İnternet inqilabı insanları tərəqqiyə, yoxsa tənəzzülə aparır?

22-07-2010 / 22:54

İnternet İnqilabı - Sosial Şəbəkələr

Sosial şəbəkələri yeni dəb, bəlkə də internetin yeni siması kimi qiymətləndirmək olar. İnsanlar iş yerlərində, evdə, yolda bu şəbəkələrə daxil olur, öz fikirləri və gördüklərini bir-biri ilə bölüşür, yazışırlar. Bununla da onlar öz ünsiyyət tələbatlarını ödəyirlər.

Rəsmi statistikaya əsasən, Azərbaycanda ən çox baxılan internet səhifələri də məhz sosial şəbəkələrdir (Odnoklassniki.ru, Facebook.com). Hər gün bu saytlara yüz minlərlə abunəçi daxil olur. Əlbəttə ki, ilk baxışdan bu, adi haldır və təəccübləndirici heç bir şey görünmür. Lakin, məsələnin kökünə baxsaq, çox maraqlı məqamlar ortaya çıxır.

Ən önəmli məsələ sosial şəbəkələrin peyda olmasından sonra, internet ünsiyyətində baş vermiş inqilabdır. Bir neçə il öncə internetdə ünsiyyət – müxtəlif çatlar, forumlar, e-mail yazışmaları və s. kimi üsullarla həyata keçirilirdisə, hazırda sosial şəbəkələr vasitəsilə ünsiyyət daha populyardır.

Elə isə sual ortaya çıxır: əgər ünsiyyət elə ünsiyyət olaraq qalıbsa, o zaman fərq, inqilab nədədir?
Cavab: Məxfilik.

Virtual dünya: Anonim və aşkar  

Əvvəllər internet istifadəçiləri öz fantaziyalarının məhsulu olan virtual personajlardan istifadə edirdilər. Bu personajın öz təxəllüsü (nickname), xasiyyəti, fərqli həyat tərzi var idi. Personaj real həyatdakı insanların virtual dünyada təmsilçisi idi.
İnternet istifadəçisinin real həyatda kim olduğu, nə ilə məşğul olması məxfilik pərdəsi altında gizlənirdi.
Sosial şəbəkələrin yaranması isə internet istifadəçilərindən real həyatdakı kimliklərini internetə köçürmələrini tələb etdi.

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da internet istifadəçiləri bu dəbli tendesiyaya qoşularaq özləri haqqında tam məlumatı cəsarətlə internetə köçürdülər. İnternet istifadəçiləri real şəkillərini, harada yaşadıqlarını, maraqlarını, iş yerlərini, öz dost siyahılarını könüllü surətdə yüz milyonluq internet auditoriyasına təqdim etdilər.

İnternet səhifəsində dostlar siyahısı, şəkillər, fərdi həyatdan məlumatlar gündən-günə artmaqda davam edir.

İnternet təhlükələrinə də hazır olun

Lakin, bir çoxlarımız üçün gündəlik həyatımızın bir hissəsinə çevrilən sosial şəbəkələrin təhlükəli və ya xoşagəlməz tərəfləri də az deyildir.

Təsəvvür edin ki, sizin bütün həyatınız kataloq şəklində internetdədir. Xəbəriniz belə olmadan istənilən şəxs bu məlumatı istədiyi məqsəd üçün istifadə etmək imkanını qazanır.
Bir çox Avropa ölkələrində, o cümlədən, ABŞ-da insanın xasiyyəti, alışqanlıqları, maraqları barədə məlumatı əldə etmək üçün Facebook kimi sosial şəbəkələrdən istifadə edirlər.

Hazırda bir çox işədüzəltmə və məşğulluq idarələri internet vasitəsilə sizin səhifənizi axtarır, məlumatlarınızı, şəkillərinizi diqqətlə izləyirlər.

Təsəvvür edin ki, internet səhifənizdə son qonaqlıqdan çəkilən şən şəkilləriniz yerləşdirilib. Sizi tanımayan insanlar isə bu şəkillər və şərhlər əsasında şirkətdə iş üçün nə dərəcədə yararlı olub-olmayacağınız haqqında rəy verirlər.

Əminəm ki, işə götürmə zamanı keçirilən müsahibədə, keçən il Antalyada (məsələn) yay istirahətiniz zamanı baş verənlər haqqında danışmaq və ya onları müzakirə etmək istəməzdiniz.

Obama da xəbərdarlıq edir...

Bu yaxınlarda ABŞ prezidenti Barak Obama gənc tələbələrlə görüşündə sosial şəbəkələrdən istifadə edərkən daha seçkin olmalarını tövsiyə edib. Onun sözlərinə görə, internetə yüklənmiş faylların məzmunu bir müddət sonra gənclərin karyera və ya təhsil əldə etmələrində mane ola bilər.

Bir sözlə, hər bir istifadəçi hər hansı məlumatı internet aləminin məhsuluna çevirməzdən öncə yaxşı-yaxşı düşünməli, filtrasiyadan keçirməlidir.

Bu yazılanlar sosial şəbəkələr haqqında ön söz kimi qiymətləndirilə bilər. Necə deyərlər, ardı var...

mənbə Milli.Az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə