Görəsən öz milli peykini orbitə çıxaran Azərbaycan bundan nə qazanacaq ?

02-05-2009 / 09:21

Bəlkə , peyki hazırlamazdan  öncə  kosmos  sənayesini  inkişaf etdirmək lazımdır ? Eyni  zamanda peykin kimlər  tərəfindən idarə olunacağı, yüz milyonllrla  vəsait sərf olunan bu layihədə  hansı risklərin olması da düşündürücü məqamlardır. Bu məsələlərə  aydınılıq  gətirmək üçün Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə müraciət  etdik.

Osman müəllim , məlum olduğu kimi ölkə rəhbəri  Azərbaycanda kosmik sənayenin inkişafı ilə  bağlı Dövlət Proqramının hazırlanması və Milli  peyklərin buraxılması istiqamətində tədbirlərin görülməsi üçün xüsusi Sərəncam imzalayıb. Siz bunun əhəmiyyətini  necə dəyərləndirirsiniz.
Təbii, Azərbaycan da öz  kosmik sənayesini inkişaf etdirmək istəyir. Ölkə  başçısı artıq  beynəlxalq  qurumlarla  görüşərkən bu haqda müəyyən mesajlar verib. Kosmik dövlətlər  içərisində ölkəmizin də öz  yerinin olması , əlbəttə  çox yaxşı olardı.  Kosmik  bazarda yer tutmaq, bu bazarda resursların  bölüşdürülməsində iştirak etmək Azərbaycan üçün çox şərəfli bir  iş olardı.
Nəzərə alın ki öz  kosmik fəaliyyətini  canlandırmaq istəyən tək biz  deyilik.  Bir müddət öncə Latviya, Belarus, Ukrayna, Kazaxstan da bu istiqamətdə xüsusi Dövlət Proqramlarını qəbul ediblər.

Bu Proqramdan sizcə ölkəmiz nə qazanacaq, hansı nəticələr əldə olunacaq,  milli kosmik sahənin inkişafı digər sahələrin də inkişafına  təsir  göstərəcəkmi ?
Kosmik fəaliyyət  müasir  dövrdə yeni  keyfiyyətlər  əldə edib. Onun effektivliyinin ölçü  vahidi  sosial-iqtisadi və  elmi-texniki sahədə əldə edilən nəticələrdən ibarətdir.
Kosmosla məşğul olan ölkələrin təcrübəsi  göstərir ki, onların prioriteti  - necə deyərlər  göydəki deyil, yerdəki problemlərin həllinə, hər bir vətəndaşın probleminin həllinə istiqamətlənib. Kosmos  sahəsi  elmi-texniki araşdırmalara,  o da  dolayısı ilə innovasiyalara  yol açır. Artıq Avropa institutları tərəfindən kosmik texnologiyalar  ölkələrin rəqabətədavamlılığı üçün əsas  instrument kimi qəbul edilib.  Kosmik rabitə  digər    rabitələrə  nisbətən 5  dəfə ucuzdur.
Bütün bunlar  müasir  dövrdə  bu sahənin hansı  keyfiyyətlərə  mailik olduğunu  göstərir. Bir  sözlə  müasir  dördə  kosmik sənaye  qlobal və regional  sosial-iqtisadi məsələlərin, elmi-texniki  problemlərin həlli üçün əsas  vasitəyə  çevrilib.

Axı biz  balaca ölkəyik . Biz  bu  sahədə artıq  uzun müddətdən bəri özünə yer tutmuş ölkələrlə  necə rəqabətə  davam gətirə bilərik ?
Burada söhbət ondan getməməlidir ki, hansısa  yer tutasan, kosmik yarışa, peyk yarışına  başlayasan.
Kosmik sənaye artıq  qeyd etdiyim kimi  həmin ölkənin problemlərinin həllinə, qüdrətlənməsinə, elmi intellektual  potensialının artırılmasına xidmət  etməlidir.
Bizdə qəbul edilməsi nəzərdə tutulan Dövlət  Proqramı da  fikrimcə yalnız milli peykin  orbitə çıxarılmasına deyil, bütövlükdə bu sahənin inkişafının startına  xidmət  etməlidir.
Dövlət Proqramı kosmik fəaliyyət  sahəsində  dövlət  siyasətinin tərkib hissəsi olmalıdır. Dövlət Proqramı  kosmik fəaliyyət  sahəsində dövlət, elm və uyğun biznes qurumlarının koordinasiyasının yaradılması və  gücləndirilməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə, beynəlxalq qurumlarla  əlaqələrin  qurulmasına,  infrastrukturun yaradılmasına start verməlidir.
Avropanın bu sahədəki beynəlxalq qurumları ilə əlaqələrin qurulması xeyli faydalı olardı. Bu qurumların üzvü olan ən balaca ölkələr hazırda bir sıra qlobal kosmik layihələrin həyata keçirilməsində aktiv iştirak edirlər. Yerli kadrları beynəlxalq peyk şirkətlərində təcrübə əldə etmək üçün göndərilməsi nəzərdə tutulmalıdır  və s.

Osman müəllim, məlum olduğu kimi  prezidentin məlum Sərəncamında bu Proqramın 3  ay müddətində hazırlanması üçün Nazirlər Kabinetinə  tapşırıq  verilmişdi. Görülmüş işlərlə  bağlı  sizdə hansısa məlumatlar varmı? Hazırda bu sahədə işlər nə yerdədir.?
Təəccüblənirəm ki, nə üçün görəsən bununla  bağlı müzakirələr  keçirilmədi və  keçirilmir. Cəmiyyətə bu haqda informasiyalar verilmir. Bu cür Proqram  ciddi elmi-texniki, sosial-iqtisadi araşdırmalardan sonra hazırlanmalı idi. Ən ciddi məsələ Prioritetlərin müəyyən edilməsi olmalı idi. Yəni, kosmik sənayenin inkişafında  Azərbaycanın əsas məqsədi görəsən nədir ? Elə ölkələr  var ki , onların məqsədi  qeyd etdiyim kimi, öz daxili problemlərinin həllinə yönəlib, eləsi  var ki, ancaq  müdafiə qabiliyyətinin gücləndirilməsinə, ekologiya-meterologiya məsələlərinin həllinə yönəlib, eləsi də  var ki, rabitə, xüsusi rabitə və tele-radio yayımı sahəsində tələbatın ödənilməsinə yönəlib.
Təəssüfləndirici məqam ondan ibarətdir ki, bu proses  əslində kifayət  qədər  geniş masştablı bir fəaliyyət  sahəsini əhatə etməli  olduğu halda, Milli kosmik proqram hazırlamaq əvəzinə  hələlik söhbət  yalnız  milli peykin  buraxılmasından  gedir.  Bir daha vurğulamaq istərdim ki,  milli kosmik siyasət sənədi, effektiv kosmik fəaliyyət  planı hazırlanması daha doğru olardı.

Milli kosmik proqram dediyiniz sənəddə nələr nəzərdə tutulmalıdır ?
Məhz bu sənəddə qeyd olunmalıdır ki , ölkədə kosmik sahənin mərhələli bir  inkişaf variantı seçiləcək , yoxsa  göyə  bir peyk qaldırmaqla  problemi bitmiş hesab edəcəklər.

Bu sənəddən bilinməlidir ki,  kosmik monitorinq nəticəsində kosmik vasitələrdən alınan informasiyadan  kim, harada və  necə istifadə edəcək ? Azərbaycan hansı beynəlxalq kosmik layihələrdə iştirak edəcək ? Kosmik vasitələrimizin təklif edəcəyi xidmətlərinin satılması üçün müştərilər necə tapılacaq ? Gələcəkdə hansı texnologiyaların inkişafı nəzərdə tutulur ?  Yerüstü  infrastruktur qurulacaqmı? Büdcədən bəlli bir   ayırmalar olacaqmı ?

Sizcə hazırda bu istiqamətdə atılan addımlar düzgün deyilmi?
Fikrimcə yanlış istiqamətdə bəyanatlar daha çoxdur. Neft  gəlirlərinin azaldığı, kosmik infrastrukturun və müvafiq kadrların olmadığı, bu sahə ilə əlaqədar qurumların potensialının vahid məqsədə yönəldilmədiyi indiki durumda  radikal , intensiv addımlar atılması, böyük vəsaitlər hesabına yalnız peyk buraxılmasına diqqət yetirilməsi , fikrimcə düzgün olmazdı. Biz sonda büdcədən böyük vəsaitlərin itirilməsi ilə üzləşə bilərik.

Osman müəllim, axı burada təəssüfləndirici məqam olmamalıdır.  Bu, fikrimizcə  çox  yaxşı, Azərbaycan üçün önəmli bir  hal deyilmi ki, öz  milli peykimiz  olacaq.
Ona  qalsa artıq  bu sahədə bizdən  xeyli təcrübəli olan Kazaxstan da  ötən ilin sonunda  öz peyklərini rusların köməyi ilə böyük təm-təraqla orbitə qaldırdılar. Bilirsiniz  sonra nə  baş  verdi. 50 -60 milyon $-a  başa gələn Peyk fəzada yoxa  çıxdı. Bəli sadəcə  kosmik fəzada idarəolunmaz  bir  hala düşdü  və bildiyim qədər  artıq onun axtarılması da  dayandırılıb. Və hazırda  Kazaxstanın Hesablama  Palatası bu peykin hazırlanması ilə  bağlı pulların  necə xərclənməsini araşdırır. Nəticə ondan ibarət  olub ki, pullar səmərəsiz və heç bir  risklər  nəzərə alınmadan xərclənib.  Digər bir  misal, bu yaxınlarda məlumat  verildi ki, İranın da peyki qarşıya qoyulan  məsələni həll edə bilməyib. 2006-cı ildə isə  Belarusun 10 milyon $-a  hazırladığı kiçik tutumlu Peyki heç  havaya  qalxa  bilməyib  partladı. Təsəvvür edin ki, 1 saniyədə büdcədən milyonlar yoxa  çıxır.

Bəs  bu cür halların  qarşısı necə alınır?  Digər ölkələrin təcrübələri  necədir?
Düzgün sualdır ki, ilk öncə məhz  təcrübənin öyrənilməsindən başlanılması  düzgün olardı.  Bayaq  adını çəkdiyim ölkələr də birinci məhz  bu istiqamətdə, daha çox infrastrukturun yaradılması, araşdırmaların aparılmasına  üstünlük  veriblər. Nəticə olaraq  hazırda artıq  3 keçmiş sovet ölkəsi 2010 –cu ildə  öz milli peyklərini  buraxacaqlarını rəsmi olaraq elan ediblər və  bu proqramlar üzərində konkret iş  aparılır. Konkret proqramlar qəbul edilib. Bu ölkələrdən 2-sinin - Ukrayna  və Belarusun artıq  bu sahədə həm uğurlu həm də uğursuz olan təcrübələri  var. Məsələn, Belarus yuxarıda qeyd etdiyimiz peykini qaldırmazdan öncə  işini duz quraraq  bu peyki 16 milyon $ -a sığortalamışdı və pulunu da geri ala bildi.  İndi Belarus təklikdə deyil,  Latviya ilə  birgə bu iş  üzərində yenidən işləyir.  Latviya  həm də ayrıca öz  peykinin hazırlanması üzərində işləyir. Bu peyk, kiçik ölçülü,  elmi-texniki və  naviqasiya  xidmətlərinin həyata keçirilməsi məqsədini  daşıyır. Müəyyən infrastruktura malik olan Ukrayna 2010-cu ildə özünün növbəti rabitə peykini buraxmağa hazırlaşır.

Osman müəllim, konkret olaraq Milli peykin, xüsusən də  bizdəki kimi  rabitə peykinin hazırlanması və orbitə çıxarılmasında hansı risklər  var.
Ən əsas risk yuxarıda  qeyd etdiyimiz kimi, sadəcə peykin orbitə çıxarılaraq idarə olunacaq vəziyyətə gətirilə bilməməsi ehtimalıdır. Odur  ki, bu  cür risklərin qarşısını almaq üçün Layihələr qabaqcadan ciddi qurumlar tərəfindən sığortalanır. Bunun üçün isə  ən azı elə peykin öz dəyəri qədər də vəsaitin ödənilməsinə ehtiyac yaranır. Bizdə hələlik,  peykin hazırlanması ilə  bağlı xərclər dedikdə  bu tərəf nədənsə unudulur.
 İkinci risk Peyk tərəfindən təqdim olunacaq  xidmətlər üçün müştərilərin tapılmasındadır. Adətən orta tutumlu rabitə Peykinin 20-30% -i həmin ölkənin daxili tələbatını ödəmək üçün kifayət edir. Qalan 70% resursu isə satmaq və ya icarəyə  vermək lazımıdır.  Hazırda  bu sahədə kifayət  qədər rəqabət olduğundan problemi həll etmək elə də asan deyil. “Əsas mal istehsal etməkdir, müştərini  sonra taparıq” prinsipi ilə işləyənlərin aqibəti isə çox zaman kədərli olur.
 Üçüncü risk fikrimcə dayanıqlı xidmətin təmin edilməsi ilə  bağlıdır. Belə ki, oturuşmuş Peyk şirkətləri  xidmətlərini  təqdim edərkən, əgər fors-major  situasiya yaranarsa dərhal bu şirkətə məxsus digər peykdən istifadə ediləcəyinə dair müştərilər qarşısında  öhdəlik götürürlər. Deməli əlavə peyklərin olmaması da  müştəri  tapılmasına təsir edən amillərdən olacaq.  Düşünmürəm ki, yaxın müddətdə özəl qurum olacaq AzTelekom, həmçinin Delta Telekom kimi nəhənglər, AzEurotel, yerli Mobil və TV operatorlar bu cür qarantiyalar olmadan, ciddi bir yerli infrastruktura söykənməyən  bu peykin xidmətindən istifadə etməyə asanlıqla razılıq  versinlər. Eyni zamanda nəzərə almaq  lazımdır ki, peykin təklif edəcəyi internet trafikin də tutumu  kifayət qədər məhduddur.

Onda belə çıxır ki əslində milli peykimizin orbitə çıxarılması ölkə üçün fayda gətirməyən bir Layihədir eləmi ?
Yox , belə demək düzgün olmazdı. Sadəcə bu məsələlər ciddi olaraq araşdırılmalıdır. İndiki halda hansı peykin – rabitə yoxsa müdafiə məqsədli, yoxsa da elmi-informasiya yönümlü peykin orbitə çıxarılmasının Azərbaycan üçün əhəmiyyəti nəzərə alınmalıdır. Eyni  zamanda hansı tutuma (resursa) malik peykin hazırlanmasının zəruriliyi araşdırılmalıdır. Düşünürəm ki, müharibə labüd olan ölkə olaraq , qonşularımızın da  heç də hamısının xoş niyyətli olmadığını nəzərə alsaq, kiçik ölçülü müdafiə məqsədli, xüsusi rabitə məqsədli peykin hazırlanması da Azərbaycanın maraqlarına daha çox cavab verərdi.  Bəlkə də Azərbaycan üçün indiki halda daha az tutuma malik kiçik həcmli peyklərin hazırlanması düzgün olardı.  Nəzərə almaq lazımdır ki, indiki halda hətta bir  sıra oturuşmuş şirkətlər, dövlətlər  təklikdə deyil, bu tip ortaq  Layihələrin hazırlanmasına, Peyklərin icarəyə götürülməsinə üstünlük verirlər. Ruslar 2000-ci ilin əvvəlində xarici şirkətə sifariş verərək peyk hazırlatdırıb, onun yalnız müəyyən bir hissə resursundan istifadə edilməsinə üstünlük vermişdilər.  İstənilən Peykin istifadə müddəti məhdud- təxminən 15 il olduğundan  demək bu müddətdə xərclərin çıxarılması üçün ondan effektiv istifadə ilə bağlı , konkret müştərilərin tapılması ilə  bağlı məqamlar aydınlaşdırılmalıdır. Ən əsası isə bütün bunlardan öncə,  əvvəlcə  kosmik infrastrukturun qurulmasına , yerli potensialın bu sahəyə cəmlənməsinə, yerüstü infrastrukturun qurulmasına, kadr hazırlığına xüsusi diqqət yetirilməlidir.
.
Osman müəllim, bizdə buraxılması nəzərdə tutulan peyk üçün nə qədər vəsaitin tələb olunduğu məlumdurmu? Vəsait  büdcədənmi ödəniləcək?
Rəsmi olaraq  hələlik bu  haqda  informasiyalar verilməyib. Ancaq hərdən RİTN rəsmiləri tərəfindən,  milli peykin buraxılması üçün gah 50, gah da 100 milyon , bəzən 200 milyon vəsait tələb olunacağı haqda açıqlamalar verilir. Mən bu  cür bəyanatlara ciddi yanaşmıram. Düşünmürəm ki, ölkə rəhbərliyi, konkret Maliyyə nazirliyi o qədər sadəlövh ola  ki, ciddi əsaslar olmadan, qarantiyalar olmadan bu qədər vəsaiti  büdcədən versin. Eyni zamanda bir daha  vurğulamaq istərdim ki, bu istiqamətdə ciddi müzakirələr  keçirilməlidir. Təəssüf ki, RİTN tərəfindən bu istiqamətdə nə konseptual bir sənəd , nə də əsaslandırılmış konkret təkliflər hələlik ortaya qoyulmayıb. Düşünürəm ki indiki halda kosmik texnologiyaların  ölkənin ciddi sosial-iqtisadi problemlərinin həllinə kömək edəcəyinə cəmiyyəti  və  qərar qəbul edən insanları  inandırmaq lazımdır.

A. Əziz , Exo qəzeti , 02 may 2009-05-02


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.