İctimai yerlərdə quraşdırılan Wi-Fi sistemi aktivləşdi

18-03-2017 / 13:48

Bu gün Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai İnternet” şəbəkəsinin açılışı olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a verilən məlumata  görə, artıq bu gündən etibarən paytaxt sakinləri və şəhərimizin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərində pulsuz internetdən uğurla istifadə edə bilərlər.

Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərinin ictimai internetlə təchiz olunması üçün Çinin Huawei  şirkətinin avadanlıqları (Access Point) quraşdırılıb. Sözügedən ərazi üzrə 122 qoşulma nöqtəsi mövcuddur ki, bu da təxminən 8 minədək insanın eyni anda internetə çıxışını təmin edir.

Tezliklə Dənizkənarı Milli Parkın Ağ Şəhər ərazisi də “İctimai İnternet” şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.

Layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri, eləcə də, risklər nəzərə alınaraq proqram təminatı və şəbəkə yerli və beynəlxalq mütəxəssislər tərəfindən test edilib.

Bundan başqa, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi də pulsuz internetlə təchiz edilib. Çinin ZTE şirkətinə məxsus avadanlıqlarla burada 33 qoşulma nöqtəsi yaradılıb ki, bu da 2 mindən çox insana xidmət imkanı verir. 

Qeyd edək ki, xüsusi yanaşma tələb edən memarlıq abidələrinin ərazilərində işlər mütəxəssis nəzarəti altında dizayna xələl gətirməmək şərti ilə xüsusi həssaslıqla görülüb.

Layihənin icrası zamanı dünya təcrübəsi nəzərə alınıb. Şəbəkənin səmərəli paylanmasını və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sürət həddi və saat limiti də beynəlxalq standartlara əsasən müəyyənləşdirilib. 

İlin sonuna qədər bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulur. Bundan başqa, Heydər Əliyev Mərkəzinin parkında da bu istiqamətdə işlər həyata keçiriləcək.

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.