İKT Qadınlar Klubu Masallıda ilk regional tədbir keçirib-Foto

07-11-2016 / 15:25

FEMMES DIGITALES azərbaycanlı qız və qadınlar arasında informasiya-kommunikasiya texnologiyaları sahəsinin təbliğatı sahəsindəki sistemli fəaliyyətini ölkənin regionlarında da həyata keçirməyə başlayıb.

Xeberler.az-ın məlumatına görə,  5-6 noyabr tarixində ASAN xidmət, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azər Türk Bank ASC-nin dəstəyi və FEMMES DIGITALES klubunun təşkilatçılığı ilə Masallı rayonunda yerləşən “ASAN həyat” kompleksində rayonun xanım sakinləri üçün silsilə tədbirlər baş tutub.

Proqram çərçivəsində keçirilmiş konfransda ölkənin cənub zonasında yaşayan xanımlar arasında informasiya-kommunikasiya texnologiyaları sahəsinə marağın artırılması məqsədilə Klubun üzvləri olan ölkənin qabaqcıl şirkət və müəssisələrinin rəhbərləri və təmsilçiləri təqdimatlar edib, qızları və qadınları bu sahəyə həvəsləndirmək üçün öz uğur hekayələri ilə bölüşüblər.

 Tədbirdə çıxış edən B.EST Solutions, MONT, Microsoft, Cybernet, Azər Türk Bank, Ultra Technologies və digər təşkilatların nümayəndələri İKT-nin cəmiyyətin həyatının bütün sferalarındakı rolundan danışıb, bu sahədə təhsilin və karyeranın Azərbaycan xanımları üçün açdığı imkanlardan bəhs ediblər. Ölkədə müxtəlif sahələrdə həyata keçirilən innovativ İKT layihələri haqda məlumat verən natiqlər İKT sahəsində inkişaf etmək istəyən qadınlara FEMMES DIGITALES” Klubunun verə biləcəyi dəstəyi də qeyd ediblər.

Daha sonra kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsi olan STEP IT Academy Azerbaijan-ın təqdimatında tədbirin praktiki hissəsinə start verilib. Praktiki məşğələlərdə iştirakçılar əyani vasitələrdən istifadə edərək müxtəlif robotların və avtomatlaşdırılmış sınaq mexanizmlərinin hazırlanması ilə tanış olmuş, bu sahədə başlanğıc biliklərə yiyələnmək imkanı əldə edib.

Proqramın sonunda Masallı rayonunda orta ümumtəhsil müəssisələrində təhsil alan qızlar arasında Breyn-Rinq intellektual oyunu təşkil edilib. 4 orta məktəbdən olan 48 şagirddən ibarət komandalar arasında keçirilmiş oyunun nəticələrinə əsasən qalib gəlmiş komandaya sertifikat və müxtəlif hədiyyələr təqdim olunub.   

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd İKT sahəsində xanımların iştirak səviyyəsinin yüksəldilməsi, regionda təhsil alan qızların gələcək karyera seçimində bu sahənin təbliği və potensial kadrların yetişdirilməsidir. Tədbir FEMMES DIGITALES klubunun Təhsil Nazirliyi ilə birgə Azərbaycanın orta ümumtəhsil müəssisələrində təhsil alan qızlar arasında İKT sahəsinin populyarlaşdırılması məqsədilə həyata keçirdiyi layihə çərçivəsində baş tutub.

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.