“Gəlib mədəni şəkildə parolumu soruşsalar, özüm deyərəm” - Layihə

10-02-2015 / 15:51

“Mənim 100-lüyüm”də bu dəfə aktual və bir o qədər də vacib məsələ sorğuya qoyuldu. Əfsuslar olsun ki, insanların şəxsi həyata marağı sosial ortamdan da yan ötməyib və bu özünü el dili ilə desək “kiminsə hesabını qırmaq” halları ilə özünü göstərir. Kimisi keçmiş sevgilisinin acığına, kimisi düşməninin sandığını açıb, pambığını tökməyə niyyətlənib qırsa da, dövlətlərarası, siyasi və iqtisadi zəmindən də bu kimi hallara rast gələ bilərik. Onda baxaq 100-lük əhlinin bu məsələyə yanaşması necədir.

Soruşduq: "Mənim 100-lüyüm" şəxsi hesablarının nə dərəcədə qorunduğunu hesab edir?

73 nəfərin iştirak etdiyi sorğunun nəticələrini təqdim edirik: 

-27 şəxs: Orta;

-16 şəxs: Zəif;

-15 şəxs: Güclü;

-7 şəxs: Bu mənə elə də maraqlı deyil;

-5 şəxs: Hesabların güvənliyi özümüzdən asılıdır;

-3 şəxs: Onsuz da neçə dəfə qırılıb.

Elvin Cəbiyev: Facebook hesabı maksimum dərəcədə qorumaq üçün yaxşı üsullar təklif edir. Hamısını etmişəm və indiyə kimi dəfələrlə cəhd olsa da, profilimə heç kim giriş edə bilməyib. Ümumilikdə, burda təhlükəsizlik yoxdur. Facebook istənilən məlumatı ötürür. Amma Cem Yılmaz burda CİA-la bağlı yaxşı deyib...

Vahid Əli: Düşünürəm ki, güclü qorunur. Hər vasitə ilə qorumağa çalışıram. Düzdür, bir dəfə şikayət nəticəsində bağlanıb, o da ermənilər nədənsə şikayət etmişdi. Sağ olsun Mark, səbəbini izah etmişdi. İndi isə özüm belə şübhələnirəm hərdən. Amma hamısında da özüm olmuşam. Əslində, hesabı oğurlayanları, cin-cin şeylər yazanları heç anlamıram. Mənasız və məntiqsiz bir şey kimi gəlir. Əsasən ,bir qədər tanınmış şəxslərin hesabını qırmağa çalışırlar, ya da köhnə sevgililər bir-birindən "intiqam" almaq məqsədilə.

Nərmin Nöqtə: Şəxsi hesabım olsa da, istifadəyə verilən bütün növ təhlükəsizlik alətlərindən istifadə etsəm də, sosial şəbəkədə olduğumu unutmuram və"şəxsi" informasiya saxlamıram. 

Oral Mədənçi: Sosial şəbəkələrin çoxu təhülksizlik baxımından yaxşı qorunur. Son zamanlar istər Youtube video paylaşım saytı, istər Twitter, istərsə də Facebook bu sahədə yeniləmələr edib. Milyardalarla dollarlıq yeni avadanlıqlarla demək olar ki, bu adını çəkdiklərimə kənar müdaxilə mümkünsüzdür. Təbii ki, bu sıradan insanlara aiddir. Bir sıra dövlətlərin xüsusi xidmət orqanlarının əlində olan texniki imkanlarla müdaxilə etmək olur. Amma hökumətlər bu sahədə əməkdaşlığa üstünlük verirlər, nəin ki, xüsusi xidmət orqanlarının imkanlarından istifadə etməyə. Məsələn, Türkiyə hökumətinin Facebook rəhbərliyi ilə apardığı danışıqlar sayəsində PKK terror təşkilatının Facebook hesabları qapadıldı. Yəni kənar müdaxilədənsə gizli və ya açıq sövdələşməyə getməyi üstün tuturlar. Bu baxımdan texniki baxımdan hesablar tam təhlükəsizdir, amma ümumilikdə istənilən şəxsin hesabı bağlana bilər.

Orxan Əzim: Facebook parolum 87 hərf və simvoldan ibarətdir.  Bir xarici ölkə operatoruna, bir də yerli operatora qoşmuşam təhlükəsizliyi. Hər dəfə kompüterdə parolu yazıb daxil olanda həyatdan küsürəm . Ancaq yenə də istənilən an sındırıla biləcəyini başa düşüb heç bir sirr və ya ciddi informasiya saxlamıram.

Orxan Məmməd: Güvənlik məsələsi tək feysbukdan yox, fərdlərin özündən də qaynaqlanan bir məsələdir. Parolların möhkəm qurulması (böyük, kiçik hərflər, rəqəmlərin çoxluğu), başqa hesablardan girərkən çıxış etməyi yaddan çıxarmamaq, güvənlik gedişlərinin hamısından istifadə edərək təhlükəsizlikdən yararlanmaq olar. Amma yenə də güvənlik divarlarını aşan vasitələr müxtəlif qurumlarda olduğu üçün mən "orta" hesab edirəm.

Gülnar Niftəliyeva: Bircə köhnə sevgilim qıra bilər . Ona da qırsın deyə özüm şərait yaradıram. Özünü “hacker” sanıb bir az sevinsin.

Ramil Cabbarov: Facebook şirkətinin vizionun əsas prioritetlərindən sayılan təhlükəsizlik məsələsi ən üst səviyyəsindədir. Azərbaycanda hələ məşhurlaşmadığı vaxtdan istifadə etdiyim şəxsi profilim heç zaman sındırılmayıb və spamlara məruz qalmayıb. Buna isə iki şərtə əməl etməyim səbəb olub: 13 simvoldan (rəqəm və hərf) ibarət şifrə və hər hansı application-ı qəbul etməmək. Ən çox problem isə kənar saytlarda qeydiyyatdan keçərkən facebook səhifənizlə bağlanarkən "hack" halları baş verir. Əlavə olaraq telefon nömrəsi və alternativ e-mailin təhlükəsizlik tənzimlənmələrinə əlavə olunması xoşagəlməz hallardan ikiqat müdafiə yaradır.

Leyla Əfqan: 2 dəfə qırılıb və düşünürəm ki, növbəti dəfə də qırmaq mümkündür. Amma bu, çox qeyri-etik davranışdır. Düzdür sosial şəbəkələrdə özümlə bağlı elə də şəxsi məlumatlar saxlamıram. Yenə də, bu mənim özəlimdir. İstəmərəm kimsə görsün, bilsin. Yox, əgər mütləq nəsə öyrənəcəm deyirlərsə, bunun üçün əziyyət çəkib parol qırmasınlar. Gəlib mədəni şəkildə soruşsalar, özüm cavablandıraram.

Faiq Əliyev: Çox zəif. 100 milyonlarla istifadəçi olan, çoxumuzun 5 illik gəlirini 1 günə qazanan sosial şəbəkəyə görə təhlükəsizlik sistemi çox zəifdir. Bu yaxınlarda dostluğumda olan 2 nəfərin profili sadə istifadəçilər tərəfindən qırılaraq şəxsi məlumatları yayıldı. Əgər milyonlar qazanan bir şirkət istifadəçilərinin təhlükəsizliyini qoruya bilmirsə buna heç vaxt "güclü" cavabını verə bilmərəm.

Məryəm Məmmədova: Şəxsi hesabımın necə qorunması mənə o qədər də maraqlı deyil və elə bir önəmi yoxdur.Onsuz da gizli heç bir məlumat yerləşdirməmişəm.

100-lük əhlinin fikirlərini, məsləhətlərini öyrəndik. Şəxsi hesabını güclü, zəif, orta hesab etməsindən asılı olmayaraq hər kəs diqqətli olmağa səsləyir. İndi də məsələyə mütəxəssislərin yanaşmasını öyrənək:

Mütəxəssis Şaiq Muradov qeyd edir ki, şəxsi təhlükəsizlik insanın özündən asılı olan bir anlayışdır: "Ümumiyyətlə internetdə təkcə sosial şəbəkələr deyil, elektron poçtlar, online mesajlaşma xidmətləri (skype kimi) və s. istifadəçi parolu tələb edən hər yerdə istifadəçilər ilk öncə öz təhlükəsizliklərinə əməl etməlidirlər. Parol seçimlərində diqqətli olmaq, hər gələn e-maillərdə, mesajlardakı linklərə baxmaq olmaz. Xüsusilə, parolunuzu yazdığınız yerlərə mütləq diqqət yetirmək lazımdır. İstifadə etdiyiniz browser-in url yazılma barına diqqətlə baxmaq, parolu yazdığınız saytın həmin sayt olub olmadığını təyin etmək gərəkdir. Tanımadığınız adamlardan gələn heç bir linki açmamaq və tanışlardan gələn şübhəli linklərdə də öncə nə olduğunu soruşub sonra açmaq lazımdır. Ara sıra şifrələri dəyişdirmək gərəkdir. Sosial şəbəkələr bizə məlumat çatdırmaq, insanlarla əlaqə saxlaya, özümüzü ifadə edə bilmək üçün olan platformalardır və biz də öz informasiyalarımızdan özümüz məsuliyyət daşıyırıq".

Çingiz Həziyev isə vurğulayır ki, Hollywood ulduzlarının lüt şəkillərinin oğurlandığı bir məkanda hansı güvənlikdən danışmaq olar?: "Sevgilinizin, rəfiqənizin mesajlarınızı oxumasını istəmirsizsə, şifrələrinizi doğum tarixi, pişiyinizin adı kimi şeylərdən seçməyin. Divarınızda və dostlarınızın divarında "spam" paylaşılmasını istəyirsinizsə, "Profil fotonuza neçə nəfər güldü", "Statusunuzu kimlər oxudu, amma layk eləmədi" kimi qarşınıza gələn hər proqramı yoxlayın".

Həyatımızın bir hissəsinə cevrilmiş sosial şəbəkələrin güvənlik problemini bir qədər zarafat, bir qədər ciddi yanaşmalarla, fərqli baxışlardan müzakirə etdik. Ümid edirik ki, belə problemlərlə qarşılaşmazsız. Şifrəniz möhkəm, hesablarınız qırılmaz olsun.

 

Günel Hacı


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.