Gürcüstanla sərhədboyu ərazilərdə rəqəmli televiziya və FM radio kanallarının yayımı ilə bağlı protokol imzalandı

29-07-2013 / 11:02
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Dmitri Kumsişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
 
Görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda İKT sektorunda qazanılan uğurlar, əldə olunan nailiyyətlərdən söz açaraq, bu sahədə həyata keçirilən milli və regional layihələrdən danışıb. Gürcüstanla regional əməkdaşlıq məsələsinə də toxunan nazir ən böyük transmilli layihələrdən biri - BMT-nin Baş Assambleyasının qətnaməsi ilə 2012-ci ildə növbəti dəfə siyasi dəstək alan "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) üzrə ölkəmizin koordinator olduğunu xatırladaraq, Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edəcək transmilli fiber-optik xəttin çəkilməsini nəzərdə tutan bu layihəyə Gürcüstanın da cəlbi məsələsindən söz açıb.
 
TASİM üzrə təşkilati işlərin başa çatdırılmasında qonşu dövlətin layihədə iştirakının strateji əhəmiyyətə malik olduğunu deyən Ə.Abbasov hazırda Azərbaycanın müraciəti əsasında Gürcüstanda bu məsələyə baxıldığını, eyni zamanda qonşu ölkənin layihəyə dəstək verəcəyinə ümidvar olduğunu bildirib.
 
Azərbaycanla Gürcüstanın strateji tərəfdaş olduqlarını, ölkələrimiz arasında dostluq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Dmitri Kumsişvili də rabitə sektorunda əməkdaşlığın genişləndirilməsi üzrə tərəflər arasında aparılan görüşlərin məhsuldar olduğunu vurğulayıb. Azərbaycanın ilk telekommunikasiya peykinin üstünlüklərini də qeyd edən nazir müavini Gürcüstanın yerli kanallarının bu peyk üzərindən yayımının vacib olduğunu, bu məsələnin müzakirə ediləcəyini vurğulayıb.
Sərhədyanı ərazilərdə rəqəmli yayım, genişzolaqlı LTE texnologiyalarının inkişafının ölkələrimiz üçün vacib olduğuna da diqqət çəkən Dmitri Kumsişvilinin sözlərinə görə, bu sahədə protokolun imzalanması hər iki tərəfdə operatorlara sözügedən texnologiyaları keyfiyyətlə və daha sürətlə inkişaf etdirməyə imkan verəcək.
 
Görüşün sonunda tərəflər arasında GSM, SDMA rabitə siqnalları, LTE texnologiyalarının tətbiqi perspektivləri, həmçinin rəqəmli televiziya və FM radio kanallarının sərhədboyu ərazilərdə yayımının razılaşdırılması ilə bağlı protokol imzalanıb.
 
Görüşdə Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze də iştirak edib.(ictnews.az)

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə