İKT sahəsi ilə bağlı komissiya yaradılıb

26-02-2016 / 13:53

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

Xeberler.az-ın məlumatına görə, Konfederasiyanın prezidenti Məmməd Musayev bildirib ki, son vaxtlar ölkədə sahibkarlığın inkişafı ilə bağlı mühüm qərarlar qəbul olunub, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə çoxsaylı tapşırıqlar verilib. Rəyasət Heyətinin iclasında bu məsələlər və Konfederasiyanın qarşısında duran vəzifələr, növbəti il üçün nəzərdə tutulan iş planının təsdiqi müzakirə olunub.

M.Musayev ötən il ərzində ASK-nın həyata keçirdiyi layihələrin əhəmiyyətindən, ölkənin iqtisadi inkişafında sahibkarlıq fəaliyyətinin genişlənməsindən danışıb. Qeyd edib ki, gələcəkdə də Konfederasiya öz dəst-xəttini dəyişməyəcək, sahibkarların hüquq və mənafelərini qorumaq istiqamətində səmərəli fəliyyətini bundan sonra da tələb olunan səviyyədə davam etdirəcək.

İclasda iştirak edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə sahibkarları cəmiyyətdə fəal mövqe nümayiş etdirməyə səsləyib. Bildirib ki, onlar iş adamlarının təkliflərini gözləyir, qanunların qəbulu zamanı bu təkliflərin nəzərə alınmasında maraqlıdırlar.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov təklif irəli sürüb ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclaslarında Konfederasiya nümayəndələrinin iştirakına icazə verilərsə, bu cür prosedur gələcəkdə müsbət nəticə verə bilər.

Həmçinin iclasda 2016-cı ilin I rübü üçün ASK-nın iş planı, daha sonra Konfederasiyaya müraciət edən iş adamlarının üzvlüyə cəlb olunması ilə bağlı siyahı təsdiqlənib. Rəyasət Heyəti yekdilliklə yeni büdcənin qəbulunu məqbul sayıb.

Bundan başqa, iclasda ASK-nın tərkibində iki yeni “Tikinti materialları istehsalı müəssisələri ilə iş” və “Rabitə,  İnformasiya-Kommunikasiya və Texnologiya müəssisələri ilə iş” komissiyalarının yaradılması təklifi səsə qoyularaq qəbul edilib.

Neuron Technologies şirkətinin rəhbəri İsmayıl  Ələkbərov Azərbaycan Sahibkarlar Konfederasiyasının Rabitə və İKT Komissiyasının sədri təyin edilib.

Sözügedən Komissiya rabitə və İKT sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərini maraqlarını təmsil edərək, bu sahədə özəl sektorun inkişafı, milli məhsulların xarici ölkələrdə təşviq edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması istiqamətində fəaliyyət göstərəcək.

Komissiyanın sədri İsmayıl Ələkbərov bildirib ki, Azərbaycanda rabitə, informasiya və kommunikasiya texnologiyalarının inkişafı üçün böyük potensial mövcuddur. İsmayıl Ələkbərov həmçinin qeyd edib ki, hazırda Komissiyanın tərkibi formalaşdırılır və yaxın zamanda yeni üzvlərin iştirak edəcəyi ilk iclasın keçiriləcəyi nəzərdə tutulub. O həmçinin, Komissiyann qarşısında duran vəzifələri açıqlayaraq, ölkəmizin rabitə və İKT sahəsində fəaliyyət göstərən şirkətlərinin maraqlarının əlaqələndirilmiş formada təmsil ediləcəyini, milli texnoloji yeniliklərin, proqram təminatı və sistem inteqrasiyası həllərinin xarici ölkələrə ixracının təşviq ediləcəyini bildirib.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.