Elektron səhiyyə ilə bağlı seminar keçirilib

05-04-2019 / 15:17

Aprelin 4-5-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) beynəlxalq ekspertlərin iştirakı ilə “Maraqlı tərəflər üçün elektron səhiyyənin standartlaşdırılması” mövzusunda seminar keçirilib.

Xeberler.az  bildirir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi, Səhiyyə Nazirliyinin Statistika İdarəsi, Elmi-Tibbi Kitabxana və İSİM-in nümayəndələri seminarda iştirak ediblər.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev Azərbaycanda elektron səhiyyə sahəsində görülən işlərdən və əldə olunan nailiyyətlərdən söz açaraq deyib:

“Müasir dövrdə elektron səhiyyə tibbi-sanitar xidmətin ən dinamik inkişaf edən istiqamətidir və bu gün ölkəmizdə “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində səhiyyə sahəsində elektron xidmətlərin genişləndirilməsi uğurla həyata keçirilir”.

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə tibbi məlumatların elektronlaşdırılması istiqamətində yeniliklərin əhəmiyyətini vurğulayıb:

“Ölkəmizdə innovasiyaların tətbiqinin genişləndirilməsi üçün səmərəli mexanizmlərin yaradılması nəzərdə tutulur. “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” proqramı çərçivəsində hazırlanacaq səhiyyə informasiya sistemi özündə elektron səhiyyə məlumatlarını, elektron resepti, elektron tibbi uçotun aparılmasını, mərkəzi rəqəmsal qeydiyyat sisteminin yaradılmasını və digər komponentləri birləşdirəcək”.

Estoniyada elektron səhiyyənin standartlaşdırılması ilə məşğul olan ekspertlər – professor Piter Ross və Valentin Skibçik təcrübələrini bölüşüblər və hazırda Estoniyada istifadə olunan elektron səhiyyə modeli ilə iştrakçıları ətraflı tanış ediblər.

Səmərəli fikir mübadiləsi şəraitində keçən seminarda müxtəlif ölkələrdə tətbiq olunan elektron səhiyyə standartları geniş təhlil olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə