“İnformatika dərsində texnologiya olaraq mobil telefonlardan da istifadə etmək olar”

10-04-2015 / 13:15

“Müəllim şagirdlərə həm də İT-mütəxəssislərin yüksək əmək haqlarından danışmalı, bu peşələrə əmək bazarında tələbat olduğunu vurğulamalıdır”. 

Müsahibim Naida İsayeva Azərbaycan Neft və Kimya İnstitutunda tətbiqi riyaziyyat ixtisası və Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunda "İnformatika və riyaziyyat" ixtisası üzrə təhsil alıb.

İnformatika dərsliklərinin müəllifi və informatik.az saytının rəhbəridir.
2007-2008-ci illərdə “Ən yaxşı 100 müəllim” müsabiqəsinin, eləcə də İKT üzrə ən yaxşı kitab nominasiyasının qalibidir. 2009-cu ildə ölkə prezidentinin fərmanı  ilə “Əməkdar müəllim” adına layiq görülüb. 2011-ci ildə “Elektron təhsil” müsabiqəsində qalib olub və hazırda Bakı şəhər 283 saylı məktəbdə informatika fənnini tədris edir.

Tanınmış informatika müəlliməsi Naida İsayeva informatika fənninin təlim-tədris üsulu ilə bağlı Xəbərlər-in suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

-İnformatikaya olan maraq necədir? Şagirdlər nə dərəcədə bu fənnə maraq göstərir?

-18 ildən artıqdır ki, 283 nömrəli tam orta məktəbdə işləyirəm. İnformatika müəllimi kimi çalışdığım bu məktəb mənim həyatımın, demək olar ki, əsas ana xəttidir. Artıq 7 ildir ki, dərslərimizi kurikulum üsulu ilə keçirik. Ona görə çalışırıq ki, yeni təlim və tədris üsulu olan kurikulumun şagirdlərin dünyagörüşündə müsbət reaksiyalar yaratmasını təmin edək. Dərslərimizi yeni təlim üsulları əsasında tədris edirik. Bu həm bizə, həm də uşaqlara yeni görünür və onun mahiyyətində uğurlu çox şey tapırıq.

Cəmiyyətin informasiyalaşdırılması dövründə şagirdlərin bilik, bacarıq, vərdişlərin formalaşmasında informatika fənninin rolu əvəzsizdir. Çünki informatika fənninin  əsas məqsədlərindən biri informasiya ilə işləmək, onu düzgün emal etmək bacarığıdır. İnformatika fənni, bildiyiniz kimi, 1985-ci ildən Azərbaycan məktəblərində tədris olunmağa başladı. Yəni, demək olar ki, ən cavan fənndir. Və o, digər fənnlərdən fərqlənir. Eyni zamanda onun xüsusiyyətləri müəllimlərə tədrisdə çox imkanlar yaradır. 

 -İnformatika fənni neçənci sinifdən tədris olunmağa başlayır ? 

-2005-ci ildən Azərbaycan məktəblərində İnformatika fənni  1-ci sinifdən tədris olunmağa başladı. Yəni, şagirdlər erkən yaşlarından kompüter və tədris prosesində istifadə olunan  digər informasiya texnologiyaları ilə tanış olurlar. İbtidai siniflər kompüterdə işləyirlər, kompüter haqqında məlumatları öyrənirlər, alqoritm və proqram haqqında ilk məlumatları əldə edirlər.

Adətən şagirdlər informatikanın praktiki dərslərinə maraq göstərirlər. 5 -11-ci siniflərdə şagirdlər yeni tətbiqi proqramlarla, yeni texnologiyalarla, İnternetin imkanları ilə tanış olurlar, elektron poçt ünvanları yaradıb, bir-biri ilə məktublaşırlar.  Bundan başqa informatikanın məktəb kursunda alqoritmləşdirmə, proqramlaşdırma, kompüterin məntiqi əsasları və digər mövzular tədris olunur. Əlbəttə, aydındır ki, bəzi mövzuları şagirdlər həvəssiz öyrənirlər. Maraq oyatmaq üçün müəllim, əvvəla , peşəkar olmalıdır, öz fənnini bilməlidir, ikincisi isə, fənnə maraq oyatmaq üçün dərslərdə müxtəlif üsul və vasitələrdən istifadə etməlidir.

-Üsul və vasitələr dedikdə nələri nəzərdə tutursunuz? Necə maraq oyadırsınız ?

-Artıq 3 ildir ki, informatika üzrə 3 müsabiqə keçirilir. Biri -müəllimlər arasında – “Ən yaxşı videoresurs” müsabiqəsidir. Müəllimlər informatika kurikulumuna əsasən, hər hansı mövzunu seçərək Azərbaycan dilində videodərs hazırlayırlar. Nəzərə alsaq ki, öz dilimizdə elektron resursların sayı azdır, bu müsabiqənin əhəmiyyəti böyükdür. 

Bütün resurslar əvvəl youtube.com saytında, sonra  informatik.az saytında yerləşdirilir. Respublikada şagirdlər üçün iki müsabiqə keçirilir - “Google SketchUp proqramında ən yaxşı 3D modeli” müsabiqəsi və  ALPLogo proqramında proqramlaşdırma  olimpiadası.  Öz məktəbimdə mən digər müsabiqələr də təşkil edirəm – “Qrafik redaktorda ən yaxşı şəkil”, “Mətn redaktorunda ən sürətlə yazan şagird”, “Ən yaxşı şagird bloqu”, “Ən yaxşı təqdimat”. Bunlar hamısı şagirdlərdə bizim fənnimizə maraqı daha da artırır. 

-İnformatikanın tədrisi prosesində İKT-ni necə tətbiq edirsiniz ? Hansı proqramlardan, hansı elektron vasitələrdən istifadə edirsiniz?

-Hər dərsim bir birindən fərqlənir. Aşağı siniflərdə rollu, didaktik oyunlardan dərslərdə geniş istifadə edirəm. Hər dərs üçün elektron resurs hazırlayıram.  Bu təqdimat, video, flipçartlar olur. Otağımda kompüter avadanlığı, proyektor, interaktiv lövhə olduğu üçün onlardan  tez-tez dərs prosesində istifadə edirəm. Şagirdləri interaktiv lövhədə çalışdırıram. Elə dərslər var ki, onlarda fərdi kompüterlərdən istifadə edərkən, şagirdlər yeni mövzu üzrə cədvəllər, krossvordlar, sxemlər hazırlayırlar. Bəzi dərslərdə qrup və cütlük formasından istifadə edərək, şagirdlərə tapşırıq verirəm. Əsasən, məlumatları şagirdlər İnternetdən əldə edirlər. Bu zaman axtarış sistemlərdən və əvvəlcədən göstərilən veb-səhifələrdən istifadə edirlər. 

-İstifadə etdiyiniz əsas proqramlar hansılardır, onlar lisenziyalıdırmı ? Özünüz lisenziyamı əldə edirsiniz  yoxsa  ?

-Kompüter proqramlarının əksəriyyətini kabinetin kompüterlərinə Təhsil Nazirliyinin əməkdaşları quraşdırıb. Hesab edirəm ki, onların lisenziyasını Təhsil Nazirliyi alıb. Microsoft Office paketinin lisenziyası olmadığına görə, biz bu paketin əvəzinə sərbəst yayılan və lisenziyanı tələb etməyən OpenOffice.org paketindən istifadə edirik. İnformatika dərsliklərində də izahat bu proqram paketinin əsasında aparılır. Bu paketdə həm mətn redaktor, həm elektron cədvəl, təqdimat proqramı, vektor redaktoru var. Rastr redaktoruna aid dərsləri keçərkən MS Paint proqramından, sərbəst yayılan Paint.NET, TuxPaint, Google SketchUp proqramlarından istifadə edirik. 5-7 siniflərdə şagirdlər proqramlaşdırmanın əsaslarını "Bakı" nəşriyyatı tərəfindən hazırladığı və məktəblərdə sərbəst yayılan ALPLogo proqramı vasitəsilə öyrənirlər. Heç bir proqramın lisenziyasını məktəb özü almayıb. Öz istifadəm üçün, bir neçə proqramın lisenziyasını almışam.

-İnformatikanın tədrisi üçün yetərincə milli elektron resurlsar, saytlar varmı?     Hansı elektron resursları şagirdlərə tövsiyə edirsiniz?

-İnformatikanın tədrisi üçün milli elektron resurslar, əlbəttə ki, azdır. Əsasən proqram  məhsulları, interaktiv, məntiqi oyunlar. Şagirdlərə ilk öncə e-resurs.edu.az saytını və e-dərslik.edu.az portallarını tövsiyyə edirəm. Sırf informatika ilə bağlı materiallar, dərsliklər, proqramlar lazım olanda, öz tərəfindən hazırlamış saytı  - informatik.az saytını tövsiyə edirəm. Azərbaycan dilində başqa saytlar da var. Bu və digər saytlarından istifadə dərsin məqsədindən asılıdır. Əlbəttə, rus və ingilis dillərində maarifləndirici saytlar, elektron resurslar daha çoxdur.

-Uşaqların tez-tez istifadə etdikləri informatika resursları, Facebook qrupları  varmı?

-Artıq 8 ildir informatik.az saytı İnternetdə fəaliyyət göstərir. Saytda informatikaya aid böyük həcmdə elektron resurslar var. Şagirdlər onlardan tez-tez istifadə edirlər. Məşhur youtube.com videoportalının imkanlarından da istifadə edirik. Çox vaxt şagirdlərə mövzuya aid və Youtube-da olan videonun ünvanını söyləyirəm. Facebook-da  məktəbin qrupu yaradılıb. Şagird, məzun, müəllim və valideynlər qrupun üzvüdür. Lazım olan məlumatlar, vacib elanlar, tədbirlərin görüntüləri və digər informasiya həmin qrupda yerləşdirilir. 

-Bütün uşaqlar kompüterlə təmin edilibmi? Ümumiyyətlə məktəbin  texnoloji avadanlıqlarla təminatı necədir ?

-Məktəbimizdə üç informatika otağında 45-ə yaxın kompüter var.  Son zamanlar interaktiv dərslərin tədrisi üçün məktəbə interaktiv lövhə, proyektorlar və noutbuklar verilib. İnformatika dərsləri kompüter otaqlarında keçirilir. Başqa fənnlərin tədrisində də bu otaqlardan istifadə edilir. Nəzərə alsaq ki, hər sinifdə 20-35 nəfər oxuyur və informatika dərslərində şagirdlər iki qrupa bölünmür (xarici dil dərslərində kimi), 10-11 istisna olmaqla, praktiki dərslər zamanı bu vəziyyət çətinlik yaradır və hər şagird kompüterlə, əlbəttə ki,  təmin olunmur. Çox zaman iki-iki otururlar. Yaxşı olardı ki, informatika dərslərində böyük siniflər 2 qrupa bölünsün.

Fikrimcə, məktəbin hər otağında dərslərin maraqlı və əyani keçirilməsi üçün proyektor və noutbuk olmalıdır.

-Nə üçün valideynlər övladlarını informatika üzrə hazırlaşdırmırlar? Halbuki Kompüter elmləri , tətbiqi riyaziyyat, proqramlaşdırma və.s ixtisaslar birbaşa bu fənnin tədrisi üzərində nəzərdə tutulub.

-Əslində həmin ixtisasa yaxın peşələri olan valideynlər öz övladlarını müasir ixtisaslara yönəldirlər. Bunu mən sizə öz təcrübəmdən deyə bilərəm. İki qızım "Tətbiqi riyaziyyat" ixtisasını seçmişdi. Amma bu ixtisaslardan məlumatı olmayan valideynlər, əlbəttə ki, öz uşaqlarına onları tövsiyə edə bilməz. Onu informatika müəllimləri etməlidir. Dərs zamanı 8-9-cu siniflərdə ixtisas seçiminə vaxt ayırmaq lazımdır. Xüsusən,  müəllim şagirdlərə İT-mütəxəssislərin əmək haqları ilə bağlı məlumat verməli, bu peşələrə əmək bazarında tələbat olduğunu vurğulamalıdır.
 Vəziyyət elə də pis deyil. Hazırda Ali Neft məktəbi, ADA, Qafqaz universitetlərinə həmin siz sadaladığınız ixtisaslara imtahanlarda yüksək bal toplamış abituriyentlər sənədləri verirlər. “Xaricdə təhsil” proqrama əsasən, xarici universitetlərdə İKT ixtisaslara üstünlük verilir.

-Məktəbdə İnternet sürətlidirmi və keyfiyyətlidirmi? İnternetdə problemlər olanda nə edirsiniz? Kompüterlərinizdə problemlər olanda bunları kim aradan qaldırır?

-Yaralı yerimizə toxundunuz. Məktəb artıq 5 ildir genişzolaqlı İnternetə qoşulub. Əslində sürəti normal olmalıdır, amma hələ ki sürəti biz görmürük. Nasazlıq çox olur. Lazım olan məqamlarda bağlantı kəsilir.
Bu yaxınlarda şagirdlər arasında beynəlxalq Bebras informatika olimpiadası keçirildi. Hər şagird kompüterin arxasında əyləşərək 45 dəqiqə ərzində müvafiq saytda yerləşdirilmiş məsələləri həll etməli idi. Həmin həftə İnternetimiz çox zəif idi, müsabiqə zamanı bir neçə dəfə kəsilirdi. Nasazlıqlar olanda Təhsil Nazirliyini Qaynar xəttinə zəng edib, mütəxəssis çağırırıq. Adətən, AzEduNet   təşkilatın əməkdaşları gəlir. Problemləri həll edirlər.
Amma, qeyd etmək lazımdır ki, İnternetin sürəti bizi qane etmir. Kompüterlərdə problemlər yarananda, yenə də həmin Qaynar xəttlə əlaqə saxlayırıq. Texniki işçilər gec və ya tez gəlib, kompüterləri sazlayırlar.

-Məktəbin saytı varmı? Necə yenilənir ? Uşaqlar bu prosesdə iştirak edirlərmi ?

-Məktəbin rəsmi saytı 2006-ci ildən fəaliyyət göstərir. Həmin saytı mən hazır platformada hazırlamışdım. Məktəbə aid olan materialları yerləşdirmişdim. Özüm də onu yeniləyirdim. Saytda məktəb xəbərləri, müəllimlər, şagirdlər, məzunlar haqqında materiallar var idi. İndi də həmin sayt mövcuddur. Lakin bir neçə ay öncə Bakı şəhəri Baş Təhsil İdarəsi Bakı məktəbləri üçün sayt şablonları hazırlandı.
İndi bütün məktəb saytları bakimektebleri.edu.az serverində yerləşir. Saytla mən məşğul oluram. Şagirdlər bu prosesdə iştirak etmir. Amma informatika dərslərində, xüsusən, 10-cu sinifdə hər şagird müəyyən mövzu seçərkən İnternetdə hazır şablonlardan istifadə edərək bloq hazırlayır və ya sayt açır. Ona məlumatlar yerləşdirirlər və daim işlək vəziyyətdə saxlayırlar. Çalışıram ki, şagirdlər maraqlı və bir-birindən fərqli mövzular seçsinlər.

-Sizin özünüzün  və dərs dediyiniz şagirdlərin bloqu varmı? Bloqdan uşaqlarla əlaqələrin qurulamsı məqsədilə istifadə edirsinizmi ?

-2005-ci ildə bir bloq hazırlamışdım. Məqsədim tədris materiallarla şagirdlərə köməklik göstərmək idi. Bir ildən sonra həmin bloq şəxsi səhifədən respublikamızda informatika müəllimlərin arasında tanınmış, çox istifadə olunan sayta çevrildi. Bu informatiklər arasında tanınmış informatik.az saytıdır. Saytda minlərlə Azərbaycan dilində elektron resurs yerləşdirilib. 

-Ümumiyyətlə uşaqlarla əlaqəni hansı vasitə ilə qürursunuz? Bu məqsədlə sosial şəbəkələrdən effektiv istifadə edirsinizmi ?

-Şagirdlərlə əlaqəni qurmaq üçün elektron poçtdan, Google servislərdən və digər Veb-2 alətlərdən istifadə edirəm. Bulud texnologiyalardan geniş istifadə edirəm, xüsusən, Google diskdən. Müxtəlif sənədlər yaradıram, şagirdlərimə həmin sənədlərə keçid verirəm. Onlar həmin sənədlərdə öz qeydlərini edə bilir. Həmin vasitədən istifadə edib, formaları, anketləri, testləri hazırlayıram. Şagirdlər onları onlayn doldururlar.

-Uşaqların təhlükəsizliyi ilə bağlı nə öyrədirsiniz? Onlar öz informasiya təhlükəsizliklərini qoruya bilirlərmi ? Bu sahədə valideynlərlə əlaqələr qurursunuzmu ?

"Təhlükəsizliyi" deyəndə, yəqin ki, İnternet təhlükəsizliyindən və kompüterdə işləyərkən təhlükəsizlik qaydalarına riayət edilməsi nəzərdə tutulur. Hər iki mövzuya aid dərsliklərimizdə dərslər var. İbtidai siniflərdən başlayaraq uşaqlar kompüterdə işləmə qaydaları və təhlükəsizlik qaydaları ilə tanış olurlar. Praktiki dərslərin əvvəlində həmin qaydaları kiçik yaşlı uşaqlarla təkrarlayırıq.

Yuxarı siniflərdə şagirdlər artıq İnternetdə işləməyə başlayırlar və hesab edirəm ki, onların təhlükəsizlik qaydalarına riayət etməsi şərtdir. Dəfələrlə bu barədə onları istiqamətləndirirəm. Ziyanlı kontentdən, təhlükəsizlik parollarından, İnternetdə tanımadığı insanlarla ünsiyyətdən danışıram. Qeyd edim ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə nəticəsində bir müddətdir ki, məktəblərdə filtrlənmiş İnternetdən istifadə olunur. Amma bu məsələdə ən böyük məsuliyyət valideynlərindir.

-Dərs prosesində uşaqlar mobil avadanlıqlardan istifadə edə bilərlərmi ?

-Bəli. Dərs prosesində texnologiya kimi mobil telefonlardan istifadə etmək olar. Məsələn, mətn yığarkən, mesaj göndərərkən, şəkillərin formatına diqqət yetirərkən və s. Mobil telefon, daha doğrusu smartfon informasiyanı qəbul edən, ötürən, emal edən və saxlayan qurğudur. O da kompüter kimi informasiya ilə işləyir və onun vasitəsilə bəzi mövzuları keçmək mümkündür. Çox zaman kənd yerlərində məktəbdə kompüter olmayan zaman müəllimlərə smartfonlardan vasitə kimi istifadə etməyi təklif edirəm.

-Sizcə məktəbdə və valideynlərdə informatikaya olan diqqəti və hörməti artırmaq üçün hansı addımlar atılmalıdır?

-Hesab edirəm, uşaqlarda bizim fənnimizə və ümumiyyətlə, hər fənnə maraq artırmaq üçün dərslərdə müxtəlif metodlardan, üsullardan, təlim texnologiyalarından istifadə etmək lazımdır. Çünki bunların hamısı şagirdlərdə idrak maraqlarını formallaşdırır. Müəllimlərin peşəkarlığını artırmaq üçün müxtəlif viktorinalar, yarışlar, müsabiqələr keçirmək lazımdır.

 

Mirvari Nəcəf

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə