“Elə ailələr tanıyıram ki, mobil telefon işlətmirlər”

03-09-2015 / 11:09

“Bəzən elə olur ki, küçədə hansısa bir qəza baş verəndə insanlar zərərçəkənə kömək etmək əvəzinə, hadisəni telefona çəkməklə məşğul olurlar”

Xeberler.az-ın “İnformasiya texnologiyaları tanınmışların həyatında” rubrikasının növbəti qonağı tanınmış telejurnalist, professor Qulu Məhərrəmlidir.

Qulu Məhərrəmli ilə müsahibəni təqdim edirik:

-Qulu müəllim, texnologiyalarla tanışlığınız necə başlayıb?

-Ümumiyyətlə, texnologiya ilə tanışlıq mənim üçün kompüterdən başlamır. Hələ tələbə olarkən radio ilə əməkdaşlıq edirdim, obyektlərə gedib reportyorla səs yazırdıq. İndiki diktofonlara baxmayın, onda səsyazan aparatının 5-6 kilo çəkisi vardı, həm də səsi yazmaq çətin idi. Gərək lenti düz dolayaydın, düz olmayanda səs keyfiyyətsiz yazılırdı, bəzən heç yazılmırdı. Sonra nisbətən yüngül, 2-3 kiloluq reportyorlar gəldi, kasetlə işlədiyi üçün rahat idi, qırmızı “rec” düyməsini basıb səsi rahatca yazırdıq.
Kompüterdən çox  əvvəl makinalar var idi, 80-ci illərin əvvəllərində xarici mini makina almışdım, gözəl, incə şriftləri ilə yazmaq ləzzət verirdi. Amma çox böyük materiallar olanda diqtə edib yazdırırdım. Amma makinaların bir işi pis idi ki, 2-3  səhv etdin gərək kağızı çıxarıb ataydın, bir də mətni təzədən yazmağa başlayaydın. Bir sözlə, belə yazmaq zülm idi.
Artıq 90-cı illərin ortalarında kompüterin gəlişi əsl inqilab oldu. Keçmişlə bu günü müqayisə edəndə yazı-pozu ilə bağlı sahələrin, o cümlədən jurnalistikanın çox ciddi texnoloji mərhələyə qədəm qoyduğunu demək olar.

Sürət artıb, əl əməyi, fiziki proseslər yüngülləşib. İndi artıq xüsusi proqramla mətni səslə kompüterə diqtə etmək, köçürmək, saxlamaq, istənilən an istifadə etmək mümkündür. Bunların hamısı jurnalistə, müəllimə, tədqiqatçıya imkan verir ki, işini yalnız kompüterin üzərində qursun. Xüsusən jurnalist üçün materialların konkret qovluqlarda saxlanılması, qorunması, kodlaşdırılması çox böyük üstünlüklərdir. Kompüter internetlə birləşəndə dəyəri milyon dəfələrlə artır.

-Qulu müəllim, deyəsən, daha sizə də Facebook-da dostluq göndərmək olmur.

-Mən hələ də onun yolunu axtarıram ki, necə edim ki, səhifəmə dostluq göndərən tanışlar məndən inciməsinlər (gülür). Facebook-da 5000 dostum var. Dostluq limitim dolduğuna görə mənə təklif göndərmək olmur, amma abunə yazılmaq mümkündür. Hərdən dostluğumda təmizləmə aparıram, çünki görürəm ki, mənasız adamlar çoxdur, passivdirlər, müzakirələrdə iştirak etmirlər, yazmırlar, sadəcə siyahıda yer tuturlar. Vaxt edib bu işlə məşğul ola bilsəm xeyli  dostluq “yeri” boşalar.

-Sizcə, aktivlik vacibdirmi, daha çox aktivlik təhlükəlidirmi?

-Xeyr, sosial şəbəkələrdən aktiv istifadəni təhlükə hesab etmirəm, amma ölçü pozulanda fəsadlar yarana bilər. Facebook-da məlumat axtarmaq bəzən xeyli vaxt alır, amma konkret zaman ayırmaq lazımdır ki, oralarda ilişib qalmayasan. Təhlükə uşaqlar üçün var, xüsusən oyunlara aludəlik qorxuludur. Valideynlərin bu məsələdə uşaqlara nəzarət etməməsi pis haldır. Bir çox kompüter oyunları uşaqlarda asılılıq, bəzi hallarda aqressivlik yaradır. Valideynlər də onlara qadağa tətbiq etməyəndə normalda 2 saat oynamalı olduğu oyunu 8 saat oynayır. Bu, uşağın sağlamlığına da ziyandır. Bir də müşahidə etmişəm ki, bu oyunlara bağlanan uşaqlar yaşadıqları həyatı da oyun kimi təsəvvür edirlər, belə yanaşma gələcəkdə həmin uşaqlarda ciddi psixi problemlər yarada bilər.

-Yeri gəlmişkən, bu mövzuda valideynlərə nə məsləhət görərdiniz?

-Valideynlərə məsləhət görərdim ki, uşaqların texnologiyadan istifadəsi ilə bağlı limit qoymağı, yeri gələndə şərt olmağı bacarsınlar. Texnologiyadan çox istifadə səhhətə ziyandır. Kompüter qarşısında çox oturanda onurğa sütunu əyilir, hətta düşüncə və davranışda təhlükəli əlamətlər yaranır. Oynanılan aqressiv oyunlar, internetdə oxunulan mənasız məlumatlar insanların fikrini qarışdırır.
Bəzən elə olur ki, küçədə hansısa bir qəza baş verəndə insanlar zərərçəkənə kömək etmək əvəzinə, hadisəni telefona çəkməklə məşğul olurlar, sonra da bunu ləzzətlə internetə qoyurlar. Halbuki o videonu çəkdiyin müddətə sən bəlkə də kiminsə həyatını xilas edə bilərdin. İnternetdən, texnologiyadan bu cür istifadə insanların içindəki humanizmi, mərhəmət hissini öldürür.

-Qulu müəllim, Facebook-dan əsasən hansı məqsədlə istifadə edirsiniz?

-Əsasən məlumatlanmaq, gündəmdə olan xəbərləri izləmək üçün Facebook-dan istifadə edirəm. Bir sıra media qurumlarına abunə yazılmışam. Həm də bu saytlara baxmaqla tələbələrimin yazılarını izləyirəm: necə işləyirlər, necə yazırlar, prinsipləri qoruyurlarmı. Amma tutaq ki, “salam, necəsiniz?” sualına cavab yazanda bezirəm. İnsanları bir mədəniyyətə alışdırmaq lazımdır ki, sən sözünün canını de, çünki istifadəçilər başa düşməlidirlər ki, bunlara cavab yazmağa kiminsə vaxtı olmaya bilər. Belədə gərək bir şablon yazıb hamıya eyni cavabı göndərim (gülür).  Amma bu da səmimiyyətə zərər gətirir, ən aşağısı özün bunu bilirsən...

-Facebook-da bəzən qeyri-ciddi davranışlar olur, necə baxırsınız belə vəziyyətlərə?

- Facebook-da fikir bildirən hər kəs öz səviyyəsini göstərir. Bəzən diskussiyaların xoşagəlməz məcraya yönəlməsi burada moderatorun olmaması ilə bağlıdır, amma bunu virtual olaraq etmək mümkündür. Sosial şəbəkədə ifadə azadlığına, müstəqil düşüncəyə heç bir məhdudiyyət yoxdur, heç kim bu azadlığa sərhəd qoya bilməz, amma gərək insanlar bu azadlıqdan sui-istifadə etməsinlər. Təəssüf ki, hərdən elə nadanlara rast gəlirsən ki, bilmirsən neyləyəsən!? Nə qədər acı olsa da deməliyəm ki, sosial şəbəkələrdə qeyri ciddi və mənasız adamlar kifayət qədərdir.

-Sosial şəbəkələrin hansı üstün və mənfi cəhətlərini qeyd edə bilərdiniz ?

-Sosial şəbəkələrin üstün cəhətlərindən biri də odur ki, medianın etmədiyi, edə bilmədiyi, etmək istəmədiyi, bacarmadığı şeyləri alayarımçıq da olsa edə bilir. Bizə əlavə ünsiyyət imkanları yaradır. Məsələn, xoşuma gəlir ki, bir-birlərinə müraciət edirlər ki, bir yaxşı kitab deyin oxuyum. On filmin adını de, yaxud kiməsə kömək lazımdır, bunun üçün kampaniya aparılır. Dil, tarix, mədəniyyət və s. bağlı qrupların olması çox yaxşı əlamətlərdir. Sosial medianın bir üstünlüyü də budur ki,  peşəkar mediada qoyulmayan mövzular, çox ciddi problemlər müzakirəyə çıxarılır.

Fəqət pis odur ki, burada heç nə peşəkar səviyyədə deyil, xüsusən müzakirələr bəzən diletant səviyyədə olur, saxta profillər çoxalır və adamlar bir-birlərini çox təhqir edirlər. Oyunların, zərərli əyləncə portallarının, yeniyetmələr üçün cazibədar, əxlaqı pozan saytların, erotika və  pornoqrafiyanın artması da ciddi problemdir. Bu təhlükələrin mövcudluğunu dana bilmərik.

-Sizcə, bunun qarşısını necə almaq olar?

-Dünyanın heç yerində virtual aləmlə, internet  davranışıyla bağlı xüsusi qaydalar yoxdur. Amma internetə daxil olan şəxs üçün etik normalar toplusu var, yəni şəbəkədə hesab açan adam bu öhdəlikləri qəbul edir. Bu etik qaydalar tələb edir ki, əxlaqsızlığa yol verilməsin, yol verənlərə qarşı isə irad bildirilsin. Həmişə yeni şərait yeni düşüncə və yeni davranış tərzi tələb edir. Bu mənada düşüncənin səviyyəsi ilə texnologiyanın səviyyəsi bir-biri ilə uyğun gəlməyəndə ziddiyyətlər ortaya çıxır. 20 faiz normal istifadəçi olsa, sosial şəbəkəni qaydasında idarə etmək mümkündür.

-Qulu müəllim, önəmli məsələyə toxunduğunuz. Məsələn, sizcə, orucluqda insanların yedikləri yeməyin şəklini dəqiqədə bir sosial şəbəkələrdə paylaşmağı nə dərəcədə düzgündür?

-Məncə, belə məsələlərdə “günahkar” sosial şəbəkə deyil, bəzi insanların qüsurlu düşüncə tərzidir. Axı oruc tutmağın fəlsəfəsi, fəziləti başqadır, iftar açmaq da kulinariya yarışı deyil. Məsələn, bəziləri yazanda ki, iftara 5 və ya 10 dəqiqə qaldı, anlamıram ki, bu, nə oruc tutmaqdır?  Bütün hallarda sosial şəbəkələrdə belə “fakt”ların olması qeyri-normaldır.

- İndi uşaqlar həyətdə oynamaq əvəzinə yerlərindən tərpənmir, kompüterlə, telefonlarla məşğul olurlar. Məktəbə gedir, onların telefonu olmalıdır, yoxsa yox?

Dedikləriniz artıq sosial-psixoloji bir problemdir. Hələ yaxşı ki, bu xəstəliyə tutulmayan ailələr qalıb. Elə ailələr tanıyıram ki, ümumiyyətlə, mobil telefon işlətmirlər. Özü də bunu hansısa imkansızlıq və ya məhdudiyyət kimi qəbul etmirlər, sadəcə “telefona ehtiyacımız yoxdur” deyirlər. Bəzən texnologiyaya münasibətdə adam qəribə situasiya ilə qarşılaşanda heyrətlənir. Məsələn, 1992-ci ildə mən birinci dəfə ABŞ-da olanda, bizi fərqli təriqətləri olan və emeşlər adlanan bir qəbilənin yaşadığı qəsəbəyə aparmışdılar. Bizə danışdılar ki, bunlar yeni texnologiyanı qəbul etmir. Məsələn, buğdanı elektrik dəyirmanında deyil, su dəyirmanında üyüdürlər, evlərdə televizor yoxdur, çox vaxt işıq əvəzinə şam yandırırlar. Buna texnofobiya demək olmaz, çünki həyat tərzləri budur, amma texnoloji yeniliyə fərqli yanaşırlar. 

- İnternetdən mənfi niyyətlərlə istifadə edənlər kifayət qədərdir. Siz bunun səbəbini nədə görürüsünüz?

-İnsan təzə-təzə internetə daxil olanda, sanki ömründə görmədiyi bir mühitə düşür. Kommunikasiya onu başqa bir səmtə yönəldir, psixologiyasını, fikirlərini alt-üst edir. Belə hallarda istifadəçi özü də ona meyllidirsə bu zaman problemlər dərinləşir. Amma bütövlükdə “texnologiya ailəyə problem yaradır” fikri ilə razı deyiləm. Bu problemlər əslində nadanlıqdan, görməmişlikdən, özəl əxlaqdan, bəd niyyətlərdən qaynaqlana bilər. Texnologiyanı ailədə ayrılığa səbəb kimi göstərən insanlar da var. Və belələri əslində düşdüyü mühitdən sıxıntısı olanlardır. Belə adamlar telefona, sms və mesajlara nicat yolu kimi baxır. Nəticədə problemlər yaranır.

-Facebook-da müsahibələr verirsinizmi?  

-Olur hərdən. Az-az hallarda gündəmdə olan mövzu ilə bağlı status da yazıram, çoxunu qəzetlər və saytlar dərhal yayırlar. Axırıncı dəfə İctimai Tv-nin yubileyi, ondan əvvəl isə mətbuat günü ilə bağlı bir şey yazmışdım. Cəmiyyətdə müəyyən çəkisi, sözünün təsiri olan adamların status yazıb, bu və ya başqa problemə münasibət bildirməsi çox vacibdir ki,  insanlar nəyisə düzgün qavrayıb seçim edə bilsinlər.

-Qulu müəllim, çox xarici ölkədə olmusunuz? Sizcə, dünyanı görmək adama nə verir?

-Təxminən 60-a yaxın ölkədə olmuşam, təbii ki, “çox gəzən adam çox bilər” fikrinə şərikəm. Gəzdiyin ölkəni tanıyıb duymalısan. Düzdür, indi istənilən ölkə ilə bağlı internetdə məlumat var. Amma həmin ölkəni gəzmək və gözlərinlə görmək tamam başqadır. Məsələn, evdə də qurğunun üstü ilə qaçmaq da qaçmaqdır, küçədə qaçmaq da qaçmaqdır. Onunla bunun fərqi bilirsiniz nədədir? Evdə qaçanda ətrafın dəyişdiyini, atmosferin, mənzərənin dəyişdiyini görmürsünüz, amma küçədə qaçanda sizi dəyişən mənzərə müşayiət edir. Bu, ruha təsir edə bilir, amma evdə yerində qaçanda bunu hiss etmirsən.

-Facebook-dan başqa Twitter, İnstagram hesabınız varmı?

-İnstagram-dan da istifadə edirəm, çox nadir hallarda şəkil paylaşıram. WhatsApp-dan istifadə edirəm, məlumatlar yazıram, şəkil göndərirəm.

-Rominq xidmətindən istifadə edirsinizmi?

-Bəli, edirəm. Rominq-im açıqdır, dünyanın istənilən yerinə gedəndə istifadə edirəm. Azercell-in qiymətləri həddindən artıq bahadır. Hər dəfə onların göndərdiyi fakturaya baxanda qanım qaralır. Fürsətim olsa bunu araşdıracam, axı havadan bir belə pul almaq olmaz. Dünyada bəlkə də ən bahalı Rominq xidməti Azərbaycandadır. İki ay əvvəl Almaniya və Rusiyada olanda oranın nömrəsini alıb bizim pulla 20-30 manat yüklədim. Bakıyla çox rahat danışırdım, kontur qurtarmaq bilmirdi. Bizdə qiymətlər çox bahadır.

-Mobil internetdən necə istifadə edirsiniz?

-Əsasən yolda, Wi-Fi olmayan yerlərdə mobil internetdən istifadə edirəm. Evdə də, bağda da Wi-Fi  var, təbii ki, bu, bizim yox, nəvələrin istəyindən asılı olaraq quraşdırılıb (gülür). Onlar Wi-Fi-sız yerdə oturmurlar.

İnternetdən gündəlik məlumatlarla tanış olmaq üçün istifadə edirəm. Qəzetlərin və saytların suallarına cavab vermək də, əlaqə baxımından  xeyli asanlaşıb.  Elə saytlar var ki, zəng edib müəyyən məsələlərə münasibət istəyirlər. Eləsi var onlara etibar edirəm, deyirəm telefonla, görsəm ki, dediklərimi düzgün, dəqiq yazırlar, onlarla işim olmur. Amma elələri də var ki, bir şey deyirsən başqa şey yazırlar. Belə olanda  sualları götürüb özüm cavab yazıram. Amma sonra da baxıram ki, reportyorlar xeyli bicləşiblər. Deyirlər ki, sualları göndərək özünüz cavablandırın, əziyyət çəkmək istəmirlər, tənbəllik edirlər (gülür). Axı mənim işlərim çox olur, odur ki, suallara cavab yazmaq imkanlarım məhduddur.

-Qulu müəllim, bildiyimiz kimi yayım texnologiyaları da xeyli inkişaf edib. Əvvəlki televiziya ilə indiki müasir Azərbaycan televiziyaları arasında hansı fərqləri görürsünüz?

-Əlbəttə, fərqlər çox böyükdür. Müasir televiziyanın əvvəlkindən fərqini görüntüdən rahat müşahidə edə bilirik. Mozaika effekti artıb, qrafika TV-yə yeni ifadə imkanları qazandırıb, rəngarənglik çoxalıb, qeyri-xətti montajla xalüqələr yaratmaq olur. Amma biz nədən narazıyıq? Məzmundan. Yəni bütün bu yeni texnologiyaları məzmun olmadan tamaşaçılara sevdirə bilmirik. Məsələn, Çarli Çaplin filmlərini bəsit kameralarla çəkirdi, amma məzmununa görə xeyli populyar idi.  Son illərdə yeni  texnologiyanın ən çox hiss olunduğu film “Titanik”dir. Burada müxtəlif texnoloji sistemlərdən, fərqli nəsil kameralardan,  yeni kino avadanlığından  istifadə olunub, yəni texnologiyanın gücü aydın görünür. Amma texnologiyanın möhtəşəmliyindən əlavə orada güclü müəllif və rejissor işi də var. İndi keçək TV-lərə. Ekranlarda yeni verilişlər çoxalıb, canlı əyləncəli verilişlər artıb, səhər proqramlarında müəyyən canlanma var. Amma bütövlükdə normal bir verilişin adını çəkə bilmirik ki, bu gün Azərbaycan tamaşaçısının heç olmasa 50 faizi o verilişə baxmış olsun. Populyar verilişlər çox azdır, yumorun, satiranın, komediyanın gücü azalıb. Texnologiya televiziyanın işini asanlaşdırıb, amma ona yeni məzmun gətirməyib.

-Azərbaycan dilində olan kitabların elektron versiyası çox azdır. Sizin özünüzün də kitablarınız var. Onların elektron versiyası varmı?

-Bu çox ciddi məsələdir. Hesab edirəm ki, Azərbaycanda, elektron kitabxanaya keçid sürətləndirilməlidir. Məlumatıma görə, Axundov kitabxanasında bu proses artıq gedir. Artıq müəliflərdən kitab qəbul edəndə onun elektron versiyasını da istəyirlər. Kitablarımın, xüsusən dərsliklərimin bir qisminin elektron versiyası var, o biriləri ilə də məşğul olacağam.

-Özünüzü texnologiyadan asılı hesab edirsinizmi?

-Əlbəttə, edirəm. Hətta deyərdim ki, texnologiyanın əsiriyik. Yəni həyatımız bunun üzərində qurulub. İndi texnologiya bizim bütün yaşayış tərzimizi müəyyən edir. Məsələn, əvvəllər tələbələrə baxmaq üçün disk verirdik, sonra məlum oldu ki, bunlar artıq şeydir, çünki materialların hamısı YouTube-da var. Dərslərdə də internetin olması üstünlükdür. İndi BDU-nun jurnalistika fakültəsində çox müasir teleradio studiyası qurulur, hesab edirəm ki, bu, tədrisin keyfiyyətini xeyli artıracaq.  Yazı-pozu adamısansa, yaradıcılıqla məşğul olursansa texnologiya vacibdir. Dövrümüzün, yaşayışımızn çərçivəsini müasir texnologiya müəyyənləşdirir. İndi elektron dövrdə yaşayırıq, bunun qarantisi də radio, kino, televiziya və onları bir platformada birləşdirən internetdir.

-Sizcə, 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?

-Texnologiyaların insanları idarə etməsi bir az şərti anlayışdır. İnsan nə dərəcədə texnologiyaya  təsir edə bilirsə o  həmişə texnologiyanı idarə edəcək. Texnologiyanı  yaradan insan zəkasıdır.  Bu zəkanın hüdudları sonsuzdur. Amma texnologiyanın imkanları məhduddur. Zəka və onun məhsulu arasında həmişə nisbət və anlaşma olub və həmişə də belə qalacaq.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə