İnternet insanları real həyatdan uzaqlaşdırır

29-07-2010 / 05:35

İnternet insanları real həyatdan uzaqlaşdırır

Zaman dəyişdikcə, meydana çıxan yeniliklər həyat tərzimizə, gündəlik yaşamımıza da öz təsirini göstərir. Vaxtilə çətin görünənlər indi çox asanlaşıb. Vaxtilə mümkünsüz olanlar, göz qırpımında hazır olur. Hətta dünya evinə girmək belə bu gün çox bəsitdi. İndi əvvəlki romantika, əvvəlki hiss-həyəcan artıq yox olmaq həddədir. Görüb-bəyəndiyi qızın sevgisini qazanmaq üçün günlərlə, aylarla əziyyət çəkib, dəridən-qabıqdan çıxan oğlanlar da azalıb. Artıq asan və daha tez tanışlığa nail olmanın üsulu var: virtual tanışlıq.

Maraqlıdı, gənclərimizin inernet tanışlığından gözləntiləri nədi? Belə tanışlıqları nə dərəcədə ciddi hesab edirlər?

İnternetlə tanışlığı qızlar ciddi qəbul edir...

Müsahibim 18 yaşlı Səbinə Abdullayeva internetlə tanışlığa ciddi yanaşmır. Deyir, belə münasibətlərin çoxu yalan üzərində qurulub: "Özüm də bir neçə dəfə virtual tanışlıq metodundan istifadə etmişəm. Şəkilləri fotoşopda elə düz-qoş edirlər ki insan baxanda "axtardığımı tapdım" deyir. Amma di gəl, görüşə gedəndə bütün ümidlərim, istəklərim alt-üst olur. İnternetdə şəklinə vurulduğun insanın ya boyu balaca olur, ya da beli əyri. Məcburən elə ilk görüşdən sonra nömrəni dəyişərək, zənglərdən qaçırsan. Beləcə əlaqə kəsilir".

Həmsöhbətim internetdə sual-cavabdan yorulmayanların, əslində real həyatda utancaq olduğunu deyir: "Elələri olur ki, yazanda o qədər sürətli yazırlar, çatdırıb cavablandıra bilmirsən. Üzbəüz gələndə sən onun üzünə baxırsan, o da sənin. İki-üç kəlməni güclə danışırlar. Ona görə də boş şeylərdir. Elə ən yaxşısı gördüyün, bildiyin biri ilə münasibət yaratmaqdır".

20 yaşlı Sənan Cümşüdov da internetdə tanışlığı ciddi hesab etmir. İnternetdə tanışlığı sadəcə bir məşğuliyyət sayan S.Cümşüdov bununla vaxt öldürdüyünü deyir. "Həm də darıxmıram. Qızların çoxu isə bir az danışan kimi işi ciddiyyətə çevirirlər. Hətta həmin saniyədən qısqanclığa başlayanlar var. Hərdən eyni vaxtda iki qıza yazıram. Bunu tutub üzümə vuranlar da olur".

Müsahibim heç vaxt internetdə tanış olduğu bir qızla evlənməyəcəyini bildirir. Bunu isə inamın olmaması ilə əlaqələndirir. "Mənlə danışıbsa deməli başqasıyla da danışa bilər".

21 yaşlı Gülarə Mirzəyeva özü virtual sevgiyə inanmasa da bəzən istisnaların olduğunu deyir: "Mən özüm internetlə başlayan sevgilərə inanmıram. Ancaq nadir hallarda belə münasibətlər rəsmiləşir. Məsələn, mənim rəfiqəm çatda tanış olduğu oğlanla ailə qurdu. İndi çox xoşbəxtdir. Mənə isə çat yalnız dostlar qazandırıb".


Virtual həyata real həyatda uğursuzluğa düçar olanlar meyllidir


Regional Psixologiya Mərkəzinin psixoloqu Lalə Həmidovanın dediyinə görə, əsasən xarici görünüşündə qüsurları olan, özünə əmin olmayan, real həyatda alacağı cavabdan qorxan insanlar virtual tanışlığa meylli olurlar: "Belələrinin özünü qiymətləndirmə səviyyəsi aşağı olur. Ünsiyyət qurmaqda problemi olanlar, üzbəüz kontakta girə bilməyən, yəni kompleksli insanlar üçün çatda danışmaq daha rahatdır. Çünki özlərini belə daha sərbəst hiss edirlər".

Psixoloq deyir ki, əgər iki insan internetdə danışırsa və münasibətlərini real həyata daşımaq istəyirsə, mütləq özü haqqında real informasiya verməlidir: "Bəzən olur ki, bir-birinin üzünü görməyən insanlar uzun müddət internetdə danışır, bağlanırlar. Görüşdən sonra məlum olur ki, birinin digərinin xarici görünüşündən xoşu gəlmir. Bu halda qızlar daha çox sarsılır. Çünki qadınlar təbiətcə emosional olurlar. Kişilərsə məntiqlidir, onlar nə etdiklərini əvvəlcədən bilirlər. Ona görə də internet vasitəsilə danışan və münasibətlərini reallaşdırmağı düşünən insanlar əvvəlcədən ən azı bir-birinin şəklini görməlidirlər".

İnternet tanışlığından evli insanların da istifadə etdiklərini deyən müsahibim bunu evliliklərin monotonluğu ilə bağlayır: "Gənclər bəzən elə düşünürlər ki, evləndiksə hər şey qurtardı. Ailə həyatındakı problemlər və monotonluq da tərəfləri virtual ünsiyyətə, dərdini başqa insanlarla bölüşməyə vadar edir. Ona görə də evlilikdə daim fantaziyaları işə salmaq, yeniliklər etmək lazımdır".

İnternetlə tanış olub ailə quranların da kifayət qədər olduğunu deyən psixoloq bu halı müsbət qiymətləndirir. Deyir ki, internet vasitəsilə problemlərini bölüşüb mənən rahatlanan insanlar da var. Bununla belə o, həddən artıq internetə qapanmağı düzgün saymır: "İnternet insanları real həyatdan uzaqlaşdırır".

"Virtual tanışlıqların zərərli tərəfləri çoxdur"

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova hesab edir ki, bu cür tanışlıqların zərərli tərəfləri çoxdur: "Şəxsi tanımırsan, onum haqqında məlumatın yoxdur. Hər kəs özü haqqında nə istəsə, onu da yaza bilər. Belə məlumatlar şəxsin real psixoloji vəziyyəti haqqında göstərici ola bilməz. Ola bilər ki, kimsə manyakdır və ya pis vərdişlərə malikdir. Bu baxımdan virtual tanışlığa üstünlük verən insanlar diqqətli olmalıdır. Əks halda həyat qırıqlığına düçar ola bilərlər".

Zeynalova internetdə tanış olub ailə qurmaq istəyən gənclərin valideynlərini diqqətli olmağa çağırır: "Ailə xoşbəxtliyi ilk növbədə Allahın qismətidir. Bununla belə gənc virtual yolla tanış olub ailə qurmaq istəyirsə, mütləq həmin insan haqqında ətraflı məlumat toplamalıdır. Şəxsin intellektini, psixoloji vəziyyətini, ailəsini öyrənmək lazımdır. Bu məsələlərdə gənclər o qədər də dərinə getmir", - deyən Zeynalova bu məsələdə əsas işin valideynlərin üzərinə düşdüyünü bildirir. Dediyinə görə, valideynlər övladlarının ailə qurmaq istədiyi şəxs haqqında araşdırma aparmalıdır. "Biz onlara deyə bilmərik ki, internetlə əlaqələrini genişləndirməsinlər. Sadəcə, gənclər də bir az diqqətli olmalı və öz həyatlarına məsuliyyətlə yanaşmalıdırlar".

Şəfanə İBRAHİMOVA
Ekspress


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə