“İnkişafı qəsdən tutub saxladılar”

10-08-2011 / 20:10

Ekspert Rabitə Nazirliyinin "Azercell" və "Bakcell" ə 3 G lisenziyası ilə bağlı qoyduğu şərtləri absurd adlandırır

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun«Azercell» və «Bakcell» mobil operatorlarına 3G xidməti göstərmək üçün lisenziyanın verilməsinə dair açıqlaması qalmaqala səbəb olub.

Nazir bildirib ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalara əsasən, operatorların şəbəkəsi şəffaf olmalıdır: «Yəni operatorlar arasında olan trafik mübadiləsi görünməlidir. İkinci ən böyük tələb daşınan nömrələrə keçilməsidir. Çox təəssüf ki, operatorlar, xüsusilə də «Azercell» nədənsə buna həvəs göstərmir. Artıq bütün inkişaf etmiş ölkələrdə vahid daşına bilən nömrə prinsipi həyata keçirilir. Üçüncü ən böyük tələb isə operatorlar arasında trafik mübadiləsində qiymətin aşağı salınmasıdır. O, Azərbaycanda 5 qəpikdir. Bu da ümumi qiymətin yüksək olmasına gətirib çıxarır. Artıq belə bir qərar qəbul edilib ki, trafik haqqı 2 qəpiyə endirilsin. Buna da «Azercell» və «Bakcell» razı olmurlar. Bu şərtləri qəbul edəndən bir saat sonra onlara lisenziya veriləcək».

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz nazirliyin şərtlərini absurd, ağlasığmayan fikirlər hesab edir: «Yaxşı olardı ki, RİTN heç vaxt açıqlama verməsin. Bəlkə bununla hörmətlərini saxlayardılar. Nazirliyin açıqlamalarının xronikasına diqqət yetirdikdə, bir-birinə zidd fikirlər səsləndiyini görərik. Birinci dəfə bəhanə gətirdilər ki, müraciət etməyiblər. Daha sonra sənədlərin qaydasında olmadığını, tezliklərinin yoxluğunu, müəyyən texnoloji şərtlərə cavab vermədiyini əsas gətirdilər. Onların arasından ən biabırçı açıqlama sonuncu oldu».

O.Gündüz tariflərin 3G xidmətinə dair lisenziyanın verilməsinə hər hansı bir aidiyyəti olmadığını deyir: «Nazirlər Kabinetinin lisenziya verilməsi ilə bağlı xüsusi şərtləri və qaydaları var. Orada tariflərlə bağlı şərtlər qoyulmayıb. Ola bilsin ki, nazirin bu məsələ ilə bağlı müəyyən məntiqi əsasları var. Tariflər yüksəkdir və şəffaflıq yoxdur. Amma bunun 3G-yə dəxli yoxdur. Bu qədər bəhanə gətirməkdənsə, birdəfəlik 3G lisenziyasının vermək istəmədiklərini desinlər».
O.Gündüz deyir ki, nazirlik dövlət başçısının «Azercell»ə 3G lisenziyasının verilməsi ilə bağlı tapşırığına əhəmiyyət vermir: «Əgər bu məsələdə prezidentin göstərişi keçərli deyilsə, deməli, üst qatda nəhəng proseslər gedir. Bunun kökündə nəinki iqtisadi, siyasi maraqların da olduğunu deyirlər. Azərbaycanda informasiya texnologiyalarının inkişaf etməməsində maraqlı olan qüvvələr var. Əgər «Azercell»ə 2-3 il öncə 3G verilmiş olsaydı, ölkənin indiki texnoloji, informasiya, internet durumu indikindən qat-qat yüksək ola bilərdi. Əslində, burada itirən Azərbaycandır. İndi dünya bütün şəbəkələrini yeni texnologiyalar üzərinə köçürür, Azərbaycan isə artıq köhnəlmiş 3G-yə görə mübahisə edir. Bütün redaksiyalar-qəzet, elm, təhsil, səhiyyə sistemi bunun üzərində qurulacaqdı. Amma bu inkişafı tutub saxladılar».

Qeyd edək ki, RİTN 3G tezliyini B&B TV şirkətinə satıb. Ekspert bunu qanunsuz addım sayır: «Tezlik zonasının bölünməsinə Nazirlər Kabineti yanında Radiotezliklər üzrə Dövlət Komissiyası baxır. Onun istismara verilməsi, tezlik siyahısının hazırlanması, istismarı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məşğul olur. Tezlik dövlət mülkiyyətinə məxsusdur. Bu mülkiyyətin hansısa şirkətə verilməsi yolverilməzdir, qeyri-qanunidir. Düzü, bu haqda məlumatım yoxdur».

Vüsalə RÜSTƏMOVA
05.08.11. Bizim yol


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.