Güzəştli mənzil satışında 28 dəqiqə müəmması

07-09-2018 / 11:01

Sentyabrın 5-də keçirilən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində güzəştli mənzillərin satışı prosesində yenidən problem yaranıb. Belə ki, səhər saat 11:00-da başlanmalı olan satış prosesi ləngiyib. MİDA vətəndaşlara müraciət yayaraq olaya bu cür aydınlıq gətirib: “Mənzil seçimi prosesi hazırda dayandırılıb. Proses saat 15:00-dan etibarən aktivləşdiriləcək”. Beləliklə, agentlik mənzillərin satışını 4 saat gecikmə ilə həyata keçirib. Bu isə vətəndaşların narazılığına səbəb olub.

Qeyd edək ki, bundan əvvəl də belə bir problem yaşanmışdı. Bu il mayın 7-də MİDA-nın satışa çıxardığı sosial mənzilləri almaq istəyən insanlar ciddi çətinliklə üzləşmişdi. Həmin gün saat 10:00 radələrində sayta daxil olmada problem yaşanmışdı. Bir saatdan sonra problem öz həllini tapsa da, mənzillərin artıq satıldığı məlum olmuşdu. MİDA və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə açıqlama verərək bildirmişdi ki, ilk mənzillərin seçimi mərhələsində “Elektron hökumət” portalında və “Güzəştli mənzil” sistemində vətəndaşların daxilolmalarının və apardıqları əməliyyatların sayı kütləvi xarakter daşıyıb. Buna görə də portal artıq yüklənməyə məruz qalıb və müraciətlərin eyni anda qeydə alınmasında qısamüddətli ləngimə yaranaraq nasazlıq baş vermişdi. Həmin vaxt sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilib, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilmişdi.
 
Beləliklə, suallar ortaya çıxır ki, texnologiyanın yüksək inkişaf etdiyi bir vaxtda mənzillərin satışı ilə bağlı olan sayt niyə yenidən yüklənmələrə tab gətirmədi? Bu məsələdə əsas problem nədir?
 
Xeberler.az  bildirir ki, mövzu ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Yeni Müsavat”a danışıb:
 
“Təəssüf edirəm ki, hələ də MİDA yaranmış problemlə bağlı rəsmi bir açıqlama verməyib. Ekspertlərimizin apardığı araşdırmalar onu göstərir ki, yenə də əvvəlki testdən keçirmələrdə yanlışlığa yol verilib. Yəni düzgün hesablanmayıb”.
 
Ekspert bundan əvvəlki vəziyyətlə indiki vəziyyətin arasında bir fərq olduğunu bildirdi: “Əvvəlki prosesdə yaranmış problem səhlənkarlığın, məsuliyyətsizliyin, tamam qeyri-ciddi yanaşmanın nəticəsi idi. Sonuncuda isə daha çox məhdudiyyətlər və təhlükəsizliklə bağlı məsələ idi. Əlbəttə ki, təhlükəsizlik məsələləri qorunmalıdır, lakin nəzərə alınmalıdır ki, nə qədər iddiaçı var, eyni anda nə qədər insan sistemə girəcək, nəticə necə olacaq? Bunlar nəzərə alınmadıqda problem yaşanır”.
 
Osman Gündüz qeyd etdi ki, sonuncu proseslə də bağlı birmənalı fikir yoxdur: “Yəni MİDA bu saatda keçirilən proseslə bağlı açıqlama yayaraq bildirdi ki, ”proses uğurla başa çatdı". Lakin bu açıqlama yetərli deyil. Hesab edirəm ki, prosesin uğurla başa çatdığını göstərmək üçün xeyli suallara cavab verilməlidir.
 
Suallardan biri ondan ibarətdir ki, saat 15:00-da 9 min iddiaçıdan neçəsi sistemə daxil ola bilib? Hansı səbəbdən sistemə daxil olmaq mümkün olmayıb? İnsanların da əksəriyyəti ondan narazılıq edir ki, sistemə, ümumiyyətlə, daxil ola bilməyiblər. Hansı səbəbdən? Bu məlum deyil.
 
Araşdırmalarımızdan o da məlum olub ki, 28 dəqiqə ərzində bütün yerlər satılıb. Buna da aydınlıq gətirilməlidir. Ümumiyyətlə, hesab edirəm ki, aidiyyəti bütün qurumlar sistemdəki bütün fayllara baxış keçirməli, suallara cavab verilməlidir. Suallara cavab verilmədən MİDA-nın ədalətli, şəffaf, etibarlı olduğunu demək mümkünsüzdür".
 
Qeyd edək ki, MİDA məlumat yayaraq bildirib ki, Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında güzəştli mənzillərin satışı prosesi uğurla başa çatdırılıb, satışa çıxarılmış 324 mənzilin hamısı artıq seçilib. Seçilmiş mənzillərin 70%-dən çox hissəsi artıq vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.
 
MİDA inzibati binasında yaradılmış operativ qərargahda mənzillərin seçimi prosesi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Elektron Hökumətin İnkişafı Mərkəzi” və “Ernst & Young” şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.