Facebook-un ictimai və biznes çəkisi azala bilərmi?

23-01-2018 / 14:28

Məlum olduğu kimi, Facebook rəhbərliyi yeni bir konsepsiya irəli sürüb. Bu konsepsiyaya görə, Facebook internet media üçün, korporativ sektor üçün müəyyən qədər qapalı olacaq .

Beləliklə, ölkənin media sektorunda, xüsusilə də internet media sahəsində yeni inkişaf mərhələsi başlayacaq.

Facebook-un ictimai çəkisi azala bilərmi?

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz Xeberler.az-a bildirib ki, İnternet ənənəvi medianı iflasdan xilas etmişdi:

“Yəni, az qala ölüb getməkdə olan, heç bir nüsxəsini də sata bilməyən hansısa bir qəzet və ya jurnal internetə inteqrasiya etməklə ayaqda dura bilmişdi. İnternet inkişaf etdikcə bloqçuluq ciddi inkişaf etməyə başladı, bloqu olmayana az qala geridə qalmış birisi olaraq yanaşmağa başladılar. “Bloqçu yoxsa jurnalist” mövzusunda ictimai müzakirələr baş alıb getdi. Və nəticədə ölkəmizdə nəhəng bir bloqosfera formalaşdı. Sonradan isə sosial media, Facebook, Twitter, Youtube və s. ciddi inkişaf etməyə başladı. Bu zaman ənənəvi media və internet media sosial media hesabları açmaqla, sosial mediaya inteqrasiya etməklə daha da oturuşdu. Nəticədə nəhəng bir internet media və sosial media sektoru formalaşdı”.

Onun sözlərinə görə, bununla belə bu mərhələdə internet media və sosial media o qədər inkişaf etdi ki klassik bloqçuluğu, bloqu, bütövlükdə bloqosferanı iflasa uğratdı. 

Ekspert qeyd edib ki, indi isə yeni bir mərhələ gəlir. Artıq bu, indidən hiss olunmağa başlayıb:

“Yəni, bu sosial media resursunda media qurumlarının xəbərləri, şirkətlərin paylaşımları, korporativ paylaşmalar görsənməyəcək. Onların Facebook-dan əvvəlki qaydada geniş istiadəsi mümkünsüz olacaq. Özəl kontent ön plana çıxacaq. Beləliklə, bizim Facebook istifadəçilərimiz də hər gün gördükləri xəbər linklərini, video linkləri öz Facebook səhifələrində görməyəcəklər”.

Nə üçün Mark bu qərara gəlib ? 


“Əslində bunun kökü hazırda ABŞ- da prezident Trampın seçkisində “rus barmağı” faktoruna qarşı demokratların apardığı və indiyədək də əl çəkmədikləri mübarizə ilə bağlıdır. Demokratlar Trampın qalib gəlməsində rusların sosial media vasitəsilə apardıqları nəhəng bir kampaniyanın həlledici rolunun olduğu iddiasındadırlar. Və belə görünür ki Mark Facebook-u trollardan, kənar təsirlərdən, saxta xəbərlərdən və s. qorumağa, ictimai-siyasi proseslərə süni təsirlərini azaltmağa qərar verib. Yəni, görünən budur ki, Mark adi istiadəçiyə daha çox üstünlük verməyi düşünür, nəinki hansısa sirkətin, media qurumunun linkinə. Mark-ın yanaşmasına görə o, Facebook-u korporativ təsirlərdən, şirkət, redaksiya, agentlik ekspansiyasından azad etmək və adi istifədəçilərin ixtiyarına vermək iddiasındadır”.

Bundan sonra nə baş verəcək ?

“Fikrimcə, Facebook rəhbərliyinin bu addımı ümumiyyətlə informasiya mühitinə, informasiya əldə edilməsinə mənfi təsrlər göstərəcək. Xüsusən də bizim ölkədə Facebook ciddi bir informasiya mənbəyinə, ictimai müzakirələr platformasına çevrilmişdi. Düşünürəm ki, Mark-ın bu addımı elə bizim ölkədə də Facebook-un ictimai rəyə təsir imkanlarını, ümumilikdə isə onun ictimai çəkisini azalda bilər.
Eyni zamanda düşünürəm ki, Facebook-un bu addımı rəqəmsal sektorda ciddi dəyişikliklər edəcək. Hətta ola bilər ki bu cür inkişaf tendensiyası daha bir fəaliyyət sahəsini də arxivə göndərsin. İlk növbədə əziyyət çəkən, rəqəmsal biznes sektoru, internet marketinq sektoru ola bilər. Bütövlükdə rəqəmsal biznes üçün bu reforma mənfi təsir göstərəcək. Ölkəmizdə son zamanlar yetərincə inkişaf edən SMM və rəqəmsal marketin1 sahəsi üçün yeni inkişaf modelləri üzərində düşünmək lazım gələcək”.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə