İnternetdə açıqlanan məlumatlarla bağlı yeni qaydalar hazırlanır

16-02-2017 / 14:36

Dünən Milli Məclisin İnsan hüquqları komitəsinin iclası  keçirilib.

Milli Məclisin mətbuat xidmətindən Xeberler.az-a  verilən məlumata görə, Milli Məclis sədrinin müavini, komitənin sədri Bahar Muradova iclasın gündəliyinə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinin daxil edildiyini bildirib.

B. Muradova deyib ki, hər iki sənəd prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olub:

“Bu dəyişikliklər informasiya sahəsində və telekommunikasiya  sistemində vəziyyəti  daha  yaxşı  tənzimləmək məqsədi daşıyır. Düzəlişlər internetdə mövcud olan qanunazidd fəaliyyətin aradan qaldırılmasına kömək edəcək”.

Milli Məclis aparatının Dövlət  quruculuğu  üzrə  qanunvericilik şöbəsinin müdiri Mirhəşim  Seyid “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliyin internet informasiya resurslarından təhlükəsizliyin təmin edilməsi məqsədi daşıdığını nəzərə çatdırıb. Bunun üçün  qanuna  yeni  fəsil, yeni maddələrin əlavə olunması təklif edilir.

Beləliklə, internet  informasiya  resurslarının yaradılması, uçotu, yayılması, bəzi informasiyaların yayılmasının qarşısının alınması və buradan irəli gələn digər münasibətlər tənzimlənəcək.

İclasda qeyd edilib ki, “Telekommunikasiya haqqında” qanunda təklif edilən  dəyişikliklər telekommunikasiya resurslarının  kibertəhlükəsizliyini təmin etmək, baş vermiş kiberhücumların mənbələrini müəyyən etmək, istifadəçilərə qarşı yönəlmiş elektron  təhlükələrin, gələcəkdə baş verəcək  kiberhücumların qarşısını almaq üçün ölkədə internet  xidməti  göstərən operatorların və provayderlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləmək məqsədi daşıyır.  

Millət vəkilləri Yevda  Abramov, Əflatun Amaşov, Tahir Kərimli, Astan Şahverdiyev, Elman Nəsirov, Hikmət  Məmmədov, Flora Qasımova, Fazil Mustafa, Sona Əliyeva çıxış  edərək  hər iki  sənədlə  bağlı fikirlərini  bildiriblər. İclasda  iştirak  edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə hər iki qanun layihəsinin ölkədə ümumilikdə informasiya cəmiyyətinin inkişaf etdirilməsinə töhfə verəcəyini vurğulayıb.

Komitə  üzvləri  qanun  layihələrini məqsədəuyğun hesab  ediblər. Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.