İnformatika Olimpiadasının final mərhələsi keçirilib

08-05-2017 / 12:00

İnformasiya Texnologiyaları İnstitutunda 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə XI Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbiri giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  bu gün dünyada informatika və proqramlaşdırma sahələrinin inkişaf etdirilməsinin prioritet istiqamətlərə çevrildiyini, informasiya texnologiyaları üzrə yüksəkixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların, xüsusən də proqram mühəndislərinin hazırlanmasına tələbatın olduğunu bildirib.

Azərbaycanda elm və təhsilin inkişafına ölkə rəhbərliyi, eləcə də AMEA tərəfindən daim xüsusi diqqət göstərildiyini söyləyən alim İKT-nin bu sahələrdə tətbiqinin geniş imkanlara yol açdığını qeyd edib.

Elm və təhsilin inteqrasiyası prosesində İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet şəbəkəsinin mühüm vasitələrdən olduğunu bildirən akademik R.Əliquliyev AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib.

Alimin sözlərinə görə, AMEA-nın elmi-tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də AzScienceNet və Data Mərkəzin xidmətlərindən yararlana bilərlər.

Alim AzScienceNet-in dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri quraraq akademiyanın institut və təşkilatları əməkdaşlarının dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına şərait yaratdığını diqqətə çatdırıb.

O, AzScienceNet-in 2015-ci ildə Təhsil Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycan elm və təhsil mühitini Avropanın elm, təhsil fəzasına inteqrasiya etdirərək ölkəmizdə dünya standartlarına uyğun texnologiya və xidmətlərin istifadə edilməsinə, tədqiqatçılarımızın bu mühitdə daha səmərəli fəaliyyət göstərməsinə şərait yaratmağa imkan verən Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) milli operator statusunda üzvlüyünə qəbul olunduğunu qeyd edib.

Bu olimpiadada da məhz AzScienceNet-in resurslarından istifadə edildiyini diqqətə çatdırıb.

R.Əliquliyev bildirib ki, builki olimpiadada iştirak etmək üçün respublikanın 24 ali təhsil müəssisəsindən 52 komanda qeydiyyatdan keçərək olimpiadanın ilk mərhələsində iştirak etdib.

Qaydalara müvafiq olaraq, respublika üzrə 12 ali təhsil müəssisəsinin (Bakı Mühəndislik Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) hər birindən 1 ən yaxşı nəticə göstərən komanda olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanıb.

Azərbaycanın regionlarını təmsil edən ali təhsil müəssisələrinin komandalarının olimpiadada iştirakının təşviq edilməsi məqsədilə olimpiadanın Münsiflər Heyətinin qərarı ilə Sumqayıt Dövlət Universitetinin “DEV-SDU”, Mingəçevir Dövlət Universitetinin “MDU”, Gəncə Dövlət Universitetinin “Nizami” və Azərbaycan Texnologiya Universitetinin “AzeNET” komandalarının olimpiadanın final mərhələsində iştirakına imkan yaradılıb.

Sonra çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkə rəhbərliyi tərəfindən informasiya-kommunikasiya texnologiyalarının inkişafına daim diqqət göstərildiyini və bu istiqamətdə mühüm tədbirlərin görüldüyünü, gənc nəslin bu işlərin həyata keçirilməsində mühüm rol oynadığını söyləyib.

Bu baxımdan ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki bilikləri və bu sahəyə olan marağının artırılmasına, habelə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsinə xidmət edən bilik yarışlarının keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirərək olimpiada iştirakçılarına uğurlar diləyib.

AR Təhsil Nazirliyinin Təhsilin idarə olunması üzrə məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov çıxış edərək builki müsabiqədə ölkənin müxtəlif orta təhsil məktəblərindən Beynəlxalq İnformatika Olimpiadasında iştirakı nəzərdə tutulan 2 nəfər 8-ci sinif şagirdinin müsabiqədən kənar olaraq iştirak etdiyini vurğulayıb.  

Sonra çıxış edən Olimpiadanın Münsiflər Heyətinin sədri, BDU-nun dosenti Ramin Mahmudzadə gənclərin İKT biliklərinin təkmilləşdirilməsi, informatika və proqramlaşdırma sahəsində istedadlı tələbələrin aşkara çıxarılması və onlara dəstək verilməsi baxımından olimpiadanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb

Onun sözlərinə görə, qeyd etdi ki, başlıca hədəflərdən biri informatika fənni üzrə respublika olimpiadasının qaliblərini beynəlxalq müsabiqələrə hazırlamaqla Azərbaycanın intellektual yarışlarda yüksək səviyyədə təmsil olunmasına şərait yaratmaqdır.

Sonra olimpiadanın təşkilatçılarından olan Bakı Mühəndislik Universitetinin müəllimi Etibar Seyidzadə texniki məsələlər və prosedurlar haqqında ətraflı məlumat verib. O,  bildirib ki, olimpiada beynəlxalq “Ali məktəb tələbələrindən ibarət komandalar arasında proqramlaşdırma üzrə beynəlxalq olimpiada” qaydalarına əsasən keçirilir. Hər komanda 1 müəllim və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda olimpiadanın birinci mərhələsinə buraxılır. Təhsil müəssisələrinin yalnız bir komandası olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Müsabiqə zamanı hər komandaya 5 saat ərzində 10 alqoritmik məsələni həll etmək tapşırığı verilir. Finalda ən yaxşı nəticə göstərən 4 komanda qalib elan edilir.

Qeyd edək ki, şəffaflığın təmin olunması üçün müsabiqənin gedişatına institutda quraşdırılmış video-müşahidə sistemi vasitəsilə müəllimlər tərəfindən nəzarət edilib.

Qaliblər Nar operatoru və BestComp Group  şirkətinin qiymətli hədiyyələri, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Fəxri Fərmanı və diplomlarla mükafatlandırılacaq.

2007-ci ildən müntəzəm olaraq keçirilən tədbirin təşkilatçıları AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), Heydər Əliyev Fondu, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

 Məltəm Talıbzadə

 

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə