İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

12-06-2015 / 15:51

Şərq Tərəfdaşlığı ölkələrində elm sahəsində əməkdaşlığın inkişafı üçün yüksəksürətli Internet şəbəkəsi yaradılır. Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrini elektron elm müstəvisində birləşdirən “EaPConnect” layihəsini maliyyələşdirir.

AMEA İnformasiya Texnologiyalar İnstitutundan Xeberler.az-a verilən məlumata görə, Avropa Komissiyası 2015-ci il iyunun 11-də Lüksemburqda Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin əlaqələrinin genişləndirilməsi məqsədilə GEANT təşkilatı ilə müqavilə imzalayıb.

Layihənin tərəfdaşlarından biri olan Azərbaycanı AMEA İnformasiya Texnologiyaları İnstitutu (İTİ) təmsil edir. Tədbirdə AMEA-nın akademik-katibi, AMEA İTİ-nin direktoru, akademik Rasim Əliquliyev də iştirak edib.

Layihənin əsas məqsədi ŞT-yə üzv ölkələr arasında elm və təhsil sahələrində yüksəksürətli regional İnternet şəbəkəsinin yaradılmasıdır. Şəbəkə ŞT ölkələrinin Milli Elm və Təhsil Şəbəkələrini (METŞ) birləşdirərək onları Avropanın GEANT şəbəkəsinə inteqrasiya edəcəkdir.

Regionun 700-dən çox müəssisəsindən 2 milyon tədqiqatçı, alim və tələbənin bu şəbəkədən yararlanacağı gözlənilir. Yüksəksürətli genişzolaqlı şəbəkə elmi bazalara çıxış və böyük həcmli, etibarlı informasiya mübadiləsini təmin edərək beynəlxalq elmi əməkdaşlığa təkan verəcək. Bundan əlavə, “EaPConnect” layihəsi tələbə və tədqiqatçılar üçün Eduroam imkanlarını daha da genişləndirəcək.

“EaPConnect” layihəsi Şərqi Avropa və Cənubi Qafqazda regional elm və təhsil şəbəkəsinin yaradılması üçün hazırlanıb. Layihə 6 ŞT ölkəsinin milli elm və təhsil şəbəkələrini birləşdirərək onları Avropanın GEANT şəbəkəsinə inteqrasiya etdirmək məqsədi daşıyır. “EaPConnect” layihəsinin ümumi məqsədi rəqəmsal fərqin azaldılması, region daxilində qarşılıqlı əlaqələrin yaxşılaşdırılması və yerli alim, tələbə və təqdiqatçıların qlobal tədqiqat və təhsil əməkdaşlığında iştirakının asanlaşdırılmasına imkan yaratmaqdır.

2013-ci ildə ŞT çərçivəsində keçirilmiş Vilnüs sammitində Avropa İttifaqına (Aİ) üzv dövlətlər, o cümlədən 6 ŞT ölkəsinin rəhbərləri tərəfindən Ümumi Bilik və İnnovasiya Mühitinin yaradılması qərara alınıb. Mayın 22-də Riqada keçirilmiş son sammitdə dövlət başçıları rəqəmsal iqtisadiyyatı Aİ və tərəfdaşları üçün hələ istifadə olunmamış potensial sahə kimi tanıyıb. “EaPConnect” layihəsi bu çərçivədə elm və təhsil ictimaiyyətinə yeni imkanlar təqdim edəcək.

“EaPConnect” layihəsinin 5 il davam etməsi və 6 tərəfdaş ölkədə mövcud olan METŞ-ləri ilə birgə GEANT şəbəkə təşkilatı tərəfindən idarə olunması nəzərdə tutulur. Layihə xərclərinin 95 faizini Avropa Komissiyası təmin edir. Digər 5 faizi isə ŞT ölkələri tərəfindən qarşılanacaq.

GEANT Avropanın iqtisadi inkişaf və rəqabətliliyini artıraraq elm və təhsil naminə şəbəkə, elektron  infrastruktur və xidmətlər üzrə Avropanın aparıcı təşkilatıdır. GEANT Avropa, Aralıq dənizi, Afrika, Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı ölkələrinə xidmət edən elm və təhsil şəbəkə layihələrinin yaradılması və idarə olunmasında aparıcı rol oynayır.

Qeyd edək ki, Azərbaycan Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşularaq Avropa ilə əməkdaşlıq sahəsində yeni mərhələyə qədəm qoyub. Bu əməkdaşlıq bütün istiqamətlər üzrə, o cümlədən informasiya cəmiyyəti və elektron elm quruculuğu sahəsində də böyük əhəmiyyət kəsb edir.

AMEA İnformasiya Texnologiyaları İnstitutu GEANT Assosasiyası ilə sıx əməkdaşlıq edərək Azərbaycanın milli elm və təhsil şəbəkəsi olan “AzScienceNet”in sürətli inkişafına nail olub. Hazırda AzScienceNet elektron infrastrukturu üzərindən qabaqcıl şəbəkə texnologiyaları və xidmətləri AMEA-nın elmi müəssisə və təşkilatlarının bütün əməkdaşlarına təqdim edilir.

Azərbaycanın müvafiq dövlət qurumlarının (AMEA, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi) rəsmi dəstəyi ilə GEANT Assosiasiya və onun tərəfdaş olduğu layihələrdə Azərbaycanı AMEA İnformasiya Texnologiyaları İnstitutu təmsil edir.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.