İlk 5G şəbəkəsinin istifadəyə verilmə tarixi məlum olub

13-09-2018 / 11:54

Şimali Amerikanın “Verizon Wireless” mobil rabitə operatoru dünyada ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) kommersiya istifadəsinə verməyə hazırlaşır. Belə ki, “Verizon 5G Home” adlı servisin oktyabrın 1-dən etibarən işə salınması planlaşdırılır. Hazırda qoşulma üçün müraciətlərin qəbulu aparılır.

Xeberler.az  ICTnews” Elektron Xəbər Xidmətinə  istinadən yazır ki, ilkin olaraq Hyuston, İndianapolis, Los-Anceles və Sakramento şəhərlərində istifadəyə veriləcək servis çərçivəsində “5G” mobil rabitəsi təklif olunmayacaq. “Verizon” şirkəti ev qoşulması üçün “mmWave” texnologiyasından istifadə edir. Məlumatların orta ötürülmə sürəti 300 Mbit/saniyə, ən yüksək sürəti isə 1 Qbit/saniyə təşkil edəcək.

Məlumata görə, “Verizon 5G Home” xidməti ilk 3 ay ərzində pulsuz işləyəcək. Sonra operatorun mövcud mobil rabitə abunəçilərindən aylıq 50 dollar, yeni abunəçilərdən isə 70 dollar ödəniş tələb olunacaq. Həmçinin qoşulma zamanı pulsuz “Google Chromecast Ultra” və ya “Apple TV 4K” qurğuları və “YouTube TV” servisindən 3 aylıq pulsuz istifadə təklif ediləcək.

Məlumat üçün qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Yeni standartın əsas vəzifələrindən biri “Əşyalar interneti” texnologiyasının hər yerdə yayılması və istifadəçinin virtual və əlavə reallıqdan istifadə imkanı ilə təmin edilməsidir. Həmçinin qoşulan qurğuların elektrik enerjisini az sərf etməsi vacib prioritet olacaq. 2021-ci ildə “5G” şəbəkəsinə qoşulan qurğuların sayının 150 milyona çatacağı gözlənilir. Bu isə o deməkdir ki, yeni standart əvvəlki nəsil rabitə standartlarından daha dinamik inkişaf edəcək.

Bundan başqa, müasir kommunikasiyanın bir neçə problemini həll edəcək “5G” insanların kütləvi toplaşdığı yerlərdə internetdən sürətli və fasiləsiz istifadəni təmin edəcək, eləcə də avtomobilləri “ağıllı” idarəetmə şəbəkəsində birləşdirəcək. Həmçinin “5G” standartı media fayllarından istifadəni yaxşılaşdıraraq yeni təsvir formatları ilə işləməyə, istənilən qoşulmuş texnikanı məsafədən idarə etməyə imkan verəcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.