Fiziki məhdudiyyətli vətəndaşlara necə dəstək olmalı?

11-10-2017 / 14:30

Dünyanın hər bir ölkəsində fiziki məhdudiyyətli insanlar yaşayır. Onlar, xüsusi yanaşma tələb edən spesifik insanlardır. Bu insanların mərhəmətə deyil, məhz yanaşmaya ehtiyacları var. Yəni, insanlara maddi dəstək yox, özlərini ifadə edərək həyatlarını təmin edə biləcəkləri vasitələr vermək lazımdır.  

Təəssüf ki, bizim ölkənin mental xüsusiyyətləri fiziki məhdudiyyətli insanlara qarşı mərhəmət hissi ilə məhdudlaşır. Əslində isə bu insanların bəlkə də ən az ehtiyac duyduqları şey elə mərhəmətdir. Üstəlik, belə yanaşma çox vaxt fiziki məhdudiyyətli insanların sosial həyatdan təcrid edilməsi ilə nəticələnir.  

 

Belə insanların bilik və bacarıqlar qazanmalarına, işlə təmin edilmələrinə şərait yaratmaq, bununla da onların normal həyat qurmalarına, cəmiyyətin ayrılmaz bir hissəsi olmalarına çalışmaq lazımdır. İnkişaf etmiş ölkələrdə iri şirkətlər fiziki məhdudiyyətli insanların cəmiyyətin bir hissəsi olmaları üçün şərait yaratmağı özlərinə borc bilirlər. Bu, şirkətlərin sosial məsuliyyətidir, onlar dərk edirlər ki, bir ölkədə pul qazanırsansa, dövlətə vergi ödəməklə yanaşı, həm də sağlam cəmiyyətin formalaşmasına dəstək olmalısan. 

Heyf ki, Azərbaycanda belə şirkətlərin sayı azdır. Onlardan biri – “Nar”-ın fəaliyyəti digərləri üçün nümunə ola bilər.

Hər şey 2013-cü ildə başladı: mobil operator özünün korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Beynəlxalq karlar gününə həsr edilmiş bir aksiya keçirdi. “Eşitməmək – düşünməmək deyil” layihəsi çərçivəsində Azərbaycan Karlar Cəmiyyətinə “Microsoft Excel”, “Microsoft Word”, “Microsoft PowerPoint” və digər ofis proqramlarının yazıldığı DVD videokurslar təqdim edildi.

2014-cü ildə eşitmə və nitq qabiliyyəti məhdud olanlar üçün məktəb yaradıldı. İlk mərhələdə 3 ay ərzində bu məktəbdə 25 nəfər floristika, bərbər işi, dekorativ əl işləri və kompüter işi kimi 4 istiqamət üzrə təlim keçdi. “Nar” həm də məktəb məzunlarının məşğulluq məsələsinə xüsusi həssaslıqla yanaşdı. Bu ərəfədə şirkətdə artıq 15 nəfər eşitmə və nitq qabiliyyətli şəxs çalışırdı.  

2016-cı ildə Nar fiziki məhdudiyyətli şəxslərin ştatdan kənar, məsafədən çalışmalarına hesablanmış xüsusi məşğulluq xidmətinin yaradılması istiqamətində növbəti sosial layihəyə start verdi.

Elə həmin il mobil operator “Uğur akademiyası” və ASAN ilə birlikdə “Həyat bizimlə daha rəngarəng” şüarı altında “Təlim məktəbi” layihəsinin növbəti mərhələsinə başladı. 3 ay müddətində həyata keçirilən layihə çərçivəsində 18-30 yaş arası eşitmə və nitq qabiliyyətli 75 gənc 3 istiqamət üzrə təlim keçdi: rabitə cihazı təmiri, kompüter təmiri və dizayn proqramları. Təlim müddətində xüsusi dəvət edilmiş psixoloq iştirakçılarla işləyərək onların daxili çətinliklərə üstün gəlmələri, özünə inam və güclü motivasiya hissinə sahib olmaları üçün müvafiq iş apardı. Bu il Nar bu təcrübəni bölgələrdə də tətbiq etməyə başlayıb. Məsələn, 2 ay ərzində 40 gənc Zaqatalada smartfon təmiri, aşpaz və dərzi kurslarında iştirak edib.

 

Bu layihə ilə Nar Azərbaycanın özəl sektoruna örnək oldu. Nəzərə almaq lazımdır ki, yalnız bir şirkət bu sahədəki vəziyyəti kökündən dəyişmək iqtidarında deyil. Ölkədə sadəcə eşitmə və nitq qabiliyyəti məhdud olan vətəndaşların sayı 8 minə yaxındır. Öz sosial məsuliyyətini dərk edən iri şirkətlər aktiv olmalıdırlar.

Özəl sektor fiziki məhdudiyyətli şəxslərin ehtiyaclarına qarşı kar və kor olmamalıdır.

Xeberler.az  

 

 

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.