“İndiyədək 366 mindən çox ASAN imza verilib”-Müsahibə

19-10-2017 / 15:52

Statistikaya əsasən, Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir.

İnternet bu gün təkcə əlaqə və ünsiyyət vasitəsi kimi deyil, həm də mallar, xidmətlər təqdim olunan platforma kimi çıxış edir. Dövlət qurumları, özəl şirkətlər öz xidmətlərini daha çox elektron formada təqdim etməyə üstünlük verirlər.

Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti  elektron xidmətlərdən sərbəst istifadə səviyyəsini əks etdirən özünəxidmətə keçid meyarının tətbiqinə başlayıb.

Xeberler.az bununla bağlı Departamentin Xidmətin təşkili idarəsinin direktoru, baş vergi xidməti müşaviri Azər Şirinovla müsahibəni təqdim edir:

-  Azər müəllim, məsafədən rabitə kanalları (internet portalı, elektron terminal, elektron köşk və s.) vasitəsilə elektron xidmətlərin göstərilməsi istiqamətində Vergilər Nazirliyinin hansı xidmətləri və yeni layihələri var?

- Vergilər Nazirliyi tərəfindən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan xidmət kanalları yaradılmış, yeni layihələr tətbiq edilməklə elektron xidmətlər genişləndirilib. Hazırkı şəraitdə vergi orqanları ilə vergi ödəyiciləri arasında mükəmməl elektron əlaqələrin qurulmasında, bu xidmətlərin genişləndirilməsində yeni mərhələnin əsası qoyulmuşdur. Bu gün Vergilər Nazirliyi mərkəzi icra hakimiyyəti orqanları arasında ən çox elektron xidmət göstərən dövlət orqanı kimi fəaliyyət göstərir.

 Vergilər Nazirliyinin rəsmi internet səhifəsində ayrıca “Elektron xidmətlər” bölməsi yaradılıb,  nazirliyin göstərdiyi bütün elektron xidmətlər, onların inzibati reqlamentləri, istifadə təlimatları, o cümlədən videotəlimatlar burada yerləşdirilib.

Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edən şəxslərə elektron xidmətlərdən istifadə qaydası əyani şəkildə izah olunur, həmin mərkəzlər vasitəsilə elektron xidmətlərdən təkrar istifadə edən vergi ödəyiciləri ilə xüsusi təlimlər təşkil olunur. Xidmət mərkəzlərinin hamısında vergi ödəyicilərinin sərbəst istifadə edə biləcəyi, internetə çıxışı olan özünəxidmət kompüterləri quraşdırılıb.

 - Özünəxidmətə keçid necə reallaşdırılır?

 - Elektron xidmətlərimizdən sərbəst istifadənin təşviq edilməsi məqsədilə Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti tərəfindən özünəxidmətə keçid meyarı tətbiq olunur. Xidmət mərkəzlərində elektron xidmətlərdən istifadə etmiş vergi ödəyicilərinin sonrakı dövrdə xidmət mərkəzlərinə gəlmədən elektron xidmətlərdən sərbəst istifadə səviyyəsini əks etdirən bu meyar üzrə ilkin olaraq 2017-ci ilin ikinci rübü üçün hədəf 30% səviyyəsində müəyyən edilib və növbəti dövrlərdə bu faiz göstəricisinin artırılması nəzərdə tutulur.

-  Aparılan təhlil zamanı 9 ay ərzində xidmət mərkəzlərində qəbul edilmiş vergi ödəyicilərinin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 8%, göstərilmiş xidmətlərin sayının isə 5,5% artmasına baxmayaraq, son iki ayda  bu dinamikada azalma müşahidə olunub.  Bunun səbəbini nədir?

- Son aylarda xidmət mərkəzlərinə müraciət edən vergi ödəyicilərinin sayının azalmasının səbəbləri araşdırılarkən belə qənaət yaranıb ki, buna daha çox aşağıdakı amillər təsir edir:

· Vergilər Nazirliyi tərəfindən davamlı şəkildə elektron xidmətlərin təşviqi, yeni elektron xidmətlərin təqdim edilməsi, vergi ödəyiciləri ilə fiziki təmasın məhdudlaşdırılması və daha çox elektron yazışmalara üstünlük verilməsi;

· Elektron sənəd mübadiləsinə qoşulanların, o cümlədən gücləndirilmiş elektron imza (ASAN imza) alanların sayının artması (cari ilin 9 ayı ərzində verilmiş ASAN imza sertifikatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 110.651 olmuşdur. 2013-cü ildən indiyədək 366.187 ASAN imza sertifikatı verilib.  Bu ilin ilk 9 ayı ərzində dövlət qeydiyyatına alınmış 8352 hüquqi şəxsin 5785-i və ya 69,3% -i, eləcə də 943 fiziki şəxs elektron formada vergi uçotuna alınıb);

· Departamentimizin elektron xidmətlərin tətbiqi ilə əlaqədar maarifləndirmə və təbliğat işlərini genişləndirməsi, ayrı-ayrı xidmətlər üzrə videotəlimatlar hazırlayaraq nazirliyin rəsmi internat saytında, KİV-lərdə, sosial şəbəkələrdə yayması, xidmət mərkəzlərinə müraciət edən vergi ödəyicilərinə elektron xidmətlərdən sərbəst istifadə barədə təlimatlandırması və onları özünəxidmətə cəlb etməsi.

- Özünəxidmətə keçidin etimadı doğrultması və uğur qazanması üçün hansı tədbirlərin görülməsi nəzərdə tutulur?

- Departamentimiz gələcəkdə də vergi ödəyiciləri tərəfindən elektron xidmətlərdən istifadənin genişləndirilməsi, bu sahədə özünəxidmətə keçidin təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirəcək. Bir faktı qeyd edək ki, təhlil zamanı cari ilin avqust ayında elektron xidmətlərdən istifadə üçün xidmət mərkəzlərinə müraciət etmiş fiziki şəxslərin 66,8%-nin 18-44 yaş arasında olduğu müəyyən edilib. Həmin şəxslərin elektron xidmətlərdən istifadənin daha tez mənimsənilməsi imkanlarının olduğunu nəzərə alaraq, xidmət strukturları tərəfindən özünəxidmətə keçidin genişləndirilməsi məqsədlə maarifləndirmə tədbirlərinin, əlavə təlimlərin təşkili nəzərdə tutulub.

Məqsədimiz vergi ödəyicilərinin istək və tələblərinə uyğun xidmətlərin nazirliyin müvafiq informasiya mənbələrindən, o cümlədən rəsmi internet saytından, İnternet vergi idarəsindən və Çağrı Mərkəzindən əldə etmələrinə nail olmaqdır. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə