Rəşad Camal  startapçı Şaiq Muradov, Golden Pay şirkətinin rəhbəri Fərid İsmayılzadə, startapçı Elşad Yusifli, Orxan Əhmədov komanda üzvləri ilə təcrübələrini bölüşürlər. 

Hazırda müzakirələr davam edir. 

Qeyd edək ki,  2 gün ərzində bu ideyalar ətrafında  layihələrin ilkin variantları hazırlanacaq. Layihələrin ilkin variantlarının hazırlanması üçün komandalara  Startap Azərbaycanın ekspertləri və  mentorları köməklik göstərir.

Sabah Startap Günlərinin yekununda startap komandaları münsiflər qarşısında bu layihələrin qısa müddətli təqdimatlarını edəcəklər və münsiflər layihələr içərisindən daha uğurlu olanları finalçı olaraq seçəcəklər.

Qalib layihələrə və qalib layihələrin hər bir iştirakçısına, həmçinin tədbirlərin bütün mərhələlərində aktiv iştirak edənlərə,  təşkilatçıların və sponsorların  qiymətli hədiyyələri, sertifikatlar  və diplomlar təqdim olunacaq.

Startap Günlərinə Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, Cybernet, SİNAM, Bakcell şirkətləri və  ATL Group şirkəti dəstək verib.

 

Məltəm Talıbzadə 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə