Güzəştli mənzil sisteminin sınaq versiyası aktivdir

13-08-2018 / 14:38

MİDA Güzəştli mənzil sisteminin istifadəçilərinin mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmasına, elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə avqustun 4-də satış modulunun demo versiyasını istifadəyə verib. 

Xeberler.az  bildirir ki, bu barədə MİDA-nın mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Güzəştli mənzil sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar Elektron hökumət portalı üzərindən Elektron İmza və ya Asan İmza ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun sınaq versiyasından istifadə edə bilərlər.

Qeyd edək ki, sınaq versiyasının təlim məqsədli olmasına baxmayaraq, bütün əməliyyatlar Elektron hökumət portalı üzərində real vaxt rejimində aparılır və mənzil seçimi prosesi - satışı 5 sentyabr 2018-ci il tarixində başlanacaq Yasamal Yaşayış Kompleksinin 324 mənzilin seçimi ilə identikdir. Elektron kabinetə sahib olan vətəndaşların 9377 nəfər olduğunu nəzərə alaraq, sistem vasitəsilə aparılan əməliyyatlar hər gün müvafiq saatlarda yenilənərək sıfırlanır və seçim üçün təkrarən aktivləşdirilir. Güzəştli mənzil sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən satış modulunun sınaq versiyasından istifadə edə bilərlər.

Sınaq versiyası vasitəsilə mənzil seçimini həyata keçirən vətəndaşların suallarını cavablandırmaq və istifadə zamanı onların üzləşdiyi texniki çətinliklərə dair müraciətləri ilə bağlı köməklik göstərmək məqsədilə MİDA tərəfindən xüsusi işçi qrup yaradılmışdır. Mənzil seçimi prosesində vətəndaşların Elektron İmza və Asan İmzadan istifadəsi, onlayn imzalayıcı proqramının kompüterlərə yüklənməməsi və digər suallar ilə bağlı 04.08.2018-ci il tarixindən etibarən MIDA-ya və 108 Çağrı Mərkəzinə daxil olan bu müraciətlər işçi qrup tərəfindən emal olunaraq qısa zaman ərzində cavablandırılır və yaranan texniki çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir. Satış modulunun sınaq versiyasının istifadəsi və bununla bağlı göstərilən dəstək xidməti 31 avqust 2018-ci il tarixinədək davam edəcək.

Məlumat üçün bildirək ki, 04.08.2018-ci il saat 16.00-dan etibarən 13.08.2018-ci il saat 00.00-dək Güzəştli mənzil sistemininin satış modulunun sınaq versiyasından 12 679 dəfə istifadə olunub.

Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, güzəştli mənzil sistemindən istifadə zamanı bir neçə məqamı yadda saxlamağın lazım olduğunu qeyd edib:

  • Proses onlayn olaraq reallaşdığından burada işləmək və uğur qazanmaq üçün İKT bacarıqları mühüm əhəmiyyət kəsb edir. Odur ki, iddiaçıların bu cür bacarıqları olanların köməyi üçün qabaqcadan müraciət etməsi faydalı olardı.
  • Onlayn alış prosesinin uğurlu alınması üçün İnternet bağlantısının keyfiyyətli olması vacibdir.
  • Elektron imzalar qaydasında olmalıdır.
  • Kompüterin imkanları tələbata cavab verməlidir.

Osman Gündüz, Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura olaraq prosesin daha şəffaf və ədalətli keçirilməsi üçün bir çox təklif verdiklərini vurğulayıb: “Gələcəkdə İKT bacarıqları, texnoloji imkanları yetərli olmayanların da prosesdə bərabər əsaslarla iştirakı imkanlarının nəzərdən keçirilməsi ilə bağlı təkliflər verilib. Satış günündə media və icimaiyyət üçün onlayn alış prosesinin müəyyən mərhələlərinin onlayn izlənilməsinə imkan yaradılması da faydalı ola bilərdi.
İnanırıq ki, 5 sentyabrda MİDA bütün prosesi tam şəffaf və ədalətli bir formada həyata keçirə biləcək. Bir daha xatırlatmaq istərdik ki, iddiaçıların qabaqcadan demo versiyadan istifadə etməsi, burda real prosesi sınaqdan keçirib məşq etməsi çox faydalı olardı
.”

Həmçinin nəzərə almaq lazımdır ki, bu mərhələdə onlayn alış prosesində bir elekron imza ilə eyni anda yalnız bir kompüterdən istifadə etmək mümkün olacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə