“Hər gün minlərlə istifadəçi yalnız mobil tətbiqlərimiz vasitəsilə servislərimizdən istifadə edir”

15-07-2015 / 13:55

“Bank of Baku olaraq bizim üçün müştəri məlumatlarının məxfiliyi və tamlığı hər şeydən üstündür”.

Son dövrlərdə ölkəmizdə elektron hökumət quruculuğu istiqamətində bir çox mühüm işlər həyata keçirilir. Öz fəaliyyətini birabaşa texnologiyalar, İnternet üzərindən təşkil edən bankların fəaliyyəti Elektron hökumət quruculuğunda diqqət çəkən məqamlardandır. Bank sektoru Elektron hökumət portalına inteqrasiya olunur.
Artıq xeyli sayda banklar müxtəlif elektron xidmətlər təklif edir və Elektron hökumət portalı vasitəsilə təqdim edilən elektron arayışları da rəsmi sənəd olaraq qəbul edir.

Xeberler.az olaraq ölkənin bank sektorunda  İT-nin tətbiqi ilə bağlı görülən işlərlə daha yaxından tanış olmaq qərarına gəldik. 

Bank of Baku İdarə Heyəti Sədrinin 1-ci müavini, İT və Ödəniş Sistemləri sahəsinin rəhbəri  Nahid Zeynalovla müsahibəni təqdim edirik.

-Müşahidələrimiz göstərir ki, ölkədə bankların xeyli hissəsi İT-dən istifadəyə xüsusi diqqət yönəldir və bunu reklam etməyə çalışırlar. Sizin bankda vəziyyət necədir? Sizdə İT-dən istifadə prioritetdirmi ?

-Hazırda İT hər bir müəssisənin tərkibində ən prioritet mövqe tutur. Biz bankın biznes proseslərində informasiya texnologiyalarının tətbiqinə  böyük diqqət yetiririk. Bank of Baku-nun məqsədlərindən biri də dünya təhlükəsizlik standartlarına cavab verən qabaqcıl texnologiyaların istifadəsi və göstərilən xidmətin keyfiyyətinin təkmilləşdirilməsidir.

-Ümumiyyətlə, siz bankın İKT infrastrukturunu necə təsvir edə bilərsiniz ?
-İT struktur baxımından bir neçə bölməyə bölünür. Bunların arasında sistemlərin və şəbəkənin idarə olunması, proqramlaşdırma, verilənlər bazasının idarə olunması, bütün bu bölmələr üzrə texniki dəstək qruplarını və s. göstərmək olar. 

Hər bölmənin öz məsuliyyət zonası var. Bölmələr arası dəqiq yüklənmə və vəzifə bölgüsü vasitəsilə güclü və təhlükəsiz İT infrastrukturu qurmağa və işçi heyətimizin müştərək işində böyük uğurlara nail ola bilmişik.

-İT-dən, İnternetdən istifadə baxımından Bank of Baku-nun başqalarından əsas fərqi nədən ibarətdir ?

-Bank of Baku-nun digərlərindən fərqi haqqında mühakimə yürütmək çətindir. Düşünürəm ki, yüz minlərlə insanın məhz bu bankın ümumi, o cümlədən də elektron xidmətlərindən istifadə etməsi artıq bir göstəricidir.

-Yerli proqram məhsullarına, İT mütəxəssislərə, proqramçılara üstünlük verirsiniz yoxsa daha çox  xarici resurslardan bəhrələnirsiniz ?

-Azərbaycanda İT layihə həyata keçirə biləcək mütəxəssis çoxdur. Təcrübəmiz göstərir ki, yerli mütəxəssislərin hazırladığı layihələr keyfiyyət cəhətdən heç də xarici proyektlərdən geri qalmır. Təəssüf ki, ölkəmizdə bu cür İT potensialın olmasına baxmayaraq, bir çox yerli şirkətlər hazır xarici məhsul və xidmətlərə müraciət edirlər. Qeyd etmək istəyirəm ki, Bank of Baku-da istifadə olunan bütün İT xidmətlər işçi heyətimiz tərəfindən hazırlanıb. Şirkətimiz  həmçinin gənc mütəxəssislər arasında peşəkarlıq səviyyəsinin artırılmasına da çalışır. Hazırda Qafqaz Universitetində fəaliyyət göstərən Bank of Baku laboratoriyası tələbələrə maliyyə və mühasibat uçotunu öyrənməyə imkan verir. Təhsildə özünü təsdiqləmiş tələbələr seçimlərdən sonra bizim bankda təcrübə keçmək və gələcəkdə sıralarımıza qoşulmaq imkanı da əldə edirlər. Beləliklə, Azərbaycanda perspektivli gənc mütəxəssislərin inkişafına kömək etmək və ümumilikdə İT səviyyəsinə təsir göstərəcəklərinə  ümid edirik.

-Xidmətlərinizin texnologiyalar üzərindən tətbiqi, elektron xidmətlər şirkətinizdə ixtisarlara səbəb olurmu ?

-Əlbəttə ki, yox. Əməkdaşlarımız ixtisaslaşmış mütəxəssislərdir və bank öz uğur və nailiyyətlərinə görə məhz onlara borcludur. Hər bir işçinin əməyini qiymətləndiririk və  hesab edirik ki, elektron xidmətlərin inkişaf etdirilməsi bankın kadr siyasətinə mənfi təsir göstərə bilməz.

-Mobil tətbiqlərdən necə yararlanırsınız ? Nə qədər müştəri mobil tətbiqlər və elektron xidmətlərinizdən  istifadə edir ?

- Qısa müddət ərzində Bolkart mobil əlavəsi 4000-dən çox Android və iOS mobil qurğusuna quraşdırılıb. Onlayn servislərimiz yalnız mobil əlavələrdən gündəlik 1000-ə yaxın ziyarətçi qəbul edir və bu rəqəm hazırda artmaqdadır. Bundan əlavə olaraq göstərilən xidmətlər arasında Bolkart veb tətbiqi, kreditin onlayn ödənişi və onlayn bankçılıq sistemləri də var. Hər gün minlərlə insan bu xidmətlərdən istifadə edir.

-Devalvasiyadan sonra banklarda İT-in tətbiqində hansısa istiqamətdə dəyişikliklər varmı və gözlənilirmi ?

-Devalvasiya maliyyə və bank sektoruna təsirini göstərdi, lakin Bank of Baku İT sektoru üçün əksinə, daha çox plan və yeni iş strategiyaları üçün şərait yaratdı. Yaxın gələcəkdə bankın İnternet Banking, Mobile Banking, SMS-Banking xidmətlərinin genişləndirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulub. Bu, müştərilərimiz üçün rahatlıq, zamana qənaət demək olacaq, artıq filiala gəlmədən bir çox əməliyyatları həyata keçirmək mümkün olacaq. Həmçinin də bankın filial şəbəkəsi və təminatı üçün çəkdiyi xərcləri də azalmış olacaq.

-İndiki mərhələdə bankçılıqda İT-in tətbiqi sahəsində hansı trendlər üstünlük təşkil edir, nələr aktualdır ? Yaxın müddətdə hansı elektron xidmətləri banklardan gözləmək olar ?

-Hazırda trendə onlayn xidmətləri aid etmək olar. Məqsədimiz müştərilərimizə yerləşdiyi ərazidən asılı olmayaraq, istənilən zaman öz hesabları üzrə müxtəlif əməliyyatlar və ödənişlər həyata keçirmək, öz hesab və kartlarına nəzarət imkanı verməkdir. Qeyd etdiyim kimi, hazırda kreditin onlayn ödənişi, Bolkart şəxsi kabinet və onlayn bankçılıq servisləri fəaliyyət göstərir. Bir müddət əvvəl böyük populyarlıq qazanmış Bolkart tətbiqinin mobil versiyası işıq üzü görüb.Müştərilərimizin ehtiyacları əsasında bu əlavələrin genişləndirilməsi və təkmilləşdirilməsi üzərində daim işləyirik. 

-Son dövrlərdə bankçılıqda da BULUD texnologiyalarına diqqət yetirilir. Sizdə bu istiqamətdə vəziyyət necədir ? Təhlükəsizlik amili bu məsələdə sizə mane olurmu ?

-Son illərdə həqiqətən də Bulud texnologiyaları İT bazarını daha geniş əhatə etməyə başlayıb və iri, orta biznes nümayəndələri arasında çox populyardır. Bank of Baku olaraq müştəri məlumatlarının məxfiliyi və tamlığı hər şeydən üstün tuturuq. Müasir təhlükəsizlik protokollarından istifadə edərək məlumat sızmasının qarşısını maksimum dərəcədə alırıq. Bankımız texnoloji tərəqqi ilə ayaqlaşır və gələcəkdə bulud texnologiyalarının istifadəsini istisna etmirik.

-Bank of Baku qurumunun sosial mediada iştirakı necədir ? Bəziləri sosial mediaya ancaq reklam arenası , bəziləri isə istifadəçilərlə əlaqə vasitəsi kimi yanaşır ? Bu məsələyə münasibətiniz necədir ?

-Bank of Baku müştəriləri ilə sosial şəbəkələrdə daim sıx ünsiyətdədir. Bunun nəticəsidir ki, Bank of Baku  və Bolkartın rəsmi Facebook səhifələrində 400.000-ə yaxın istifadəçi var.
Həmçinin Twitter, Instagram, Google, Linkedin-də rəsmi səhifələrimiz, Youtube-da ayrıca kanalımız var.
Sosial şəbəkələrdə müştərilərimizin bütün suallarını cavablandırırıq, yeniliklərimizi paylaşırıq, məhsullarımız və xidmətlərimiz haqqında daim məlumat veririk, müxtəlif müsabiqələrtəşkil edir və bununla müştərilərimizə daha yaxın oluruq.

 

Xeberler.az

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə