Əmək Yarmarkasında kimlər iş tapdı?

13-03-2018 / 11:02

Məlumat verdiyimiz kimi, ötən həftə sonu Qərbi Kaspi Universitetinin təşkilatçılığı və "ASAN kadr” Karyera Mərkəzinin təşkilati dəstəyi ilə Əmək Yarmarkası keçirilib. 

Qeyd edək ki, tədbirdə Qərbi Kaspi Universitetinin rektoru Andris Leitas da iştirak edib.

Əmək Yarmarkasında müxtəlif sahə üzrə şirkətlər iştirak edib. Onlar vakansiyalarını təqdim edərək iş axtaranlara ətraflı məlumat verib.

Xeberler.az olaraq maraqlı şirkətlərin iştirakı ilə baş tutan yarmarkanın nəticələri, ümumi əhəmiyyəti ilə maraqlandıq.

Qərbi Kaspi Universitetinin İnnovasiya Şöbəsinin rəhbəri Rauf Həsənov bildirib ki,  yarmarkaya SOCAR, Holcim, Təmiz Şəhər ASC, Schlumberger Logelko, Gilan Holding, Azərsun, Ata Holding, Bakcell, Azercell kimi şirkətlər qatılıb.

Bununla yanaşı, Əmək Yarmarkasında aparacı banklar, sığorta və turizm şirkətləri, ümumilikdə 50-dək şirkət qatılaraq vakansiya və tələbələr üçün təcrübə proqramlarını təqdim edib.

Onun sözlərinə görə, sərgi iş axtaranlarla işəgötürənlərin əlaqələndirilməsi, eləcə də tələbələrin yeni təcrübə proqramları barədə informasiyalar əldə etməsi baxımdan əhəmiyyətli olub.

Bakcell şirkətinin İnsan Resursları Departamentinin əməkdaşı Elnarə Verdiyeva deyib ki, onlara yarmarkada 200-dək gənc yaxınlaşaraq iş və təcrübə imkanları ilə maraqlanıblar:

"Onlardan bəziləri CV-lərini təqdim etdilər, bəzilərini iş müsahibəsində iştiraka dəvət etdik. Şirkətimizdə satış və marketinq şöbəsində vakansiyalarımız var. Hesab edirəm ki, bu tədbir tələbələr, gənclər üçün faydalı olacaq”.

Atəşgah sığorta şirkətinin əməkdaşı Səidə Qurbanova isə tələbələrin xüsusilə təcrübə proqramları ilə maraqlandığını deyib:

“Hazırda bir neçə vakansiyamız var. Maraqlananlar çoxdur. Vakansiyalarımızda təcrübə tələb olunmur. Potensialı olan gəncləri cəlb etməkdə maraqlıyıq”.

Qərbi Kaspi Universitetinin tələbəsi Yadigar Nağıyev bildirib ki, şirkətlərdən bir neçəsinə təcrübə proqramı üçün müraciət edib:

"Universitetimiz bizə təcrübə proqramlarına qoşulmaq üçün müxtəlif imkanlar yaradır. Bugünkü yarmarka bu imkanlardan biridir. Üç şirkətə təcrübə proqramı üçün müraciət etmişəm. Əgər hər üçündən dəvət gəlsə, sonra seçim edərəm. İnanıram ki, təcrübə proqramında özümü doğruldacam, daha sonra iş təklifi də alacağam”.

Sərgiyə başqa universitetin tələbələri, məzunları da qatılıb.

Bakı Dövlət Universitetinin ötənilki məzunu Əli Süleymanov bir neçə şirkətin vakansyiyaları ilə tanış olub:

"10-dan artıq şirkətin vakansiyası ilə tanış oldum. Holcim, Azercell və Sumqayıt Sənaye Parkına CV təqdim etdim. Ümid edirəm, nəsə alınacaq”.

Universitetdən Xeberler.az-a verilən məlumata görə, yarmarka gənclərin şirkətlərin tələb etdiyi kompitensiyalar barədə məlumatlar alması, işəgötürənlərin İnsan Resursları Departamentlərinin əməkdaşları ilə birbaşa təması baxımından da əhəmiyyətli olub. 

Məlumata görə, yarmarka yalnız gənclər üçün təşkil edilməyib. Belə ki, 44 yaşlı Vahid Axundov deyir ki, iş üçün burada bir neçə şirkətə müraciət edib:

"Bank, mühasibatlıq sahəsində təcrübəm var. Bir neçə banka və sığorta şirkətlərinə müraciət etdim. CV-ni qəbul etdilər, ümid edirəm, əlaqə saxlayacaqlar”.

Qərbi Kaspi Universitetinin məzunu olmuş Lamiyə Niftiyeva isə əmindir ki, o, burada iş tapıb:

"İş üçün şirkətlərdən birinə müraciət etdim. HR buarada olduğundan elə buradaca müsahibə təşkil edildi. Xarici dil bilikləri filan tələb olunurdu. Mənim də IELTS sertifikatım var, özümlə götürmüşdüm, müsahibənin bir hissəsi də ingiliscə oldu. Dedilər ki, müraciət etdiyim vakansiyaya tam uyğun gəlirəm, növbəti həftə məni rəhbərliklə görüşdürəcəklər”.

Xeberler.az

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.