İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016 / 21:22

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası”nın final mərhələsi keçirilib. Tədbiri Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, İnformasiya Texnologiyaları İnstitutu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə təşkil edib.

Xeberler.az məlumat vverir ki, olimpiadanın final mərhələsində respublikanın 13 ali təhsil müəssisəsindən 13 komanda iştirak edib.

Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev olimpiadanın əhəmiyyətini qeyd ediblər.

Bildirilib ki, 2007-ci ildən ardıcıl keçirilən olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir. Bu kimi tədbirlərdə seçilən informasiya-kommunikasiya texnologiyaları üzrə innovativ təfəkkürə malik istedadlı gənclər ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edirlər.

Sonra Bakı, Gəncə, Naxçivan, Mingəçevir və Sumqayıtdakı ali təhsil müəssisələrinin təmsil olunduğu müsabiqənin şərtləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, olimpiada beynəlxalq ASM/ICPC (ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) və “101” (şagirdlər arasında informatika üzrə beynəlxalq olimpiada) qaydaları üzrə e-olymp.com saytı vasitəsilə keçirilir.

Daha sonra olimpiadanın final mərhələsi keçirilib. Yarış zamanı hər komandaya beş saat ərzində 10 məsələni həll etmək tapşırığı verilib. Olimpiadanın ilk mərhələsində respublikanın 22 ali təhsil müəssisəsindən 55 komanda iştirak edib.

Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Finalda ən yaxşı nəticə göstərən dörd komanda qalib elan ediləcək.

Qaliblər HP, Nar və Caspian Telekom şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərman və diplomlarla mükafatlandırılacaq.

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə