Hakerlər Facebook-da 50 milyon istifadəçinin hesabını ələ keçirdi

29-09-2018 / 11:07

Dünyaca məşhur Facebook sosial şəbəkəsinin təhlükəsizlik sistemindəki boşluqlardan istifadə edən hakerlər istifadəçilərin hesablarına giriş əldə ediblər.

Xeberler.az  xarici mediaya istinadən xəbər verir ki, Facebook 50 milyon istifadəçisinin hesablarına hakerlərin giriş əldə etdiklərini etiraf edib.Təhlükəsizlik sistemində olan boşluq “başqasının gözü ilə gör” funksiyası ilə bağlıdır. Bu funksiya istifadəçilərə öz profillərinin digər hesablarda necə görünəcəyini görmək imkanı verir və özünəməxsus təhlükəsizlik kodundan istifadə edir. Bu təhlükəsizlik kodunu ələ keçirən hakerlər istifadəçilərin hesabına giriş əldə edərək onun bütün şəxsi məlumatlarına baxa və tam istifadəçi kimi ondan yararlana bilib.

Öz araşdırmasını aparan Facebook hələ ki, hakerlərin bu kodları hansı yollarla əldə etdiklərini tapmağa çalışır. Beləliklə problemin səbəbini tapa bilməyən sosial şəbəkə rəhbərliyi “başqasının gözü ilə gör” funksiyasını müvəqqəti olaraq dayandırıblar. Buna görə də bu funksiyadan istifadə edən 50-90 milyona yaxın istifadəçi öz profilinə yenidən girməli olub.

Facebook rəhbərliyi baş verən hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarının məlumatlandırıldığını söyləyərək istifadəçilərdən baş verən hadisəyə görə üzr istəyib. Lakin rəhbərlik araşdırmanın davam etdiyinə görə hələ ki hansı istifadəçilərin bu cür hücuma məruz qaldığını açıqlamayıb. Bu vəziyyətdə isə istifadəçilərin edə biləcəyi yeganə şey öz profillərinə girərək ondan başqa kiminsə istifadə etmədiyini yoxlamaqdır.

“Biz araşdırmamızı yenicə başlatdığımız üçün, hələ ki, hansı məlumatlara girişlərin olduğunu və bu hesabların düzgün istifadə edilməsini müəyyənləşdirmək məcburiyyətindəyik. Biz həmçinin bu hücumun arxasında kimi dayandığını və onların harada olduqlarını da bilmirik. Bu ayrıntıları daha yaxşı anlamaq üçün bütün səylərimizi səfərbər etmişik və yeni bir fakt aydınlaşan kimi istifadəçiləri məlumatlandıracağıq. Bundan əlavə bu hücuma məruz qalmış əlavə istifadəçilər aşkarlanarsa, onlar haqda məlumat verəcəyik” – məhsul idarəsinin vitse-prezidenti Qay Rozen bildirib.

Sosial şəbəkədən hücumun “bizim koddakı çoxtərəfli məsələlərin mürəkkəb əlaqələndirilməsi” üzündən baş verdiyi açıqlaması verilib. Belə ki, şirkətin “başqasının gözü ilə gör” funksiyasına 2017-ci ilin iyulunda video yükləməsinin əlavə edilməsi koda dəyişikliyə səbəb olub. Elə bundan da hakerlər istifadə etdiyindən şübhələnilir.

Qeyd edək ki, Facebook kimi tanınmış sosial şəbəkə bu cür hücumlar barədə ictimaiyyəti məlumatların qorunmasının Avropa tənzimlənməsi qaydalarına görə məlumatlandırmalıdır. Məlumatların qorunmasının Avropa tənzimlənməsi isə o deməkdir ki, Facebook bu cür potensial pozuntular barədə ictimaiyyəti dərhal məlumatlandırmasa, böyük cərimələrlə üzləşəcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.