Elektron resurslar bizdən nəyi alıb, nəyi verəcək?

24-12-2014 / 14:41

“Uşağın vaxtını ələ keçirmək  uğrunda mübarizə güclənib. Kompüter istehsalçıları, kompüter oyunu istehsalçıları, valideynlər, məktəblər, müxtəlif kurslar uşağın vaxtını ələ keçirmək üçün mübarizə aparırlar. Belə bir vaxtda uşağa maraqlı bir şey təqdim etməlisən ki, o vaxtını buna sərf etməyə maraq göstərsin. Məhz elektron dərsliklər, multimedia vəsaitləri bu rolu oynaya bilər”.

Xəbərlər-in verdiyi məlumata görə, bu fikirlər ötən həftə elektron resursların təqdimat mərasimində təhsil naziri Mikayıl Cabbarov tərəfindən səsləndirilib.

Nazir doğru qeyd etmişdi, vaxt dəyərli məfhumdur. Vaxtında deyilən sözün, görülən işin faydası həmişə töhfə verib.

E-resurs.edu.az portalının təqdimatı da elə vaxtında, nazirin çıxışından dərhal sonra baş tutub.

“Portal elektron resursları bir mənbədə yerləşdirmək üçün yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, elektron testlər, intellektual oyunlar və digər bu tipli təhsil resurslarına çıxış əldə edə bilər”, təqdimatı isə biz jurnalistlərdən çox şagirdləri maraqlandıran məsələ idi.

Odur ki, yollanırıq Akademik Zərifə Əliyeva adına liseyə.

Liseyin direktor müavini, informatika müəlliməsi Aygün Əzizova bizi auditoriyalar ilə tanış edir. Məlum olur ki, bütün auditoriyalarda elektron resurslar haqqında məlumatlar divarın son küncündəki  lövhələrdən asılıb və şagirdlər elektron resurslarla bağlı məlumatlandırılıb. 

Şagirddən təklif: “Elektron testlərin sayı artırılsa yaxşı olar”

Şagird Taleh portalda yerləşdirilən tapşırıqların azlığından şikayətlənir: “Elektron testlərin sayı artırılsa yaxşı olar. Riyaziyyat fənnindən cəmi 75 sual var. Hamısını həll etmişəm və suallar təkrarlanır. Bu testlərin üstün cəhəti odur ki, kimin daha çox düzü olacaq deyə öz yoldaşlarımız arasında yarışlar keçiririk. Bu baxımdan tapşırıqların elektron variantı maraqlıdır”.

“Elektron testlər kitabçadakı testlərdən daha asandır”

Şagird Nəbi deyir ki, kompüterin qarşısında  işləmək, elektron tapşırıqları yerinə yetirmək zövqvericidir: “Həm mənə elə gəlir ki, elektron testlər kitabçadakı testlərdən daha asandır. Asan və zövq verdiyi üçün elektron testləri yerinə yetirmək təhsilə maraq yaradır məndə”.

“Test kitabçalarındakı kimi elektron testlərdə də səhvlər var”

8-ci sinif şagirdi Fəridə isə elektron testləri yerinə yetirərkən sistemdə bəzi səhvlərin olduğunu qeyd edir:

“Mən cavabı doğru qeyd etsəm də, bəzən sistem cavabımın yalnış olduğunu göstərir və balımı səhv hesablayır. Proqramda səhvlər olur. Amma test kitabçalarında da belə səhvlərə rast gəlirik”.

 

“Elektron variantın üstünlüyü odur ki, tapşırıqların cavabı dərhal bilinir”

Şagirdlərdən İmran qeyd edir ki, elektron variantda olan tapşırıqların cavabları dərhal bilinir və bu da şagird üçün vacib olan şeydir.

“Test kitabçalarındakı tapşırıqları həll edəndə gərək  cavabları haradansa yoxlayasan, ya da gərək müəllim yoxlaya, bu da vaxt aparır. Ona görə, elektron variant daha əlverişlidir”.

Dərya isə yoldaşlarından fərqli düşünür: “Elektron testləri etdikdə internet ani olaraq kəsilə bilər və bu da həvəsi öldürür. Əlimizdəki qələm isə heç vaxt donmur. Eyni zamanda kompüter şüası da gözümüzə ziyandır”.

9-cu sinif rus bölməsinin şagirdləri isə elektron tapşırıqların test kitabçalarından üstün olduğunu deyir: “Elektron variantdan istifadə etmək asandır. Sən öz seçimini edirsən və tezliklə cavabı ekranda görürsən”.

9-cu sinif Azərbaycan bölməsinin şagirdi Mirmövsüm isə maraqlı yanaşması ilə diqqətimizi çəkdi. O, deyir ki, insan kağıza nisbətən kompütərdən 25 % daha asta oxuyur.

Şagirdləri dinlədikdən sonra liseyin direktor müavini, informatika müəlliməsi Aygün Əzizova  elektron resurların müəllimlərə də faydalı olduğunu deyir:

“Elektron dərsliklərin üstün cəhəti ondadır ki, şagirdlər dərslikləri artıq özləri ilə gəzdirmir. Ona görə də elektron resursların bolluğu şagirdlərin bilik səviyyəsini  və dərs proqramı ilə hazırlaşmasına kömək edir. Elektron dərsliklər bir alətdir, hər bir şagirdə kömək edəcək. Elektron tapşırıqlar bölməsi isə şagirdlər üçün çox maraqlı bölmədir. Faydalı bölmələrdən biri də video resurslardır. Rus, ingilis dilində belə videolar internetdə var idi. Azərbaycan dilində ilk dəfə belə materialların yerləşdirilməsi təqdirəlayiqdir. Portaldan istifadə də çox rahatdır. Hər hansı bir məlumat üçün bir neçə sayt açmağa da gərək yoxdur Çünki, bütün resurslar burada cəmlənib”.

“Şagirdlər lazımi materialları düzgün və əsaslandırılmış mənbədən alacaqlar”

Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri, əməkdar müəllim Almaz Həsrət Xeberler.az-a bildirib ki, elektron resusrların sayəsində təhsil alanların informasiya əldə etmələri çox sürətli olacaq.


“Artıq bəşəriyyət rəqəmsal aləmlə təmasdadır. İnternetin həyatımıza daxil olması  təhsildə artıq yeni bir təhsil mühitinin, məktəblərdə tədrisin tamamilə yeni üsullarının yaradılmasına səbəb olur. İnternetin mövcudluğu, yeni texnologiyalar  dərslərin keçirilməsinə də təbii təsir edir. Müasir təhsil alanların əksəriyyəti məlumatları, informasiyaları artıq kağız üzərindən deyil, internetdən tapırlar. Təhsil alanların internetdə informasiya axtarışında olduqları zaman bilməyərəkdən aidiyyatı saytlara, linklərə daxil olmaqla hədəflərindən uzaqlaşmalarına səbəb olur. Məhz elə hədəfdən  uzaq olmasınlar deyə, şagirdlərin internetdə axtarışı zamanı məktəbdə verilən tapşırığı, mövzularına uyğun lazımı materialları  tez  əldə edib oxumaq üçün milli elektron resusrların olması köməyimizə gəlir. Yaradılmış və sonradan davamlı olaraq əlavələri ilə zənginləşəcək milli elektron resusrlarımızın sayəsində təhsilalanların informasiya əldə etmələri çox sürətli olacaq. Həmçinin də lazımı materiallar artıq tam dolğun olaraq düzgün mənbədən və əsaslandırılmış mənbədən olduğu halda təhlükəsizlik baxımından da çox etibarlı olur. Çünki elə hallar olur ki, internetdə əsaslandırılmamış mövzulara da rast gəlirik. İndiki təhsilalanlar artıq əllərində ən  son müasir kompüter avadanlıqları ilə daha çox çalışırlar. Ona görə də elektron resursların yaradılmasının bu yöndə də çox böyük əhəmiyyəti olduğunu xüsusi vurğulamaq lazımdır”. 

Bəzi məktəblərin elektron məktəbə çevrilməsi məhz bu cür elektron resurslardan istifadəsinə zəmin yaradır. 

Almaz Həsrət qeyd edir ki, elektron məktəblərdə tədrisin elektronlaşdırılması sayəsində bu resursların, ələlxüsus da milli elektron resursların yaradılmasına çox ehtiyac var: “ Əhəmiyyətinə dair bir missal çəkim: Məsələn: Dərs zamanı elə olur ki, müəllim paylayıcı material hazırlamalıdır. Onları şagirdlərə ya ev tapşırığı, ya da sinifdə işlətməlidir. O zaman o kağız dərslikdən hər hansı bir mövzunu əlavə zaman ayıraraq kompüterdə yığmalı olur. Sonra da əgər şəraiti varsa evində, yoxdursa evdən kənar həmin köçürdüyü mətni gedib çıxartdırır. Bu gördüyünüz ki, həm əlavə zamanın sərfinə, həm də əlavə xərcə səbəb olur. Bunun qarşısını artıq elektron resurslar yaranması ala bilər.  Müəllim lazımi mətni şagirdlərə elə elektron versiyadaca göndərir (hər şagirdin kompüterinə, və ya təhsilalanların elektron poçt ünvanlarına) və dərsin gedişi zamanı vaxtına və əlavə xərc çəkmədən öz işinə səmərəli yanaşmış olur”.

“Dərsliyi evdə unutdum müəllim” ifadəsi leksikonumuzdan uzaqlaşacaq

İnformasiya şöbəsinin müdiri Almaz Həsrətin sözlərinə görə, bu resursların sayəsində şagirdlər axtarışa sərf edəcəkləri vaxta qənaət edəcəklər: “Elektron resurslar şagirdlərin işinə çox faydalı olacaq. İkincisi də tez-tez təhsil alanlar tərəfindən eşidilən “dərsliyi evdə unutdum müəllim” ifadəsinin leksikonumuzdan uzaqlaşdırılmasına səbəb olacaqdır. Artıq hamı dərsinə hazırlıqlı gələcək. Çünki dərslik əllərində olan istənilən avadanlıqda (İPad, planşet, netbuk, komputer…) olacaqdır. İstənilən anda da elektron dərslik şagirdlərin ixtiyarında olacaqdır. Elektron dərsliklər nəinki şagirdlərin, hətta valideynlərin və digər maraqğı olan insanların istifadəsində olacaqdır. Növbəti faydası valideynlərin tez-tez bildirdikləri bu : “çantaları ağırdır kitablardan” ifadəsi də sıradan çıxacaq. Yəni əllərində yalnız 1 -2 texniki avadanlıq olandan sonra, heç bir ağırlıqdan söhbət gedə bilməz. Dərslik həmin avadanlıqlarda olur, özü də bütün fənləri əhatə edəcək dərslik. Ənənəvidən fərali olaraq şagird hər gün istədiyi dərslikdən istifadə edə bilər. Bu dərsin keçirilməsi zamanı çox maraqlı fənlər arası inteqrasiyanın yaranmasına da səbəb olur”.

“Elektron dərsliklərin zərərli tərəfini görmürəm”

Almaz Həsrət qeyd edir ki, electron dərsliklərin şagirdlərə zərərindən hələki söhbət gedə bilməz: “Hər hansı bir işi başlarkən öncə onun xeyirli tərəfləri araşdırılır. Sonra isə qazanılacaq xeyirlə yanaşı hansı zərərin olmasına səbəb olacağı da müəyyənləşdirilir. Zənnimcə elektron dərsliklərin yaranmasının heç bir zərərli tərəfi yoxdur. Çünki onsuz da son illər  əksəriyyətimiz bədii kitabları, qəzetləri və s… istədiyimiz, axtarışında olduğumuz lazımi informasiyaların əksəriyyətini elektron formatda  olan resurslardan alırıq, oxuyuruq. Elə dərsliklər də həmin sıradan. Zərərli tərəfini hələ ki görmürəm”.  

“Əlində planşet olan şagirdi təbaşir qane etmir”

Elektron resurslarla tanış olan Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz Xeberler.az-a bildirib ki,  Azərbaycan dilində elektron resursların, elektron dərs vəsaitlərinin hazırlanması vacibdir və faydalıdır:

“Elə bir dövr  yetişib ki, uşaqlar biliyi ancaq informasiya texnologiyalarından – kompüterdən, planşetdən, mobil telefondan almağa üstünlük verirlər. Yəni, klassik qaydada, keçmişdəki kimi lövhə, təbaşirlə biliyin çatdırılması şagirdi qane etmir. Deməli, elə forma metod lazımdır ki, biliyin uşağa çatdırılma prosesində texnologiyalardan istifadə olunsun. Dünya praktikası da göstərir ki, bu ən yaxşı metodlardan biridir. Azərbaycanda da bu istiqamətdə addımlar atılır, onlardan biri də elektron dərsliklərdir. Məktəblərdə kompüter, internet varsa, onlardan faydalı istifadə etmək lazımdır”.

“Harada  internet  varsa, orada elektron dərsliklər də var”

Osman Gündüz qeyd edir ki, elektron dərsliklərin üstünlüklərin  biri əlçatan olmasıdır: “Harada  internet  varsa, orada elektron dərsliklər də var. Təhsil Nazirliyinin uğurlarından biri də elektron dərsliklərin əlçatanlığının təmin olunmasıdır. Əvvəlki dövrlərdə, Təhsil Nazirliyinin pulu ilə dərslik hazırlayan şirkətlər bundan öz kommersiya maraqları üçün istifadə edirdilər. Şirkət bu satıb pul qazanırdı, halbuki Təhsil Nazirliyi bundan səmərəli istifadə edə bilərdi. Bu məsələni Təhsil Nazirliyi ar həll etdi. Ynəi Təhsil Nazirliyinin büdcəsi ilə hazırlanan vəsaitlər artıq qurumun özünə məxsusdur”.

Təklif: “Elektron dərsliklərin sayı artırılmalıdır”

AİF prezidenti hesab edir ki, 100-lərlə dərsliklər,  test vəsaitləri var və bunlar hamısı elektron varianta çevrilməlidir: “Eyni zamanda, bu resurslarda multimedialılıq təmin olunmalıdır. Kağız formatda olan dərsliyi sadəcə PDF,  word formatlarına çevirməklə işi bitmiş hesab etmək olmaz. Bu əslində elektron dərsliklər deyil. Elektron dərslikdə multimedialılıq, interaktivlik, erqonomiklik təmin olunmalıdır. Yoxsa bunlar heç kimi cəlb etməyəcək. Dərslikdə video, audio, animasiya olmalıdır və bunlar bir-biri ilə əlaqədə olmalıdır. Elektron dərsliklərdəki multimedialılıq hələlik yetərincə deyil. Bunlar həll olunduqdan sonra təhsildə ciddi uğurlar əldə olunacaq və biliyin şagirdlə çatdırılması ilə bağlı işlər daha sürətli şəkildə özünü göstərəcək”.

“Elektron dərsliklərdən istifadə kitabdan imtinaya gətirib çıxarmamalıdır”

 “XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev Xeberler.az-a bildirib ki, elektron resursların şagirdlərlə yanaşı valideyn, müəllimlərə də xeyri var:

“Elektron resurslardan istifadə etməklə təhsil prosesinin qurulması informasiya cəmiyyətinin məhsuludur. Bir çox ölkələrdə artıq bu sistem tətbiq olunmağa başlayıb, o cümlədən Türkiyədə artıq şagirdlər təkcə bilgisayardan istifadə edərək dərsdə iştirak edirlər. Şagirdlərlə yanaşı, valideyn, müəllimlər  kitabla yanaşı elektron resursların tərkibinə daxil olan elektron dərsliklərdən də istifadə edə biləcəklər.  Və elektron dərsliklərdən istifadə etməklə dərsliklərdəki nöqsanları daha aydın görə biləcəklər və nəyin uşaq üçün daha əhəmiyyətli olduğunu müəyyən edə biləcəklər. Hər halda valideynlər ağır çəkidə olan kitablardan şikayət etməyəcəklər. Elə deyərdim ki, bu çəkinin azalmasına xidmət edən bir tədbirdir. Amma yenə də hesab edirəm ki, bu proses kitablardan tam şəkildə imtina edilməsinə gətirib çıxarmamalıdır”.

“Dərslik keyfiyyətsizdirsə, elektron dərsliklər də keyfiyyətsiz olacaq”

Ekspert qeyd edir ki, elektron resursların ixtirasına e-dərsliklər də daxildir: “ Elektron dərsliklər şübhəsiz indi bizim dövriyyədə olan dərsliklərimizin əsasında yerləşdirilmiş materiallardan ibarətdir. Əgər dərsliyin özü keyfiyyətsizdirsə, onun elektron variantı da həmin səciyyəni daşımış olacaq. Amma elektron dərsliklərin üstün cəhəti ondadır ki, onlardan istifadə zamanı bunlar daha aydın şəkildə ortaya sıxacaq və imkan verəcək ki, dərsliklərin məzmunu təkmilləşdirilsin, dəyişikliklərə şərait yaradılsın”. 

 

Mirvari Nəcəf

Fotolar: Jalə Şahinqızı


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə