Elektron hökumətlə bağlı məsələlər müzakirə olundu

03-04-2015 / 11:45

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Brüsselə səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti “Uğurlu elektron hökumət proqramlarının inkişaf etdirilməsində institusional şərtlər” mövzusunda keçirilmiş konfransda iştirak edib.  

Xəbərlər ASAN xidmətin rəsmi saytına istinadən xəbər verir ki, Elektron hökumət, açıq məlumat bazalarının yaradılması, ”ASAN xidmət” təcrübəsinin üstünlükləri və Avropada tətbiqinin əhəmiyyəti tədbirin əsas müzakirə mövzuları olub.

Konfransda Belçika İnformasiya Mərkəzinin baş direktorunun müavini Robert Herzel açılış nitqində vətəndaşlara xidmət və elektron hökumət sahəsində dövlət strukturlarının fəaliyyətindən,  Belçika təcrübəsindən və daha innovativ üsulların tətbiqinin vacibliyindən danışıb.

Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri Fuad İsgəndərov isə Azərbaycanda elektron hökumət sahəsində görülən tədbirlərdən və “ASAN xidmət” modelindən, habelə Dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın uğurlu təcrübəsindən, Azərbaycan-Belçika və Azərbaycan-Avropa Ittifaqı  arasında əməkdaşlığın rolundan danışıb.

Tədbirdə “Vision” təşkilatı tərəfindən hazırlanmış “Vətəndaşlarla dövlət arasında əlaqələrin təkmilləşdirilməsində ağıllı texnologiyalardan və yaradıcılıqdan istifadə: Azərbaycan modeli” adlı hesabatın  təqdimatı da keçirilib.

Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərli “ASAN xidmət” mərkəzlərinin yaradılması, əhaliyə tez, rahat və keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyətin əsas istiqamətləri barədə məlumat verib. Daha sonra "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru Kamran Aqasi Mərkəzlərin iş prinsipindən, keyfiyyət standartları və əməkdaşların seçim qaydalarından danışıb. Bildirib ki, qurumun ən önəmli hədəflərindən biri şəffaflığı təmin etmək və vətəndaş məmnunluğunu artırmaqdır. Həmçinin qeyd edilib ki, son iki ildə mərkəzlər tərəfindən 4 milyondan artıq müraciət qeydə alınıb.

Tədbirin sonunda müvafiq mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Gələcəkdə Azərbaycan, İtaliya, Belçika arasında qabaqcıl təcrübənin tətbiqi, digər ölkələrə çatdırılması istiqamətində əməkdaşlıq və işgüzar əlaqələri davam etdirmək ümümi fikir kimi dəstəklənib.

Tədbirdə həmçinin Brüssel İnformasiya Mərkəzinin nümayəndəsi Fransua Du Mortyer, Avropa Siyasəti Mərkəzi təşkilatının nümayəndələri, Federal İnformasiya-kommunikasiya qurumunun rəsmiləri, ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri, Brüssel ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Martın 30-da oxşar mövzuda Romada “ASAN xidmət” modelinin təqdimatı keçirilib. Tədbirdə bu modelin dünyanın bir çox ölkələrində nümunə kimi istifadə olunduğu vurğulanıb. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə