“Hər elektron poçtun açılmasına 10 dollar ödənilirdi”

18-08-2015 / 14:28

Xeberler.az-ın “İKT VETERAN”  rubrikasının növbəti qonağı 1990-cı illərdə ölkəmizdə  ilk dəfə kommersiya məqsədi ilə internetdən və elektron poçt sistemindən istifadəni təşkil edən, İKT sektorunda yetərincə tanınan  Faiq Fərmanovdur.

Faiq Fərmanovun uzun müddət rəhbərlik etdiyi İntrans şirkəti ölkədə internet təminatını həyata keçirən yeganə şirkət olub.  Milli domenimizin texniki təhcizatı və qeydiyyatı ilə bağlı məsələlərə də bu qurum rəhbərlik edib.
O,  hazırda  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN)   Elektron Təhlükəsizlik Mərkəzinə rəhbərlik edir.

Faiq Fərmanovla müsahibəni təqdim edirik:

-Faiq müəllim, İKT-yə marağınız nə vaxtdan etibarən yaranıb?

-İçərişəhərdə yerləşən 134  nömrəli orta məktəbdə təhsil almışam və oxuduğum məktəb texniki fənlərə çox önəm verirdi.  Bu da mənim texniki sahəyə olan həvəsimi artırırdı. Daha sonra Rabitə Kollecinə qəbul oldum və tələbəlik illərində bu sahəyə daha çox bağlandım.  İnstitut illərində tələbələr üçün kurslar təşkil olunurdu və hər birimizə proqram yazmaq tapşırılırdı.  Tələbə yoldaşlarım bu sahədə çətinlik çəksə də, mənim belə bir çətinliyim yox idi. Ona görə hərdən qrup uşaqlarının əvəzinə də proqramlar yazırdım (gülür). Kollecdəki təhsilimi  uğurla başa vurdum və buraxılış işimin müdafiəsində  komissiya  üzvlərindən biri də Nuru Əhmədov idi. Elmi işimi çox bəyəndilər və mənə əməkdaşlıq təklif etdilər. Lakin mən ali  təhsilimi davam etdirmək istəyirdim. Bu məqsədə 1983-cü ildə Xarkovda Dəmiryol Mühəndislər İnstitutunun rabitə fakültəsinə qəbul oldum. Xarkov universitetində  oxumaq o qədər də çətin deyildi, çünki bu sahə üzrə bilikləri orta məktəbdə çox yaxşı mənimsəmişdim. İnstitut vaxtı İskra adlı kompüterlə işləyirdik.

 -Maraqlıdır ki, İKT biliklərinizin inkişaf etməsinə kollec və institut yardım etdi, yoxsa əlavə özünüz də kurslara gedirdiniz?

-Xarkovda oxuduğum illərdə nəzəriyyəni praktikaya çevirmək üsullarını mənimsəməyə çalışdım. Mütəmadi olaraq mütaliə edirdim. Yaşadığım mənzildə böyük kitab rəfi vardı və hər gecə o kitabları oxuyurdum. Gecələr yatmayıb kitab oxuyurdum, bütün həyatımı kitablara həsr etmişdim. Xarkovda bir il oxuduqdan sonra məni hərbə göndərdilər. Sovet Ordusunda Aviasiya bölməsində 2 il  xidmət etdim. Hərbi hissədə rabitə məsələləri mənə həvalə olunmuşdu. 1985-ci ildə hərbdən qayıtdım, artıq 22 yaşım var idi və işləmək lazım idi.

-Nə vaxtdan İKT sahəsində  çalışmağa başladınız? Bu sahəyə gəlməmişdən əvvəl hansı sahələrdə çalışmısınız?

 -Əsgərlikdən  qayıtdıqdan sonra evdə maddi vəziyyət yaxşı deyildi. Ailəmin ehtiyaclarını qarşılamalı idim. Ona görə Xarkovda təhsilimi yarımçıq saxladım. Bakıda Politexnik İnstitutunda hesablama texnikası üzrə təhsilimi davam etdirməyə başladım. Politexnik İnstitutunda proqramlaşdırmanı bizə tədris edən Firudin müəllim mənə çox kömək etdi. Bu sahəyə olan həvəsimi yüksək qiymətləndirdi və  məni indiki Azəriqaz adlanan quruma proqramçı kimi dəvət etdi. 
Daha sonra Elmlər Akademiyasında Avtomatlaşdırılmış İdarəetmə Sistemləri  şöbəsində baş mühəndis vəzifəsində çalışmağa təklif aldım. İndiki Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov  mənim elmi rəhbərim oldu. İKT sahəsi ilə də elə ilk dəfə daha professional səviyyədə Akademiyada məşğul olmağa başladım. Burada həm rabitə işləri, həm də  hesablama texnologiyası ilə məşğul olurdum. O vaxtlar bu vəzifəyə gəlmək müəyyən mərhələlərdən keçmək tələb edirdi. Lakin rəhbərliyin mənə olan etimadı sayəsində diplomumu almadan aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdim.

-İnternetin Azərbaycana gəlişini necə xatırlayırsınız? Bildiyimizə görə, internetin kommersiya məqsədi ilə ölkəyə gətirilməsini siz təmin etmisiniz.

- Həmin vaxtlar  Elmlər Akademiyasında İKT ilə bağlı təcrübələr keçib, testlər aparırdıq. Kompüterlər arasında şəbəkə yaratmağa çalışırdıq. GPS  və müxtəlif texnologiyalarla işləyirdik. Azərbaycanda ilk elektron  bağlantını Moskva ilə Elmlər Akademiyası arasında yaratdıq. İlk vaxtlar sürət o qədər də yüksək deyildi. Akademiya şəhərciyində ilk optik  şəbəkəni  biz yaratdıq. O dövrdə modemlər böyük,  kompüterlər isə çox baha idi. Bunun üçün NATO-ya, TUBİTAK türk təşkilatına, BP-yə məktub yazıb, layihələrimizi təqdim edirdik. Yeni sahə olduğu üçün investorlar Azərbaycanda bu sahəni inkişaf etdirməyə maraqlı idilər. Biz onlardan qrantlar alırdıq və layihələrimizi həyata keçirirdik.  Xarici İşlər Nazirliyinin Azərbaycan nümayəndəliklərinə şəxsən gedib elektron poçtu özüm quraşdırırdım. Artıq xarici mütəxəssislərlə əlaqə yaratmağa başlamışdıq. Onların tərcübəsini öyrənir, öz təcrübələrimizi onlarla bölüşürdük.

-Bəs kommersiya məqsədi ilə istifadəyə nə zamandan başladınız?

- 1995-ci ildən internetdən, elektron poçt ünvanından kommersiya üçün istifadə edən ilk şirkət İntrans olub. Şirkətdə böyük şəbəkə yaratmışdıq. Əslində bu layihənin uğurlu olacağını bilmirdik. Bunu ilk olmaq üçün etməmişdik. Həmin dövrə qədər yalnız elektron poçt xidməti var idi.  İntrans olaraq Nuru Əhmədovdan internet xətti almışıq. Onlar da peyk antenası üzərindən internet əldə edirdilər.

-O dövrün internetini necə xatırlayırsınız? Qiymətlər, keyfiyyət necə idi ?

 -Baxmayaraq ki, o dövrdə şərtlər və imkanlar çox məhdud idi, amma işimiz bir o qədər də maraqlı idi. İlk vaxtlar 2-3 müştəri ilə fəaliyyətə başladıq. Əslində 1992-1993-cü illərdə, bu işlə məşğul olduğum vaxtlar bunlar mənə adi gəlirdi. Bəzən müştəriyə elektron poçtdan istifadəni  başa salmaq xeyli vaxt aparırdı. Təsəvvür edin ki, o zaman "@" işarəsini onlara başa sala bilmirdik ki, bu nə üçün qeyd edilməlidir? (gülür).

İlk müştərilərimiz isə, əsasən, xaricilər idi. Onlar artıq öz ölkələrində bu texnologiyadan istifadə edə bilirdilər deyə burada da bu xidmətlərdən istifadə etmək istəyirdilər. Həmin vaxtlar ölkədə kompüterlər barmaqla sayılacaq qədər az idi. Rabitə Nazirliyinin heç kompüteri yox idi (gülür). Sürət çox yüksək deyildi, amma həmin dövr üçün yaxşı idi. İlk modemlər yadıma gəlir ki, çox böyük idi. Təsəvvür edin ki, 9 kbit/s ilə internət sürəti mövcud idi.  Bit və kilobitlərlə  işləyirdik. Azərbaycanda bir yerli bank var idi, 10-15 ildir artıq fəaliyyətini  dayandırıb, ilk müştərilərimiz həmin bank olub. Biz şərtləri belə qoymuşduq ki, hər göndərilən və qəbul edilən kilobayta görə 10 dollar ödəniş olmalı idi. Avadanlıqları, interneti baha aldığımız üçün  qiymətləri belə müəyyənləşdirmişdilər.  İlk vaxtlar müştərimiz az olsa da, bazarda heç bir rəqibimiz yox idi. Çünki bu işlə məşğul olan şirkət yox idi.  Ən maraqlısı isə bəzən kiməsə səhvən məlumat göndərilirdi və maili açırdı. Bu zaman həmin şəxs 10 dollar ödəməli olurdu.

-Bəs  .az domeni nə vaxtdan fəaliyyətə başladı ?

-SSRİ-nin vaxtında heç bir dövlətin öz domeni yox idi. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Rusiya və digər keçmiş sovet ölkələri öz milli domenlərini qeydiyyatdan keçirməyə başladılar. 1993-cü il avqustun 25-də İntrans şirkəti olaraq  .az domeni qeydiyyatdan keçirdik. Bundan əvvəl isə Azerbaycan.su domenini də ilk biz istifadəyə vermişdik.

 -Müxtəlif nazirlərlə çalışmısınız? Çətin deyildi onlarla çalışmaq, layihələrinizi bölüşmək?

 -Əlbəttə, çətinliklərimiz olurdu. Ən çox problemlər  nazir Nadir Əhmədovla olub. Bizə imkan vermirdi ki, internet sahəsində işlərimizi görək. Biz də dolayı yolla fəaliyyətimizə davam edirdik. Simisiz rabitə ilə birtəhər işimizi qura bilirdik.

- Elə bir  İKT layihələriniz oldumu ki, rəsmilərin bəyənmədiyinə baxmayaraq siz həmin layihəni uğurlu hesab edibsiniz?

- Hansı işlə məşğul oluramsa, uğur qazanmağa çalışıram. Öhdəsindən gələ bilməyəcəyim işi əvvəlcədən müəyyənləşdirirəm və  üzərimə götürmürəm. Riyaziyyatla bağlı olduğu üçün bütün layihələrim uğurla həyata keçib (gülür).

 -Xaricdə tez-tez səfərlərdə olursunuzmu? Səfər vaxtı yadınızda qalan ən maraqlı məqamları bizimlə bölüşərdiniz.

-Səfərlərdə çox olmuşam. Hər ölkədə o qədər maraqlı hadisələr olub ki, hansını danışım bilmirəm. İşlə bağlı bütün vaxt beynəlxalq konfranslarda olmuşam. Elə olub ki, 1 gündə 3 ölkədə tədbirdə olmuşam.

-İnternetin təşkilini ilk həyata keçirən komanda üzvlərindən kimlər indi bu sahədə çalışırlar ?

-Hazırda Teymur Xancanov, Emil Əsgərbəyli, Valeriy Pavleçenko  rabitə sahəsində çalışır.

-İnternetin ilkin dövrlərdə saat hesabı və ya aylıq  qiyməti neçəyə idi ?

- Saatı 15 dollar.

- İKT sahəsində yetişdirdiyiniz şəxslər varmı?

-Hazırda bir çox provayderdə çalışan mütəxəssislər  əvvəllər İntrans şirkətində  çalışanlardır.  Düşünürəm ki, biz onlara mütəxəssis kimi formalaşmaq üçün kömək edə bildik. Həmçinin Elmlər Akademiyasında bizimlə çalışan  şəxslər indi yüksək vəzifədədirlər.

-İKT ilə bağlı kitablar yazmısınızmı?

- Xeyr, heç vaxt kitab yazmamışam, marağım da yoxdur. Ona vaxt lazımdır.  Düşünürəm ki, gələcəkdə də yazmayacağam, çünki başqa işlərlə daha çox fayda verə biləcəyimi düşünürəm.

-Hazırda ailənizdə bu sahənin davamçısı varmı?

-Ailəmdə  bu sahəyə elə də marağı olan yoxdur. Oğlumun daha çox yaradıcılığa həvəsi var. Qızımın hələ 14 yaşı var. İndi bilmirəm ki, qızım hansı ixtisası seçəcək. Övladlarımı məcbur etməyəcəyəm, hansı sahəyə maraqları var onu seçsinlər. İnsan gördüyü işi sevməlidir. Bəzən adamlar işə gedir və çalışır ki, vaxt tez qurtarsın. Mən  isə 24 saat işləyirəm və yorulmuram. Amma övladlarımı bu sahədə görməyi çox istərdim.

 -Fəaliyyətinizə verilən qiymətlə razısınızmı? Hansısa rəsmi mükafatınız varmı?

-Bəli, razıyam. 2009-cu ildə Prezidentin “Tərəqqi “medalı ilə təltif olundum. Bu, mənim üçün gözlənilməz idi. İKT sahəsində ilk “Tərəqqi” medal alanların siyahısında olmuşam. Baxmayaraq ki, biz  kommersiya ilə çalışan şirkət idik, amma  mən də dövlətdə çalışan, mükafat alanların sırasında idim. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşam. Mükafatlar çoxdur (gülür). Bu yaxınlarda isə Birinci Avropa Oyunlarına görə Fəxri Fərman aldım.

-Bu günə qədər hər hansı haqsızlıqla, ədalətsizliklə rastlaşmısınızmı?

- Əlbəttə, yaşım çoxdur və xeyli təcrübəm var. Həyatda hər kəs pozitiv olmur, mənfi insanlar da var. Mən heç vaxt kin saxlayan olmamışam. Biznesdə, karyeramda mənimlə rəqabət aparmaq istəyən şəxslər də olub. Rəqabət aparmağı normal qəbul edirəm. Bu gün də hər kəslə münasibətim çox yaxşıdır. Bu gün də xeyli sayda provayderlər var ki,  gəlib məsləhət alırlar.

- Bir neçə yerdə təhsil alıbsınız. Güman ki, əhatə dairəniz, dostlarınız çox olub. İşdən kənar vaxtınızı necə keçirirsiniz? Dostlara vaxt ayırırsınızmı?

-Bəli, mənim ətrafım çox geniş olub. Çoxlu sayda dostlarım olub. İdmanla da məşğul olmuşam. Basketbol üzrə mütəxəssisəm. Hazırda da məşğul oluram (gülür). İndi  həftədə iki dəfə dostlarla görüşüb, basketbol oynayırıq.
Daha çox çalışıram ki, qızıma vaxt ayıram.

- Darıxdığınız vaxtlar olurmu? Yeni layihələr üzərində işləyirsinizmi ?

-Açığını deyim, darıxmağa vaxt tapa bilmirəm.  Bu işdən ayrı qalsam bəlkə o zaman çox darıxardım. Yalnız cavanlğım üçün darıxıram (gülür).  İKT hər gün daha da maraqlı olur, yeni-yeni texnologiyalar ortaya çıxır. İnformasiya təhlükəsizliyi ilə bağlı yeni layihələrimiz olacaq.

-Rəhbəri olduğunuz Elektron Təhlükəsizlik Mərkəzi barədə bir qədər məlumat verərdiniz.

-İnformasiya təhlükəsizliyi informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı ilə tamamilə bağlı olduğu üçün Elektron Təhlükəsizlik Mərkəzi (ETM), demək olar ki, bu sahədə baş verən bütün proseslərdə yaxından iştirak edir. İnternetin, elektron xidmətlərin, elektron kommersiyanın və ümumiyyətlə, Azərbaycanın virtual həyatının və aktivliyinin inkişafı informasiya təhlükəsizliyinə daha ciddi diqqət yetirməsini tələb edir və xüsusi dövlət qurumu tərəfindən bu sahədə tələb olunan tədbirlər həyata keçirilir.

Elektron Təhlükəsizlik Mərkəzi eyni zamanda uşaqların internet təhlükəsizliyi ilə bağlı təlimlər keçirir və cəmiyyətdə informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirləri təşkil edir. Mobil telefonlarda uşaqların internet təhlükəsizliyi ilə əlaqədar tövsiyyələr verilir, onları kibertəhlükələrdən mühafizə etmək üçün mobil təhlükəsizlik imkanlarından faydalanmaq üsulları təqdim edir. İnternetdə uşaqların qarşılaşa biləcəyi təhlükələr barədə valideynlər məlumatlandırılır və uşaqların kompüterdə internet fəaliyyətini necə izləməyin yollarını praktik nümunələrlə diqqətə çatdırılır.

- Sosial mediadan, Facebook-dan , Twitter-dən necə istifadə edirsiniz?

-Sosial mediadan aktiv istifadə edirəm. Twitter hesabım var, amma burada o qədər də  aktiv deyiləm. Ən çox Facebook-dan istifadə edirəm. Dostlarımı bu sosial şəbəkə ilə izləyirəm.  Vaxtım olduqca onların paylaşımlarını oxuyuram, bəyənirəm. Hərdən özüm də paylaşım edirəm. Xarici ölkələrdə tez-tez ezamiyyətlərdə oluram. Həmin ölkələrdən maraqlı yerləri, məqamları paylaşıram. Beynəlxalq tədbirlərdəki şəkillərimi Facebook-da yerləşdirirəm.

 

Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.