“İKT bazarında rəqabət çoxalır və hamı öz məhsulunu təqdim etməyə çalışır”

26-11-2015 / 15:10

Məlumat verdiyimiz kimi, dekabrın 2-5-də Bakıda 21-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları - Bakutel 2015 sərgi -konfransı keçiriləcək.

Saytımız tərəfindən mütəmadi olaraq Bakutel sərgisi barədə məlumtlar yayımlayırıq. Son məlumata görə,  bu günə qədər Azərbaycan, ABŞ, Almaniya, Rusiya, Türkiyə, Fransa, və digər ölkələri təmsil edən 200-dən artıq şirkət sərgidə iştirak edəcəklərini təsdiqləyiblər. Hazırda sərgiyə ciddi hazırlıq görülür. 

Xeberler.az olaraq Bakutel sərgisinə hazırlıqlar, hazırda görülən işlərlə yaxından maraqlandıq. Məlumdur ki, bu sərgi hər il keçirilir. Maraqlıdır ki, Bakutel sərgisinin keçirilməsi üçün hansı tədbirlər görülür, şirkətlər stendlər ilə necə təmsil olunur? Yəni, bunun qaydaları  necə müəyyən olunur? Ötən ilki sərgilərdən fərqli olaraq bu il  iştirakçıları, qonaqları hansı yeniliklər gözləyir? Ümumiyyətlə, Xəzər regionunda ilk və ən böyük İKT sərgisi olan Bakutel sərgisi ölkəmizə  hansı töhfələri verir və gələcəkdə də sərginin hər il keçirilməsi nəzərdə tutulurmu? 

Bakutel-in təşkilatçıları qismində Iteca Caspian və Caspian Event Organisers (СЕО) şirkətləri çıxış edirlər. 

Xeberler.az Bakutel ilə bağlı Iteca Caspian şirkətinin  meneceri Rəna Abutalıbova ilə söhbət edib.

-Rəna xanım, sərgiyə hazırlıqlar nə yerdədir? Nə vaxtdan bu istiqamətdə işlərə başlayıbsız? 

- Biz artıq sərgiyə hazırlıqla bağlı bütün işlərin yekun mərhələsindəyik və tezliklə, bizim üçün bütün il boyu gözlədiyimiz həyəcanlı məqam – sərginin açılışı olacaq. Ümumiyyətlə, hər bir sərgiyə hazırlıq demək olar ki, bir il ərzində davam edir. Bakutel sərgisi öz 2-ci iş günündən etibarən növbəti il keçiriləcək sərginin iştirakçılarını toplamağa başlayan sərgilərdən biridir. Bir sıra şirkətlər sərgidəki yerlərini itirmək istəmir və odur ki, dərhal növbəti il keçiriləcək sərgiyə yazılırlar. Bundan başqa, əksər şirkətlər il ərzində bizə müraciət edir və biz də onlarla fəal iş aparırıq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərgini yaxından dəstəkləyir.

-Bakutel sərgisi hansı sektor üçün nəzərdə tutulur? Yəni, yalnız şirkətlər ya dövlət qurumları, yoxsa elə hamı üçün?

- İKT sahəsi son illər sürətlə inkişaf edir. Artıq bütün təbəqənin bu xidmətlərə ehtiyacı artır. Əvvəllər yalnız şirkətlər aktiv olurdularsa, indi demək olar ki, texnoloji yeniliyi olan bütün qurumlar sərgidə təmsil olunmağa çalışır. Ona görə deyə bilərik ki, sərgi həm adi vətəndaşlar həm dəbiznes dairələri üçün maraq kəsb edir. Əhali üçün sərgilər ona görə maraq kəsb edir ki, sərgilərdə insanlar yeni məhsullarla yaxından tanış olurlar. Sərgidəki bu rəngarənglik ziyarətçilərə və mütəxəssislərə İKT sektorunun bütün təkliflər spektri ilə tanış olmağa imkan yaradır. Həmçinin mobil operatorlar, internet provayderlər, Kabel TV-lər  də çox maraqlıdır ki, xidmətlərini insanlara təqdim etsinlər. 

-Rəna xanım, bəzən tənqidi fikirlərlə də qarşılaşırıq ki, bu kimi sərgilər artıq əhəmiyyətini itirir. İddia olunur ki, sərgi formatını dəyişməlidir. Siz necə düşünürsüz?  

- Onlayn biznesin ən müxtəlif formalarının inkişafına baxmayaraq, ixtisaslaşdırılmış sərgilər, əvvəllər olduğu kimi, hələ də məhsulların ən təsirli reklamı və istehsalçıdan bazara aparan ən qısa yoldur. Dünya statistikası təsdiq edir ki, şirkətlərin əksəriyyəti satış həcminin 40 faizini məhz sərgilərin hesabına əldə edir və məhz sərgilər şirkətin özünü ciddi işgüzar tərəfdaş kimi bəyan etməsi, öz məhsulunun rəqabətədavamlılığını qiymətləndirməsi və onu maraqlandıran sahədə perspektivli ixtiralarla tanış olması üçün gözəl bir imkandır. Məhz məhsulların, xidmətlərin və məmulatların nümayiş etdirilməsi sərgini digər vasitələrdən fərqləndirir və məhz sərgilərdə dəzgah və qurğuların necə işlədiyini yaxından görmək, onlara toxunmaq - bir sözlə, beş duyğu orqanının beşindən də istifadə edərək hiss etmək mümkündür. İnternet isə məhsul haqqında yalnız mücərrəd təsəvvür əldə etməyə imkan verir və sərgilərdə alıcı ilə satıcı arasında dəyərli, uzunmüddətli və etibarlı münasibətlərin qurulması kimi imkanları təmin etmir. İndiki zamanda  İKT bazarında rəqabət çoxalır. Hamı öz məhsulunu təqdim etməyə çalışır.  

- Bu il Bakutel-də hansı yeniliklər bizi gözləyir?

- Yeniliklərə gəldikdə isə qeyd edə bilərəm ki, sərgi iştirakçıları bu tədbirə ciddi hazırlaşıb və ziyarətçilər üçün bir çox maraqlı eksponatlar planlaşdırılıb.. Bu il sərginin ekspozisiyası telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və yayım texnologiyaları, proqram təminatı və sistemin avtomatlaşdırılması, İT və ofis texnologiyaları, yüksək texnologiyaları təqdim edir. İştirakçıların 45 faizi öz təqdimatları barədə məlumat verib. Sərgidə təqdim olunan yeniliklər həyatımızı daha da rahat etmək üçün nəzərdə tutulub, məsələn, artıq kabel televiziyasını kiçik avadanlığın köməyi ilə istənilən yerə daşımaq və şəbəkəyə qoşulmaqla, 200-dən artıq kanalı izləmək mümkündür (Caspian Telecom). Digər bu kimi yeniliklər arasında sıfırdan müştəri mərkəzlərinin, eləcə də məlumat bazası üzrə sistemlərin və digər zəruri ofis proqramı və şəbəkələrinin yaradılmasını (Avirtel), rəqəmsal dünyanı uşaqlar üçün təhlükəsiz edən yeni texnologiyaları (Kaspersky Lab), istənilən televizoru SMART (intellektual) televizora çevirməyə və televizora on günlük arxivlə baxmağa imkan yaradan MyvideoSmartBox avadanlığını (AG Telekom), məlumatlarınızın təhlükəsizliyi üzrə həll variantlarını (Martin Telecom), kiçik şəbəkələr üçün mobil internet üzrə alternativ həlləri (Mikrolink Azərbaycan) və s. məhsulları göstərmək olar. 

Sərgi ziyarətçiləri tezliklə ölkə bazarına çıxarılacaq yüksək texnologiyalar üzrə həll variantlarını, eləcə də müasir texnologiya və xidmətləri bilavasitə iş prosesində görən ilk insan olacaqlar. 

Və sərginin ziyarətçilərini isə öz şou proqramı ilə ilk dəfə Azərbaycanda olan məşhur sehrbaz Tom qarşılayacaq. Tom Böyük Britaniyada ən görkəmli Sehrbazlar və nüfuzlu Magic Circle üzvülərindən biridir. Tom sərgidə İPad ilə fokus göstərəcək.

- Hazırlıq işləri ilə bağlı vəziyyət necədir ? Şirkətlərdə canlanma hiss olunurmu? 

- Demək olar ki, eynidir. Yəni, 200-ə yaxın şirkət olacaq bu şirkətlər arasında da aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribyutorları var.  Biz çalışırıq ki, sərgi üçün qeydiyyat qaydalarını asanlaşdıraq ki, xarici qonaqlar da rahat gələ bilsin. Məsələn, bir çox sərgilərdə hətta qeydiyyat və kataloqda ödənişli olur. Bizim sərgidə isə qeydiyyat və rəsmi kataloq ödənişsizdir. Həmçinin  Bakutel-in əməkdaşları tərəfindən xaricdən gələcək olan  nümayəndələrə onlayn viza almalarına da yardım edilir. Bununla bağlı  səyahət agentliklə əməkdaşlıq edirik. 

-Rəna xanım, sərgidən sonra şirkətlər özlərinə yeni əməkdaşlıqlar tapa bilirmi?

- Şirkətlər sərgilərdə müxtəlif məqsədlərlə iştirak edirlər, belə ki, bəzi şirkətlər yeni xidmət, məhsul və avadanlıqları öz hədəf auditoriyalarına nümayiş etdirmək üçün sərginin yaratdığı imkanlardan faydalanır, digərləri isə sərgidə şirkətin nüfuzunu artırmaq üçün iştirak edirlər. Bir sıra xarici iştirakçılar İKT bazarında öz yerini tutmaq məqsədi ilə bazar haqqında daha çox məlumat toplamaq üçün sərgiyə qatılırlar. İştirakçıların bir çoxu özünə distribyutor və tərəfdaş axtarır. Sərgi iştirakçılarının 40 fazinin  daimi iştirakçılardan ibarət olması isə iştirakçıların öz məqsədlərinə nail olduqlarını bir daha sübut edir. Unutmamalıyıq ki, sərgidə iştirakın təsiri uzunmüddətli xarakter daşıyır. Tədbirin keçirildiyi günlərdə paylanan sərgi kataloqu iştirakçılar barədə bütün məlumatları ehtiva edir və bu məlumatlardan il boyu, hətta daha çox istifadə edilir. İl ərzində KİV-də sərgi və sərginin iştirakçıları barədə reportajlar, fotolar dərc edilir. Sərginin təşkilatçıları olaraq, biz də bütün il boyu böyük işlər görürük -  öz potensial iştirakçı və ziyarətçilərimizi əvvəlki sərgilər barədə və növbəti sərgiyə hazırlıq işlərinin gedişatı haqqında məlumatlandırırıq. Buna görə də, əməkdaşlıq əlaqələri təkcə sərginin keçirildiyi günlərdə deyil, həmişə qurula bilər və bunu anlayan iştirakçılar sərgidən sonra görülən işlərə diqqətlə yanaşırlar.

- Bakutel-də təşkilatı işlərlərlə bağlı, iştirakçılarınyönləndirilməsi, ətraflı məlumat vermək üçün hansı tədbirlər görüləcək? 

- Bildiyiniz kimi, sərgidə qeydiyyat bölməsi var və tədbirin iştirakçıları və ziyarətçiləri istənilən sualla bu bölməyə müraciət edə bilər. Sərgidə lazımı şirkəti tapmaq üçün Bakı Ekspo Mərkəzinin foyesində yerləşdirilmiş sərginin ümumi planından da istifadə etmək olar.  

Sərgidə iştirakçıları və ziyarətçilərin çətinliyi olmasın deyə 4-5 nəfərdən ibarət “May I help you” yardım mərkəzi fəaliyyət göstərəcək. Həmçinin tədbirin açılışda onlayn təqdimatı olacaq.  Bununla yanaşı, sərginin rəsmi saytında iştirakçılar üçün izahlı  onlayn kataloq  da olacaq. Bütün ziyarətçilərə sərgiyə əvvəlcədən hazırlaşmağı tövsiyə edərdim. Biz öz veb-saytımızda və sosial şəbəkələrdəki səhifələrimizdə sərgi, iştirakçılar və yeniliklər barədə məlumatları operativ şəkildə yerləşdiririk. Həmçinin, ziyarətin maksimum fayda ilə nəticələnməsi üçün sərgidə keçirəcəyiniz günü əvvəlcədən planlaşdırmaq olar. Eyni zamanda, mən növbəyə durmamaq üçün onlayn qeydiyyatdan keçməyi də məsləhət görürəm. Ziyarətçilərin rahatlığı üçün hər bir saatdan bir Koroğlu metro-stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə marşrut üzrə pulsuz işləyən xüsusi avtobuslar təşkil olunub. Bu avtobusların qrafiki ilə sərginin rəsmi veb-saytında ətraflı şəkildə tanış olan bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, sizin rahat çalışmağınız üçün Bakı Ekspo mərkəzinin ikinci mərtəbəsində xüsusi mətbuat mərkəzi yaradılmışdır. Müasir avadanlıqlarla təchiz edilmiş bu mətbuat mərkəzi sərginin bütün iş günlərində fəaliyyət göstərir və burada siz sərgi və əlavə tədbirlər (seminarlar, təqdimatlar, müsabiqələr) haqqında lazımı məlumatları əldə edə bilərsiniz. Həmçinin, burada  sizin xidmətinizə skaner, surətçıxarma maşını, kompüter və internet təklif olunur.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə