İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019 / 10:30

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Xantaro” şirkətinin nümayəndələri – müştərilərlə iş üzrə direktor Simon Emeri və həll arxitektoru Rob Hit ilə görüş keçirilib.

Xeberler.az  bildirir ki, görüşdə “Xantaro” şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulması və “AzScienceNet” şəbəkəsinin infrastrukturunun genişləndirilməsi məsələləri müzakirə olunub.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev qonaqlara rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyət istiqamətləri, “AzScienceNet” şəbəkəsi barədə məlumat verib. R.Əliquliyev “AzScienceNet”in AMEA-nın elmi müəssisə və təşkilatlarına internet xidmətləri göstərməklə GEANT-ın (Avropa elm və təhsil şəbəkəsi) üzvü kimi elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirdiyini bildirib.

R.Əliquliyev qeyd edib ki, “AzScienceNet” Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə yüksəksürətli regional internet şəbəkəsinin yaradılması və bu ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün həyata keçirilən “EaPConnect” (Eastern Partnership Connect) layihəsində ölkəmizi təmsil edir.

Daha sonra çıxış edən S.Emeri və R.Hit “Xantaro” şirkətinin fəaliyyət istiqamətləri, şəbəkə infrastrukturunun genişləndirilməsi sahəsində beynəlxalq təcrübə haqqında məlumat verib, bu sahədə görülən işləri nəzərə çatdırıblar. Qonaqlar Azərbaycanın Cənubi Qafqaz regionunda əməkdaşlıq əlaqələri qurduqları ilk ölkə olduğunu vurğulayıblar. Şirkət nümayəndələri GEANT Assosiasiyasının vasitəçiliyi ilə “EapConnect 2” layihəsi çərçivəsində “AzScienceNet” şəbəkəsinə hər zaman texniki dəstək verməyə hazır olduqlarını və “AzScienceNet”in əməkdaşlarının şəbəkəyə quraşdırılacaq yeni avadanlıqdan sərbəst istifadəsini təmin etmək üçün Almaniyada yerləşən laboratoriyada treninqlərin keçirilməsinin mümkün olduğunu qeyd ediblər.

R.Əliquliyev “AzScienceNet”in mütəxəssislərinə şirkət nümayəndələrinin şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunması sahəsində təcrübəsindən yararlanmağı tövsiyə edib.

Sonda “AzScienceNet” şəbəkəsinə yeni avadanlığın quraşdırılması zamanı yarana biləcək texniki problemlərin aradan qaldırılmasına dəstək və təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Görüş çərçivəsində qonaqlar, həmçinin “AzScienceNet” şəbəkəsi və “Data Mərkəz” ilə tanış olublar. Qonaqlara mərkəzin texniki imkanları barədə ətraflı məlumat verilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə