GƏLƏCƏYİMİZİN ÖZÜLÜNÜ QAZIYANLAR ( 2-ci MƏQALƏ)

29-09-2008 / 00:13

(Əvvəli ötən sayımızda)

İKT proqramı məktəbliləri savadlandırmaqdan çox, korrupsiyaya xidmət edir

 2007-ci ilin sonunda “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının (2005-2007-ci illər)” icrası başa çatdı. Lakin bu proqram da indiyədək qəbul edilmiş bənzər dövlət sənədlərinin əksəriyyəti kimi, vəd olunan nəticələrin heç birinə nail ola bilmədi. Nazir Misir Mərdanovun söz verdiyi kimi, nə vahid təhsil-informasiya mühiti yarandı və 10 000 iş yeri açıldı, nə də nazirin hesabatlarda saxta rəqəmlərlə anlatdığı kimi, 28 şagird - 1 kompyuter nisbətinə nail olundu. Arada Azərbaycan xalqının bir çox başqa dərdlərinin çözülməsinə xidmət edə biləcək 30 milyon manat (təxminən 35 milyon dollar) xərcləndi, it-bata düşdü. Elə biz də bu vəsaitlərin hardan gəlib hara getdiyini aydınlaşdırmağa çalışdıq.

(əvvəli ötən sayımızda)

Jurnalistlərin Beynəlxalq Mərkəzinin Bakı ofisi tərəfindən təşkil olunmuş Dərinləşdirilmiş Tədqiqat Jurnalistikası Təliminin iştirakçılarından olan həmkarımız Sevda Qaravəllinin ayrıca KÜR kompyuterlərinin keyfiyyəti ilə bağlı apardığı araşdırma zamanı da diqqət çəkən faktlara rast gəlinib. Çəkilişlər zamanı Bakının 49 saylı məktəbində kompyuterlərin yarıdan çoxunun işləmədiyi aşkarlanıb.
Məktəbin informatika müəllimi Nuranə İbrahimxəlilova bildirib ki, problemlər çox vaxt mauslarda olur, həmçinin proqramlarla bağlı olur, kompyuter işlədiyi yerdə tez-tez sonüb yanır: “İki kompyuter zalımız var. Birində 11, digərində 7 kompyuter var. İşləməyən kompyuterlər daha çoxdur. Hazırda cəmi 7 kompyuter işləyir\\\". Şagirdlər isə kompyuterlərdə daha maraqlı proqramların olmasını arzulayırlar. Məktəbli Seyidağa Səmədov çəkiliş zamanı həmkarımıza bildirib: “Gələcəkdə öyrənmək üçün daha ağır proqramların olmasını istərdim, ev çertyojları çəkmək üçün məsələn. Onlardan burda yoxdur”.
Bakının bəzi məktəblərində isə vəziyyət daha yaxşıdır. Əzizbəyov rayonundakı bir neçə məktəblə bağlı bu təhsil müəssisələrində oxuyan şagirdlərlə söhbət apardıq. kompyuterlərdən daha az şikayət edilən məktəblərdə şagirdlər kompyuterlər say baxımından az olduğu üçün işləmək imkanlarının məhdudluğundan gileylənirlər. 5-ci sinif şagirdi Elbrus Hüseynov: “kompyuterlə çox maraqlanıram. Hər şeyi bilmək istəyirəm. Məktəbdə buna vaxt olmur. Həftədə 45 dəqiqə keçilən dərslə təbii ki, kompyuter biliklərimizi artıra, yaxşı kompyuter bilicisi ola bilməyəcəyəm. Yaxşı ki, evdə kompyuter var və mən başqa uşaqlardan daha çox bilmək  imkanlarımı onun sayəsində artırıram\\\".
Elbrusun sözlərinə görə, iki ildir (2006-2007, 2007-2008) kompyuter dərsləri keçirlər: “Birinci il ümumiyyətlə, kompyuterlər yox idi. Müəllim dərsi yazı taxtasında anladırdı. Biz də dərsdən sonra internetkluba gedib kompyuterlərdə işləyən uşaqların başının üstünü kəsdirir, onların əllərinə baxaraq nə etdiklərini öyrənirdik”. Elbrusun qardaşı Əhməd 8-ci sinifdə oxuyur. Onun sözlərinə görə, kompyuterlərin əsas problemi mauslarında olurmuş: “İki müəllimimiz var məktəbdə. Bizim müəllim işləməyən mausları bizdən pul yığaraq təzələdi. İndi daha rahat işləyə bilirik. İki həftədə bir dəfə tarix, zoologiya və biologiya dərslərini bizə kompyuterdə slaydların müşayiəti ilə keçirlər. Məncə, hər dərsi bu şəkildə keçsək, daha maraqlı olar. Ancaq məktəbdə o qədər kompyuter yoxdu ki, buna imkan olsun. 800 şagird var, 18 kompyuter”.
Əhməd bizə onu da bildirdi ki, məktəbdəki kompüerlər tez-tez servis xidməti tərəfindən yoxlanılır və nasazlıqlar aradan qaldırılır. O, həm də məktəbdə internetin olmamasından gileyləndi: “Məktəbdə internet yoxdu, biz ondan istifadə etməyi öyrənə bilmirik. İnternet əsri olan bir zamanda internetsiz kompyuter o qədər maraqlı deyil\\\".
Lənkəran Rayon Təhsil Şöbəsinin Xarici Dillər Təmayüllü ümumtəhsil İnternat Məktəbinin direktoru Mənsur Ağayev də kompyuterlərlə bağlı problemlərin olduğunu, ancaq tez-tez nasazlayan kompyuterlərin məktəbin özü tərəfindən təmir edildiyini bildirib. Direktor zəmanət və servis göstərilməsi ilə bağlı suala cavab olaraq deyib ki, belə xırda şeylərə görə Təhsil Nazirliyini narahat etmək istəmirlər. Rayonun Həzi Aslanov adına 3 saylı məktəbinin informatika müəllimi bildirib ki, kompyuterlər tez köhnəlir və iş zamanı donur. “Köhnəlir” deyəndə ki, məktəb cəmi bir ildir ki, kompyuterləri alıb. 3 il zəmanətlə alınmış kompyuterlərin belə tez köhnəlməsinin səbəblərini bir qədər sonra ətraflı açıqlayacağıq.

Real nəticələr

Gözlənilən nəticələrin 50 faizinin əldə edilmədiyini göstərən araşdırmalar ümumtəhsil məktəblərin İKT təminatı ilə bağlı proqramının iflasa uğradığını söyləməyə əsas verir. Ümumiyyətlə, ölkədə həyata keçirilən bir çox proqramların uğursuz olması faktdır, ancaq yalnız maliyyə maraqları naminə hökumət yetkililəri buna göz yumur. İKT proqramı ilə bağlı konkret faktlara diqqət yetirsək, görərik ki, öncə vəd edilmiş 10000 nəfərlik iş yerinin heç 25 faizi açılmayıb. Təhsil Nazirliyindən rəsmi sorğuya verilmiş cavaba görə, 2005-2007-ci illərdə sözügedən proqram çərçivəsində cəmi 2055 iş yeri müəyyənləşib ki, bunun da 549-u Bakıdadır. Bu, hələ nəticələrlə bağlı uğursuzluğun bir qismidir. Misir Mərdanov proqramın icrasından sonunda 33 şagirdə 1 kompyuter nisbətini əldə edəcəyini vəd etmişdi. Vəd etmək bir yana, hətta “Azərbaycan” qəzetində dərc olunmuş 2008-2012-ci illər üçün hazırlanmış yeni proqramın əvvəlində bildirilir ki, əvvəlki proqramın icrası nəticəsində bu nisbət daha uğurlu olub, 5-11 siniflər üzrə hər 29 şagirdə 1 kompyuter düşüb. Təhsil Nazirliyinin bu qədər həqiqətə uyğun olmayan rəqəmləri hardan aldığı bəlli deyil.
Monitorinq apardığımız Gədəbəy rayonunda 86 məktəbdə 14239 şagird təhsil alır (2007-2008-ci dərs ilinin əvvəlinə olan rəsmi statistika). Nazirliyin 29 yanvar 2008-ci il tarixli (proqram müddəti başa çatıb) rəsmi cavabında rayonun 59 məktəbinə 226 kompyuter verildiyi bildirilir. Həmçinin Lənkəranın 31696 nəfər şagirdin təhsil aldığı 89 məktəbindən 81-nə 583 kompyuter verilib. Təəssüf ki, Təhsil Nazirliyi Bakı məktəblərinə verilmiş kompyuterlərin sayı ilə bağlı rəsmi sorğumuza “İnformasiya əldə edilməsi haqqında” Qanunla nəzərdə tutulmuş müddətdən uzun zaman keçməsinə baxmayaraq, hələ də cavab vermək istəmir. Ancaq hətta bu informasiya qapalılığı da real nəticələri ortaya qoymağımıza mane olmur.
Nazir 29 şagirdə 1 kompyuter düşdüyünü deyir, rəsmi statistika isə bu nisbətin 1/47 olduğunu göstərir. O da əgər bütün kompyuterlər işləyirsə. Misir müəllim ixtisasca riyaziyyatçıdır deyə, hesablamalarımıza qatıla bilər. 2007-2008-ci tədris ilinin əvvəlinə olan rəqəmlərə görə, Gədəbəydə hər 63 şagirdə 1, Lənkəranda isə 54 şagirdə 1 kompyuter düşür. Bakıda isə Əhməd və Elbrus Hüseynov qardaşlarının təhsil aldığı məktəbdə 44 şagirdə 1 kompyuter düşür. Monitorinq aparılmış digər məktəblərdə də vəziyyət nazirin təqdim etdiyi kimi deyil. Gədəbəyin şəhid İlham Əliyev adına orta məktəbində 777 şagird təhsil alır və məktəbə 13 kompyuter verilib (nisbət 1/59), Arıqdaq kənd orta məktəbində 347 şagird təhsil alır, məktəbə 9 kompyuter verilib (nisbət 1/38), 1700 şagirdin təhsil aldığı Lənkəran humanitar təmayüllü 4 saylı məktəbə 33 kompyuter verilib (nisbət 1/51). Bu göstəricilərdən hər bir halda çıxarılan orta rəqəm 29 şagirdə 1 kompyuter olduğunu təsdiqləmir.
İKT sahəsində tanınmış ekspert Osman Gündüzün sözlərinə görə, məktəblərə buna qədər 31700 kompyuter alınıb. (Bu rəqəmi rəsmən bir daha dəqiqləşdirmək üçün Təhsil Nazirliyinin kifayət qədər yubadılan yazılı cavabını gözləyirik). Ancaq ekspertin sözlərinə və statistik məlumatlara görə, ölkə üzrə 2007-2008-ci tədris ilinin əvvəlinə olan şagirdlərin sayına (1480636 nəfər, Dövlət Statistika Komitəsinin rəqəmləri) əsaslansaq, proqramın icrası nəticəsində hər 47 şagirdə 1 kompyuter düşdüyü üzə çıxar. O da əgər kompyuterlərin hamısı şagirdlərin istifadəsində və işlək vəziyyətdədirsə. Yeni proqramda əvvəlki mərhələnin nəticələri göstərilərkən nisbət yalnız ümumtəhsil məktəblərinin 5-11-ci sinif şagirdləri əsasında götürülür. Ancaq nazir İKT proqramındakı gözləntiləri bütün orta məktəb şagirdlərinə görə olan nisbətlə bildirib. Şübhəsi varsa, açıb proqrama baxa bilər.
Qeyd etmək istərdik ki, 2007-2008-ci dərs ilinin əvvəlinə olan 1-4-cü sinif şagirdlərinin ümumi sayını (8090, DSK-nın rəqəmləri) yuxarıda qeyd olunan bütün məktəblilərin sayından çıxdıqda belə, Misir Mərdanovun təqdim etdiyi uğurlu nisbətə yaxın nisbət alınmır, həmçinin nəticədə yenə 1/47 nisbəti dəyişmir.

İşlədəcək müəllimi olmayan rezerv kompyuterlər

kompyuterlərin nə dərəcədə şagirdlərin istifadəsində olub- olmadığı məsələsinə də monitorinq nəticəsində aydınlıq gətirməyə çalışmışıq. Məsələn, Lənkəranın Verevul kənd məktəbinə kompyuterlər uzun müddətdir gətirilsə də, onları yerləşdirəcək otaq tapa bilmirlər. Digər tərəfdən isə otaq tapılsa belə, kompyuterlər qapalı şəkildə qalacaq, ona görə ki, onları işlədəcək kadr da yoxdur. Balaca kənd sakini 13 yaşlı Vüqar kompyuteri televizorda görüb: “Heç vaxt kompyuterə dəyməmişəm. Düzü, necə işlədiyini belə bilmirəm. Ancaq mənə çox maraqlı gəlir. Eşitdiyimə görə, televizor kimi qəribə bir şeydir. Şəhərdə yaşasaydım, bəzi yerlərdə oyun üçün istifadə edirlər onlardan, mən də gedər baxardım\\\".
Lənkəranda Cəmiyyət-Məktəb Əməkdaşlığına Dəstək İctimai Birliyinin sədri Rəsul Abdulovun sözlərinə görə, rayonun şəhər və kənd məktəblərinə kompyuter verilib: “Onların hamısının internetə çıxışı da təmin olunub. Doğrudur, kənd məktəblərində bu istiqamətdə iş tamamlanmayıb. Məktəblərdəki müəllim və pedaqoji personalın böyük hissəsi kompyuterlərdən istifadə edə bilmir. Ona görə də əksər məktəblərdə kompyuterlər səmərəsiz istifadə olunur\\\". R.Abdulovun fikrincə, digər tərəfdən, məktəblərə verilən kompyuterlərin hamısı şagirdlərin ixtiyarına verilməlidir: “Onların bəzi yerlərdə rezerv kimi saxlanılmasının məntiqi yoxdur”.
Az əvvəl qeyd etdiyimiz Həzi Aslanov adına məktəbdə də kompyuterlərin hamısı şagirdlərin istifadəsində deyil. Belə ki, monitorinq zamanı məlum olub ki, məktəbə verilmiş 17 kompyuterdən 1-i direktorun otağında, 11-i informatika otağındadır. Qalan 5 kompyuterin isə müəllimlər otağında olduğu bildirilsə də, bizim onları müşahidə etməyimizə şərait yaradılmadığından deyilənlərin gerçəkmi, yalanmı olduğunu söyləmək çətindir. Rayonun humanitar təmayüllü 4 saylı məktəbində təhsil müəssisəsinin direktoru Yeganə Əsgərova 33 kompyuterin olduğu və ikisinin işləmədiyini bildirsə də, baxmaq məsələsinə gəlincə, “Təhsil Şöbəsinin razılığı olmadan mümkün deyil\\\", - söylədi. Lənkəran Təhsil Şöbəsinin müdiri Səmədağa Abdullayev isə jurnalist olduğumuzu eşidincə, qısa olaraq vaxtı olmadığını söyləmiş və söhbəti qapatmışdı.

Məktəbə kompyuter verməklə iş bitmir

Gədəbəy rayonunda da monitorinq zamanı vəziyyətin bir o qədər yaxşı olmadığı aşkarlanıb. Təhsil Şöbəsinin müdiri Ramiz Məmmədov rayon məktəblərinin 60-70 faizinin kompyuterlərlə təchiz olunduğunu bildirib. Metodiki Kabinetin müdiri Nüsaməddin Namazovun dediklərindən isə bəlli olub ki,  kompyuter biliklərinin artırılması məqsədilə bu rayonda treninqlər keçirilməyib və ciddi kadr çatışmazlığı var. KÜR kompyuterləri ilə təchiz olunmuş məktəbə baxmaq istədiyimizi bildirəndə Təhsil Şöbəsindən bizi Qoşqar Əhmədli adına 1 saylı Slavyanka orta məktəbinə apardılar (sovet psixologyasına uyğun olaraq ən gözəl, təmirli məktəbə). Baxış zamanı məlum oldu ki, məktəb Heydər Əliyev  Fondunun maliyyəsi ilə tikilib və kompyuterləri də fond alıb. Həm də KÜR deyil, LG kompyuterləri. Ümumiyyətlə, yalnız Təhsil Nazirliyi məktəblərin kompyuter təminatında KÜR markasından istifadə edib. 207 şagirdin təhsil aldığı bu məktəbə 9 kompyuter verilib və laborant ştatı da var. Ştata riyaziyyat-informatika müəllimi təyin olunub.
Şəhid İlham Əliyevin adını daşıyan 1 saylı orta məktəbdə də 777 şagird təhsil alır, verilmiş kompyuterlərin sayı 13, markası isə “Samsunq”dur. Gədəbəy rayon İntiqam Mahmudov adına Gərgər kənd orta məktəbində 296 şagird təhsil alır. Bu məktəbə də 6 kompyuter verilib, ancaq laborant ştatı müəyyənləşdirilməyib və dərsləri kabinet müdiri Elmar Həsənov aparır. Kompyuterlər isə kohnə masaların üzərində çox sıx şəkildə yerləşdirilib.
Gədəbəyin Arıqdam kənd orta məktəbində 347 şagird təhsil alır (monitorinq 2008-ci ilin aprel-may aylarında aparılıb). Məktəbə 9 kompyuter verilib. Laborant ştatında çalışan Radil Namazov da ixtisasartırma ilə bağlı hər hansı təlim keçmədiyini bildirib. Elə buna görədir ki, kompyuterlərin parametrləri ilə bağlı sualımıza yalnız “yaxşıdır” cavabını verə bildi.


Şəhla Əbusəttar, Araşdırmaçı Jurnalistlərin Azərbaycan şəbəkəsi


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə