Gənclərin problemlərinin həllində KİV-in iştirakı müzakirə olunub

14-09-2009 / 11:50

Sentyabrın 12-də Vətəndaş Tribunası İctimai Birliyi (VTİB) Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin problemlərinin həllində Kütləvi İnformasiya Vasitələri (KİV) ilə əməkdaşlığın mexanizmlərinin gücləndirilməsi” layihəsi çərçivəsində konfrans keçirilib.

Konfransda bir çox media və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, gənclər KİV-lərlə əməkdaşlıq etməli və onlara etimad göstərməlidirlər.

“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Əliyev çıxışında gənclərin böyük bir hissəsinin öz problemlərinin həllində vətəndaş jurnalistikasına, yəni internet forumlara meyl etmələrinin güclü olduğunu bildirib.

Media İnkişaf Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanda üçüncü sektorun inkişafında medianın rolunun artırılması” layihəsinin koordinatoru Səbinə Əvəzqızı isə çıxışında bildirib ki, gənclərin media ilə əlaqə qurmaq istəklərinin özü sual altındadır. Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri mətbuatda çıxış etməyə çox da həvəslə yanaşmırlar. O, gənclərin problemlərinin həllində ən böyük vəzifənin internet saytlarının üzərinə düşdüyünü söyləyib: “İnternet portalları və qəzetlər gəncləri özünə cəlb etməlidir. Bu gün “Lent.az” saytı bu vəzifəni yaxşı yerinə yetirir. O, həm şou biznes xəbərləri, həm də ciddi xəbərlər verməklə, gənclərin diqqətini özünə cəlb edir.”

VTİB sədri Səfər Alışarlı deyib ki, tədbiri keçirməkdə məqsəd KİV və gənclər təşkilatlarının gənclərin probleminin həlli yolları barədə təkliflərini öyrənmək və bu təklifləri Gənclər və İdman Nazirliyinə göndərməkdir.

Tədbirdə iştirak edən gənclər təşkilatlarının nümayəndələri media və QHT-ləri gənclər arasında daha güclü maarifləndirmə işi aparmağa çağırıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.