İnternetdə təhqirə görə cəza…

06-06-2013 / 13:51
Ələsgər Məmmədli: «Qanunun real tətbiqi sadəcə az domenilə bağlı olaraq meydana çıxa bilər»
Osman Gündüz: «Azərbaycanda informasiya texnologiyaları, internetlə bağlı məhkəmə çəkişmələri praktikası yoxdur»
Dövlət başçısı İlham Əliyev Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib. Qeyd edək ki, həmin dəyişikliklər internetdə böhtan və təhqirin də cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrində nəzərdə tutulan əməllərə görə, cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara görə də tətbiq olunacaq. Böhtana görə 100 manatdan 500 manatadək cərimə, 240 saatadək müddətə ictimai işlərə, 1 ilədək müddətə islah tşlərinə və 6 ayadək, ağır hallarda isə 2 ilədək islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur. Təhqirə görə isə 300-1000 manat arası cərimə, 240 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə tətbiq olunacaq. Beləliklə, bir sıra narazılıqlara baxmayaraq, internetdə böhtan və təhqirə görə qanun qüvvəyə mindi. Halbuki, beynəlxalq təşkilatlar Azərbaycanda «Diffamasiya haqqında» qanunun qəbulunda israr edirlər. Belə olan halda, görəsən, artıq qüvvəyə minən sözügedən qanunun tətbiqində hansı problemlər meydana çıxa bilər?
Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli qanunun tətbiqinin ümumən mümkün olmayacağı qənaətindədir: «Düşünürəm ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə edilən bu dəyişikliklərə baxmayaraq, normalda hüquqi prosedurlarda böyük bir dəyişim olmayacaq. Çünki bundan öncə də KİV deyəndə bura internet də daxil idi. Deməli KİV-də böhtan və təhqir deyəndə o internetə də aid idi. Azərbaycanda 2007-ci ildə məhkəmələr jurnalistə bu maddə ilə bağlı həbs cəzası da verib. Fikrimcə, burada problem qanunun internetdə necə tətbiq edilə bilməsilə əlaqədardır. İnternet virtual məkandır, onun konkret sərhədləri yoxdur. İnternetdə com domeni Amerikada yerləşir. Məsələn, bəzi qəzetlərimizin saytı com domenilə bağlıdır. Bu mənada sözügedən qanunun tətbiq olunması yer və məkan baxımından zaman-zaman problem yaradacaq. Azərbaycan Cinayət Məcəlləsində aydın şəkildə qeyd olunub ki, cinayət Azərbaycanda baş veribsə, o həmin ölkənin Cinayət Məcəlləsinin müddəalarına tabedir. Cinayət azərbaycanlılar tərəfindən başqa ölkələrdə işlədilir və o Azərbaycana gəlirsə, həmin ölkədə bununla bağlı cinayət məsuliyyəti varsa, bizdə də tətbiq olunur. Belədə som domenində olanlar böhtana yol verdikləri halda onlara münasibətdə həmin qanunun tətbiqi mümkünsüz olacaq. Belə olan halda qanunun qüvvəyə minməsinə baxmayaraq, prosesdə ciddi dəyişikliyin olmayacağını görə bilərik. Qanunun real tətbiqi sadəcə az domenilə bağlı olaraq meydana çıxa bilər. Amma bu domendə olanlar kifayət qədər məsuliyyətli yayımlarla məşğuldur. Düşünürəm ki, problem daha çox anonim saytlarda, yaxud da sosial şəbkələrdə olacaq. Facebook, ÜouToob konkret olaraq Amerikada olan sosial şəbəkələrdir və məkan baxımından beynəlxalq domenlərdir. Belədə bizim sözügedən qanunun onlara tətbiqində problem var».
Ekspert Osman Gündüz də sözügedən qanunun tətbiqində çoxsaylı problemlərin olacağını dedi: «İnternetin spesifik xüsusiyyətləri, anonimlik məsələsi, burada fəaliyyət göstərən şəxslərin fiziki olaraq müxtəlif məkanlarda yerləşməsi, internet resurslarının özünün də müxtəlif yerlərdə yerləşməsi böhtan və təhqiqə görə məhkəmə baxışı zamanı qanunun tətbiqi sahəsində müəyyən problemlər yaradacaq. Ən ciddi məsələ isə odur ki, Azərbaycanda informasiya texnologiyaları, internetlə bağlı məhkəmə çəkişmələri praktikası yoxdur. Azərbaycanda bu günə qədər bir dəfə internetlə bağlı məhkəmə olub. 2002-ci ildə keçmiş rabitə naziri internetə senzura tətbiq etmişdi. Ona əsasən internetə daxil olmaq istəyən telefon pulundan əlavə aylıq ödəniş də verməli idi. Ona görə nazirliyi məhkəməyə verdik və məhkəmə 2 ilədək çəkdi. Bu müddət ərzində məhkəmə prosesinə 26 hakim baxmışdı. Onlardan yalnız ikisi internetlə bağlı məhkəmə çəkişməsi aparmağa hazır idi, yerdə qalanlarının isə internetdən ümumiyyətlə, xəbəri yox idi. Ona görə də düşünürəm ki, bu məsələdə hakimlərin hazırlıq səviyyəsini yüksəltmək üçün müəyyən təlim və treninqlər də keçirilməlidir».(xalqcebhesi.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə