“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olundu

11-03-2015 / 16:15

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron hökumət" bülleteni üzrə jurnalistlər üçün növbəti brifinq keçirilib.

Xeberler.az-ın məlumatına görə, brifinqdə jurnalistlərə ay ərzində görülən işlər, həyata keçirilən tədbirlər , sahə üzrə yeniliklər baradə məlumatlar verilib.

Brifinqdə RYTN-nin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanovla yanaşı , Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri çıxış edərək elektron xidmətlər və yeniliklər baradə jurnalistlərin suallarını cavablandırıblar.

Nail Mərdanov bildirib ki, Məlumat Hesablama Mərkəzi tərəfindən ayda bir dəfə "Elektron Hökumət" quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə "Elektron Hökumət" bülleteni dərc olunur.  Bülletendə "Elektron Hökumət" portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin "Elektron Hökumət" və İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır. Görülən işlərin mətbuata birbaşa elan olunması məqsədi ilə hər ayın ilk 10 günündə “Elektron hökumət” bülletini üzrə brifinq keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət komissiyasının informasiya texnologiyaları sektor müdiri Sahib Mərdanov çıxışında bildirib ki, 11 xidmət elektron hökumət portalına inteqrasiya olunub. Sahib Mərdanov Tələbə-məzun elektron məlumat sisteminin Elektron hökumət portalına inteqrasiyasından danışıb.

O, bildirib ki, nəticədə vətəndaş “Elektron hökumət”portalına daxil olduqda öz təhsili ilə bağlı, bitirdiyi təhsil müəssisəsi haqqında məlumatları birbaşa elektron hökumət portalından alıb istifadə edə biləcəklər. Hazırda o da planlaşdırılır ki, vətəndaşa “Elektron hökumət” portalından arayış da verilsin. Bu arayış rəsmi sənəd olacaq və vətəndaş öz təhsili ilə bağlı bütün məlumatları birbaşa portaldan alıb istifadə edə biləcək.

Tədbirdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun informasiya şöbəsinin müdiri Sabir Qocayev bildirib ki, çalışdığı qurumun xidmətləri daim Elektron hökumət portalında ilk yerlərdən birini tutur:

“Bunun başlıca səbəbi -Dövlət Sosial Müdafiə Fondu ölkə əhalisinin 45 faizinə yaxın kontingentə xidmət göstərir. Biz bu məlumat bazasından istifadə edərək əhaliyə müxtəlif xidmətləri göstəririk.  Bu xidmətlərdən ən vacibi isə “Sığorta olunanın onlayn uçota alınması” xidmətidir.  10 min 877 nəfər bu ay ərzində bu xidmətdən istifadə edib. O cümlədən, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” xidməti də ən çox istifadə olunan xidmətlər siyahısındadır”. 

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Informasiya Texnologiyaları şöbəsinin müdiri Yaşar Niftiyev 3 SMS xidmətinin komitənin elektron xidmətlər portalında informativ xidmət kimi vətəndaşların istifadəsinə verildiyini xatırladıb. Onun sözlərinə görə, bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir.

Komitə rəsmisinin sözlərinə görə, hazırda paralele olaraq  ölkə  üzrə ünvanların kadastr xəritələri hazırlanır və ünvan reyestrləri ilə bağlı olan məlumatlarla kadastr məlumatları uyğunlaşdırılır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  çıxış edərək elektron hökumət quruculuğunda, ictimai əhəmiyyətli xidmətlərin daha effektiv formada vətəndaşlara çatdırılmasında, elektron xidmətlərin üstünlüklərinin cəmiyyətə çatdırılmasında  media ilə dövlət qurumlarının əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra elektron xidmətlər və yeniliklər baradə jurnalistlərin suallarını cavablandırılıb.

 

Mirvari Nəcəf

Fotolar: Nəcəf Nəcəf


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.