Facebook müəmması

20-12-2014 / 12:18

Facebook növbəti addımı atdı: sosial şəbəkə saxta profilləri aşkarladıqda, xəbərdarlıq etmədən onları bağlayacaq.  Facebook hesabına girərkən belə yazı çıxacaq: Facebook hesabınızdakı ad gerçək deyil. Dostlarının kiminlə ünsiyyət qurduğunu öyrənmək üçün hər kəsə real həyatdakı adını istifadə etməyi təklif edirik”. Bu yazının altında isə şəxsiyyət, sürücülük vəsiqəsinin surətinin yerləşdirilməsi tələbi olacaq. Facebook şəxsiyyətinizin doğruluğuna inandıqdan sonra hesabı geri verəcəyi bildirilir.

Son dövrdə Facebook, Instagram, Twitter, Whatsapp kimi nəhəng platformalarda qəribə proseslər gedir. Bir tərəfdən Facebook-un saxta profilləri ləğv etmək istəyi normaldır. Hətta iki ay öncə ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) apardığı təhqiqatlar zamanı saxta Facebook hesabından istifadə etməsi aşkarlanmış, sosial şəbəkəsinin xidmət rəisi  Co Sallivan məsələ ilə bağlı DEA-ya məktub da ünvanlamışdı. Məktubda hüquq-mühafizə orqanlarının digər istifadəçilər kimi müəyyən olunmuş qaydalara riayət etməsi, yalan informasiyaları yaymaqdan çəkinməsi təklifi yer almışdı. Digər tərəfdən isə qeydiyyatdan keçmiş insandan hər hansı bir sənədin verilməsi təklifi şəxsi məlumatın kiməsə ötürülməsindən başqa bir şey deyil.

Yəni Azərbaycanda yaşayan bir insan kimliyini təsdiq etmək üçün sənədinin surətini başqa bir dövlətdə yerləşən şirkətə ötürməlidir. Hələlik saxta profilləri bağlamaq adı ilə başlanan kampaniya bir müddət sonra elə qayda halına keçə bilər. Şəbəkədə olmaq istəyirsənsə, sənəd təqdim etməlisən. Ev alğı-satqısı etmirsən, şirkət almırsan, sadəcə sosial şəbəkədə ünsiyyət üçün qeydiyyatdan keçirsən.

Heç bir məhsul istehsal etməyən Facebook şəbəkəsi Whatsapp, Instagram kimi platformaları da alıb. Deyirlər, şəbəkə reklamdan xeyli pul qazanır, bəlkə də. Yəni Whatsapp, Instagram kimi əslində xeyir gətirməyən layihələri satın alması bir yana, hələ vurduğu ziyanı belə ödəməli olur. Dünyanın ən məşhur mesenceri WhatsApp-ı 22 milyard dollara alan Facebook 2014-cü ilin 6 ayında WhatsApp-ın kəsirinin ötən ilə nisbətən 4 dəfə artaraq 232.5 milyon dollar təşkil etdiyini açıqlayıb.

Şəbəkənin səhmləri 11 faiz ucuzlaşıb. Cəmi iki ay öncə Facebook-un maliyyə meneceri Deyv Veyner analitiklərə sosial şəbəkənin kapital xərclərini 2015-ci ildə 55-75%-dək artırmağı planlaşdırdığını söyləyib. Bu yatırımlar WhatsApp, İnstagram kimi xidmətlərə, Oculus VR virtual reallıq texnologiya istehsalçısına, İnternet.org xeyriyyə təşəbbüsünə və gəlir gətirməyən digər layihələrin inkişafına yönələcək.

Facebook-un baş direktoru Mark Suxerberq yaxın üç ilə şəbəkənin hazırki istifadəçilər üçün nəzərdə tutulmuş servislərinin təkmilləşəcəyinə, beş ilə isə Instagram, WhatApp və digər xidmətlərin müstəqil, nəhəng şirkətlərə çevriləcəyinə ümid etdiyini vurğulayıb. Mark deyir, narahat olmayın, pul olacaq, təki insanlar bu platformalardan yararlansın, başqa yerdə yox, elə burada çatlaşsınlar, bölüşsünlər, danışsınlar. Pul tapılar.

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu ilin noyabrında “Global Stats” statistika mərkəzinə istinadla Azərbaycanda Facebook-un payının 23,3 faiz artaraq sosial media bazarının 89,73 faizini tutduğunu bildirib

Yəni bu şəbəkə Azərbaycan üçün strateji əhəmiyyətlidir, əhalinin əksər hissəsi burdadır. Yaponiya kimi ölkədə Facebook demək olar yoxdur, bazarı tuta bilməyib. Amma bizdə tuta bilib.

Bir ay öncə İngiltərənin radioelektron kəşfiyyatla məşğul olan Hökumət Əlaqələri Mərkəzi (Government Communications Headquarters, GCHQ) Facebook və Twitter sosial şəbəkələrinin terror təşkilatlarına  dəstək olduğunu açıqlayıb. Mərkəzin məsul şəxsi Robert Hannigan mətbuata bildirib ki, Facebook, Twitter, Whatsapp kimi sosial şəbəkələr terror qruplarının əlaqə qurmasına, insanların şəxsi məlumatlarını əldə etməsinə şərait yaradır. Hannigan Facebook və Twitter-ə qanun çərçivəsində  məhdudiyyət qoyulmasını istəyib.  

Bir müddət öncə isə Facebook-un rəhbərliyi 2015-ci il yanvarın 1-dən istifadəçilərinə xəbərdarlıq etmədən onlara məxsus məlumatlarını üçüncü tərəfə ötürəcəyi haqda məlumat yaydı.  Hazırda, şəbəkə bütün istifadəçilərə bildiriş göndərməklə onları məlumatlandırır. Media hüququ üzrə ekspert Ələsgər Məmmədl isə Facebook-un Amerikada fəaliyyət göstərdiyini, Avropa İnsan Haqları Konvensiyasının (AİHK) təsir dairəsində olmadığını, qanun pozuntusu olsa belə, bunu AİHK ilə mübahisələndirməyin mümkünsüz olduğunu qeyd edib.

Yəni xeyir gətirməyən xidmətləri satın alan, bu layihələrə maliyyə yatıran bir şəbəkə üstəlik istifadəçi məlumatlarını toplamaq, onları istədiyi tərəfə ötürmək, başqa sözlə, satmağı planlaşdırır.

Dünyanın ikinci ən böyük şəbəkəsi olan Twitter ötən il 64.6 milyon dollar, bu il isə rəqəm 175,6 milyona zərərlə işləyib.  Bunu şirkətin rəsmisi Dik Costolo bu ilin oktyabrında boynuna alıb.

“O olmasın, bu olsun” filmindəki məşhur ifadə yerinə düşərdi: Hamam yaxşı hamamdır, pulunu kim verəcək? Ziyana işləyən layihələrin pulunu kim ödəyir, Facebook WhatsApp-ı Azərbaycanın iki illik büdcəsinə alır, özü də 6 aya 232.5 milyon dollar zərərini ödəyir. Twitter isə açıq-aydın ziyanla işləyir. Dünyanı idarə edən şəbəkələrin pulunu kim ödəyir, ziyanı kim örtür?

Azərbaycandan bunu araşdırmaq bir qədər çətindir, sadəcə prosesləri diqqətlə izləməliyik. Faktları bir sıraya toplayaq: Facebook şəxsi məlumatları istədiyi üçüncü tərəfə ötürməyi düşünür, şəxsiyyətiniz şübhə doğurursa, şəxsiyyəti təsdiqləyən sənəd tələbi ola də olacaq, ingilis kəşfiyyatçısı sosial şəbəkələrin terror qruplarının əlaqə qurmasına, insanların şəxsi məlumatlarını əldə etməsinə şərait yaratdığını söyləyir.

“Məlumat toplayan və insanlara təsir edən şəbəkələri kim maliyyələşdirir, pulunu kim ödəyir” sualının bir cavabı var: artıq pul qazanmaqda marağı olmayan, pulu kifayət qədər olan, dünyanı gizlindən idarə edən qüvvələr.

Bu vəziyyətdə adi istifadəçi nə edə bilər? Bəzi sadə məsləhətlərdən yararlanmaq yerinə düşərdi. Şəbəkəyə gedən heç bir məlumat silinmir, onun silinmə mexanizmi yoxdur. Hər şey yaddaşlarda qalır, deməli bir məlumatı yayarkən, ehtiyatlı olmaq tələb olunur, gizli bir məsələni şəbəkənin çatında yazmaq lazım deyil, bunun üçün başqa imkanlar var. Əgər sabah Facebook-a alternativ bir şəbəkə yaransa, şəbəkəni dəyişmək olar. Qeydiyyatdan keçərkən orada təklif olunan şərtləri diqqətlə oxumaq lazımdır, qane etmirsə, şəbəkəni tərk etmək olar.

İnternetin gözəlliyi onun təklif etdiyi alternativlərdədir, sadəcə insanlar bunları axtarmaq istəmirlər. Heç bir şirkətin şəxsi məlumatları ona vermək tələbi ola bilməz, bu məlumatları bildiyi kimi istifadə etmək hüququ da yoxdur.

Ayıq olmalıyıq… 

İsmayıl Rafiqoğlu

ismayilrafig (a) gmail. com

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.